AZ EN RU

Yas mərasimlərində ehsan süfrəsinin açılması – israfçılıq, yoxsa zərurət?

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində özünə böyük yer tutan adətlərdən biri də yas məclisləridir. Yas mərasimləri xalqımızın birlik və bərabərlik hissinin, həmrəylik duyğusunun formalaşmasında böyük rol oynayıb. İnsanları bir-birinin dərdinə aşina, kədərinə, qəminə ortaq edən bu ayin uzun illərdir, mənəvi dəyərlərimizin bir parçası kimi qorunub saxlanılır. Hər bir mərasimin isə özünəməxsus qaydaları, adət-ənənələri vardır. Lakin mövzumuz el mərasimlərinin adət-ənənələri deyil, yas məclislərində ehsan süfrələrinin açılması ilə bağlıdır…

Bir neçə ay bundan əvvəl, daha dəqiq desək, ötən ilin yayında Şərur rayonunun Mahmudkəndində əhalinin, kənd ağsaqqallarının razılığına əsasən yas məclislərində ehsan süfrəsinin açılması qadağan edildi. Bu hadisədən bir neçə ay sonra Culfa rayonunun Camaldın kəndində də qeyd etdiyimiz qayda təkrar olundu. Yəqin ki, bu məsələdən çoxlarının xəbəri var. Bu, muxtar respublikamız başda olmaqla ölkəmizin bir sıra regionlarında, hətta paytaxt Bakıda belə maraqla qarşılandı, böyük əks-səda doğurdu. Bir qisim insan cəmiyyətin azgəlirli təbəqəsini nəzərə alaraq bu addımı təqdir etdi. Doğru bir qənaətə gəlindi ki, yas məclislərində ehsan süfrəsinin açılması tamamilə israfçılıqdır, izafi xərc tələb edir. Bunun düzgün yanaşma olmadığını dilə gətirənlər də tapıldı. Əsasən də, hüzr məclisinə təşrif buyuranları böyük qonaqpərvərliklə, necə deyərlər, “tox qarına” yola salmağı milli dəyərlərimizin bir parçası olduğunu bildirdi. Hətta yas məclislərinə sırf ehsan yemək üçün gedənlərin də ümumiləşdirilmiş obrazına istinad edənlər az olmadı… Bir sözlə, səslənən fikirlərdən aydın oldu ki, hər kəsin bu məsələ ilə bağlı deyəcək sözü var. Belə də ki, doğru sözə nə deyəsən axı. İnsanlar fikirlərində haqlıdırlar, fəqət hara qədər, yaxud da nə qədərində?

Bu barədə söhbət açılanda insanlardan tez-tez bu ifadəni eşidirəm: “Camaat imkan vermir ki, yas sahibi öz dərdini çəksin, kədəri ilə baş-başa qalsın”. Məncə, bizim diqqət etməli və fikir bildirməli olduğumuz məsələ bu yanaşmadadır. Necə deyərlər, bu cümlə mövzumuzun düyün nöqtəsidir. Çünki yaxınının yası düşmüş adamın yaşadığı hissləri, düşüncələri, qəlbindən keçirdiklərini dəfələrlə yaşamışıq. Yaşamasaq belə səni dünyaya bəxş edən atanı, ananı, sevdiyin bacı-qardaşını, ailə üzvlərini itirməyin verdiyi ağrı-acını hər birimiz təsəvvürümüzdə canlandıra bilirik. Biri də var ki, bizim təsəvvür etməkdə çətinlik çəkdiyimiz kədəri sən yaşayasan… Belə bir şəraitdə yas sahibinin filankəs ac qaldı, filankəsin ehsanı yaxşı olmadı, deyə düşünməsi, sabah dünyasını dəyişən insanın üçü günüdür, cümə axşamıdır, yaxud da qırxıncı günü və qara bayramıdır deyə fikir edib, bir dünya məsrəf dərdi çəkməsi insan üçün böyük sarsıntıdır.

Müasir psixologiyada yasla əlaqədar ruhi vəziyyətin beş dalğası göstərilir: Əvvəlcə şəxs yaxın insanının ölümünü qəbul etmək istəmir. Bu mərhələ inkar-təcrid adlanır. İkinci mərhələdə üsyan edir. Sonra hesablaşma dövrü başlayır. Mərhumla yaşananları xatırlayıb, ona dediyi hər acı sözün haqq-hesabını aparır. Təbii ki, bu mübarizə asan ötüşmür, yaşananlar depressiya ilə özünü göstərir. Nəhayət, sonda gerçəyi qəbul etməkdən başqa çarə qalmır. Bir də təsəvvür edin ki, bir insan bu mərhələləri təkbaşına keçir. Özü də bizim kimi emosional bir xalqın nümayəndəsi…

Sosial şəbəkələrdən ehsan mövzusu ilə bağlı oxuduğum bir şərh xüsusilə diqqətimi çəkdi. “Yaslarda ehsan vaxtı gəlib çatanda əməlli-başlı çaxnaşma düşür. Yas sahibi bir-bir masaları gəzir ki, görsün əziz-xələf qonaqlarına yeməyin yaxşı tərəfi düşüb, yoxsa yox. Hələ mollaların “Bala, təzyiqim, şəkərim var mənim. Ona görə düyü yeyə bilmirəm. Mənə ehsanın ətindən gətir. İmkan olsa qara tikəsindən…” deməsini eşitmək, bunu təsəvvür etmək belə insanda ikrah hissi oyadır. Dediyi kimi şəkəri, təzyiqi ola, bax o başqa məsələ. Axı bu molla qardaşların elə hamısı şəkərdən, təzyiqdən əziyyət çəkir bəyəm? Bunların hamısı mədə xəstəliyinə mübtəla olub?  

Yas məclislərində ehsan süfrəsinin açılması böyük tarixə malikdir. Lakin bu ayinin keçdiyi tarixi – inkişaf yoluna nəzər salanda müəyyən ritualların bir sıra səbəblərdən təhrif olunduğunu görürük. Bunu dini xurafatla əlaqələndirən də var, 70 illik sovet hakimiyyətinin təzyiqi ilə əlaqələndirən də. Ancaq bu məsələdə əsas müzakirə obyekti elə mövzumuzun predmetini təşkil edən ehsanla bağlıdır. Ümumiyyətlə, xalqımızın milli yaddaşında, ən əsası İslam dinində ehsan nə deməkdir? Bunu yalnız yeməklə, çayla, çörəklə məhdudlaşdırmaq olarmı? Və ən əsası yas məclislərində ehsan süfrəsinin açılması zərurətdir, yoxsa israfçılıq?

Suallarımıza ətraflı cavabı Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Hacı Sahib Məmmədov verir. Müsahibimiz ehsan sözünün etimologiyasına və mahiyyətinə nəzər salaraq deyir: Qurani-Kərim” ayələrində, eləcə də mötəbər hədislərdə ehsan etmək müqəddəs dinimiz İslamın ən gözəl, bəyənilmiş əməllərindən biri hesab edilir. Hər bir müsəlman və mömin şəxs imkan daxilində, möhtac olan insanlara ehsan edib, onları sevindirməli, bu əməl ilə Allahın razılığını qazanmalıdır. Ehsan sözü dinimizdə “həsənət” (mənası yaxşılıq edən, gözəllik bəxş edən) sözündən götürülmüşdür. Sözün etimologiyasına diqqət etdikdə də görürük ki, ehsan, əslində, özünə, yaxınlarına, ətrafındakılara fayda verməkdir. Hətta müqəddəs kitabımız “Qurani-Kərim”in “Bəqərə” surəsinin 195-ci ayəsində belə buyurulur: “Həqiqətən, Allah yaxşılıq (ehsan) edənləri sevir”. Ayədən də göründüyü kimi, ehsan sözü insanın etdiyi, edə bildiyi bütün yaxşılıqların təcəssümüdür. Lakin bu gün ölkəmizdə, eləcə də milli-mənəvi dəyərlərimizin qorunduğu muxtar respublikamızda ehsan dedikdə, insanlar çox zaman yas məclisləri zamanı təqdim edilən nemətləri nəzərdə tutur.

Hacı Sahib bölgələrimizdə ehsan süfrələri açılan zaman yol verilən israfçılığa, çəkilən izafi xərclərə münasibət bildirərək söyləyir ki, dinimizdə bəyənilməyən, günah hesab edilən əməllərdən biri də israfçılıqdır. Çünki israfçılığa yol vermək Allahın bəxş etdiyi nemətlərə naşükürlük etmək, onların dəyərini, qiymətini bilməməkdir. Bununla yanaşı, israfçılıq həm də insanın qəlbindəki təkəbbür hissinin göstəricisidir. Bu gün yas məclislərimizdə yol verilən israfçılığın başlıca səbəbi təkəbbürdən, fikrimizi daha dəqiq ifadə etsək, insanın özünü başqası ilə müqayisə etmək düşüncəsindən qaynaqlanır. Filankəs atasının yasında filan yeməyi ehsan etdi, filankəs doğmasına bahalı daşlardan məzar daşı qoydu. Bunların hamısı dinimizdə bəyənilməyən əməllərdir. Eləcə də ehsan süfrələrinə çəkilən izafi xərclər. Halbuki o nemətlərə xərclənən vəsaitlərlə yas saxlayan şəxs daha faydalı işlər görə bilər. Məsələn, bir tələbənin təhsil haqqını ödəyə bilər, ağır xəstəliyə düçar olan insanların müalicəsini gücü çatdığı qədər öz öhdəliyinə ala bilər... Əgər bütün bu saydıqlarımıza maddi vəsaiti çatmırsa, evində biş-düş etdiyi bir boşqab yeməkdən ətrafındakı fəqirlərə, yaxud da qonşuluğundakı ehtiyaclılara ehsan edə və bununla onların qəlbini sevindirə bilər. Çünki Allahın bizə buyurduğu ehsan əməli budur...

– Sahib müəllim, bilirsiniz ki, insanların illər boyu alışdığı əməldən, vərdişdən çəkinməyi çox çətin olur. Bəzən də mümkünsüz olur. Hesab edirəm ki, yas mərasimlərində ehsanın verilməsi ənənəsi də buna daxildir. Bu barədə sizin fikirləriniz nədir? Qısa müddətdə bunu tərk etmək olarmı?

– Bəli, insanlar qısa müddət ərzində müəyyən vərdişləri tərk edə bilmirlər. Alışdıqları əməllərin, əksinə, addım atılanda isə cəmiyyətdə böyük sensasiya yaranır, narazılıqlar baş qaldırır. Məlum ehsan süfrəsinin ləğvi xəbərində bunun bir daha şahidi olduq. Ancaq maarifləndirmə işləri nəticəsində insanların məsələnin əsl mahiyyətini dərk etdiyini, başa düşdüyünü də görürük. Və hesab edirəm ki, qısa müddət ərzində ehsan süfrələrinin maksimum dərəcədə sadələşdirilməsi öz həllini tapacaq. Bununla da yas sahibləri izafi xərclər çəkib, borcla ehsan vermək kimi “öhdəlikdən” azad olacaqlar. İnsanlar maariflənmə nəticəsində ehsanın nə olduğunu, bu ənənənin mahiyyətini dərk edəcəklər. Bu da yalnız onların öz razılığı, birgə qərarı ilə mümkün olmalıdır…

Hacı Sahiblə olan söhbətimizdə qısaca ehsanın mahiyyətinə nəzər saldıq və bu əməlin, əslində, nə məqsəd daşıdığını izah etdik. Ancaq bir şeyi xüsusilə diqqətə çatdıraq ki, xalqımızın yaşatdığı bu əməl də, əslində, humanistliyin, birlik və bərabərlik duyğusunun təcəssümüdür. Təsəvvür edin ki, xalqımızın milli-mənəvi dəyərlərində göz yaşı borcu dediyi bir anlayış da var. Bunun mahiyyəti nədən ibarətdir? Deməli, əgər kimsə, kiminsə yasına getdiyi halda qarşı tərəf onun yasında iştirak etmirsə, bu halda göz yaşı borcu yaranır. İlk baxışdan səmimiyyətin istismarı kimi görünsə də, əslində, bu anlayış insanın çətin günündə təsəlliyə nə qədər möhtac olduğunun göstəricisidir. Yoxsa göz yaşı da pul deyil ki, damcısının da dəyəri ola…

Yeri gəlmişkən bir faktı da qeyd edim ki, dünyanın bir sıra müsəlman ölkələrində yas məclislərinin keçirilməsi fərqli mahiyyət daşıyır. Qaydalar da tamam fərqlidir. Misal üçün Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra ətrafda yaşayan insanlar və qohumlar mərhumun ailəsinə düyü, yağ və digər zəruri ərzaqlar göndərirlər. Yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər də təyin edirlər. Hətta əksər yerlərdə hüzr sahibinə heç bir yemək qayğısına qala bilmədiyi üçün hazır yeməklər də göndərən olur. Qeyd edim ki, bu faktlar ölkəmizin bir sıra bölgələrində də var. Xüsusən də Qarabağ bölgəsində. Misal üçün kəlbəcərlilər bayramda kənd ağsaqqalları ilə yaslı evə gedər, əvvəlcə həmin evdə qazan asdırar, sonra isə başqa evlərdə bayram yeməyi hazırlanardı. Novruz bayramında isə kəndin bütün evləri gözləyərdilər ki, birinci olaraq yaslı evin həyətində ocaq qalansın. Bundan sonra bütün həyətlərdə Novruz tonqalı yandırardılar. Laçında isə mərhumun öldüyü gün ehsan verilər, qırxında, eləcə də ilində halva və kəsilmiş heyvanın əti evlərə, hətta qonşu kəndlərə də paylanardı. Hər yuxanın içərisinə 250-300 qram miqdarında halva bükülüb xurcuna yığılararaq ev-ev ehsan kimi verilərdi. Onu da deyim ki, yas məclislərində halvanın verilməsi çox vacibdir. Hətta bu təam barəsində belə bir ifadə də işlədilir: “Halva qovrularkən ətrafa yayılan xoş qoxu ruhları, özü isə diriləri doyurur”.

İnsanların müəyyən qaydaların, ayinlərin mahiyyətini başa düşmədən onu həyata keçirməsi nə qədər mənfi halların baş verməsinə səbəb olsa da, əsassız tənqidə yol vermək düzgün deyil. Çünki tarixən yas məclislərində ehsan süfrələrinin açılması və digər ayinlər yardımlaşma üzərində qurulub. Təsəvvür edin; xalqımız bu hadisələrə necə nəcib yanaşır. Bir faktı da deyim, əgər yas məclisi olan yerə bir nəfər gəlirsə, əvvəldən mərasimdə iştirak edən adamlar “fatihə” verib məclisdən ayrılır. Səbəb isə çox sadədir; yas sahibi iki dəfə ayağa qalxıb narahat olmasın, gələni qarşılayanda, gedəni də yola salsın. Məsələyə bu qədər həssas yanaşan xalqın ənənəsi, bir-iki nəfərin üzündən təhrif olunmamalıdır. Düzdür, mən də dəbdəbəli ehsan süfrəsinin açılmasının əleyhinəyəm. Ancaq dinimiz insana gücü çatmadığından artığını da yükləmir axı. Qısası, belə məsələlərdən bəhs edəndə onun mahiyyətini başa düşmək, tarixə nəzər salmaq lazımdır. Yoxsa ehsan sözünü yalnız bir boşqab düyü ilə məhdudlaşdırsaq, həqiqətdən uzaq qalacağıq... Bilmək lazımdır ki, nə dinimiz, mənəvi dəyərlərimiz, nə də xalqımız sizi buna məcbur etmir. Əgər maddiyyat ehsan etməyinizə mane olursa, üzülməyin, cibinizdə yoxdursa, ürəyinizdən verin…

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 13.02.2024 11:05