AZ EN RU

Yarımilin yekunları təqdim edilib

AMEA-nın Naxçıvan Bölməsində yarımilin yekunları təqdim olunub. Bu münasibətlə keçirilən hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.

Akademik diqqətə çatdırıb ki, cari ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin, həmçinin AMEA Rəyasət Heyətinin fərman, sərəncam və qərarlarından irəli gələn vəzifələri yerinə yetirib.

Ümumi olaraq bölmədə aparılan elmi-araşdırmaların nəticələrini ötən ilin müvafiq dövrü ilə müqayisə edən İsmayıl Hacıyev göstəricilərin ürəkaçan olduğunu bildirib. Akademik bölmədə tədqiqatla məşğul olan 36 elmi işçinin 171 elmi əsərinin çap olunmasını yüksək qiymətləndirib. Qeyd edib ki, hər tədqiqatçıya düşən əsər sayı 4.8-dir.

Bölmə sədri çıxışının davamında növbəti hesabatlarda diqqət yetirilməli bəzi məsələlərlə bağlı tapşırıq və tövsiyələr verib. Yeni işə götürülmüş gənc əməkdaşlarda tədqiqat aparmaq bacarıqlarının formalaşdırılması istiqamətində iş aparılmasının vacibliyini dilə gətirib.

Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabatı təqdim edib.

Orxan Bağırov bildirib ki, ötən altı ay ərzində Naxçıvan Bölməsində 3 elmi istiqamətdə, 3 problemi əhatə edən 3 mövzu üzrə 17 iş 36 mərhələdə yerinə yetirilib. Aparılan araşdırmalar 6 monoqrafiya, 4 kitab, 1 metodik vəsait, 99 elmi məqalə, 58 konfrans materialı, 3 tezis olmaqla 171 elmi əsərdə əksini tapıb. Əsərlərdən 45-i xaricdə, 96-sı beynəlxalq kodlu nüfüzlu elmi jurnallarda nəşr olunub. Məqalələrdən 12-si impakt faktorlu jurnalda dərc olunub, onlardan 4-ü Web of Science, 1-i Ulakbim elmmetrik bazalarına daxildir. Hesabat dövründə bölmə əməkdaşlarının əsərlərinə 345 istinad qeyd alınıb, “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin 1 nömrəsi işıq üzü görüb. Elmi əsərlərlə yanaşı bölmə əməkdaşlarının 125 qəzet məqaləsi dərc olunub.

Məruzəçi nəzərə çatdırıb ki, ötən 6 ay ərzində bölmənin 2 əməkdaşı doktorluq dissertasiyasını müdafiə etmiş, 1 əməkdaşın doktorluq dissertasiyanın seminarı keçirilərək müdafiəyə buraxılmış, 2 nəfərin doktorluq dissertasiyasının müzakirəsi keçirilmişdir. Bölmədə fəaliyyət göstərən Dissertasiya Şurasında “Arxeologiya” ixtisası üzrə 3 elmlər doktoru dissertasiyasının müdafiəsi keçirilmişdir. Əməkdaşlar bölmədə və digər müəssisələrdə üzv olduqları müdafiə şuralarında elmi-təşkilati fəaliyyətlərini davam etdirmiş, dissertasiya işlərinə opponentlik, yaxud elmi rəhbərlik etmişlər.

Akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlaqədar “Naxçıvan ədəbi mühiti” fundamental kitabı nəşrə hazırlanmış, “Taleyi və sənəti” seriyası üzrə “Hüseyn Razi: taleyi və sənəti” adlı növbəti kitab və “Görkəmli Azərbaycan şairi M.Füzuli” məqalələr toplusu, “Naxçıvanın dilçi alimləri” kitabı və “Naxçıvan etnoqrafiyası”nın II cildi çapa hazırlanmışdır.

İl ərzində bölmənin Elmi Kitabxanası¬na 1266 ədəd çap məh¬sulu daxil olmuş, elek¬tron kartoteka¬lara 463 ədəd qəzet və jur¬nal məqa¬lə¬lə¬rinin bib¬lio¬qrafik təsviri daxil edilmişdir. “Məhəmməd Füzuli – 530”;

“Məmməd Araz – 90”; “Molla Nəsirəddin” jurnalı və Naxçıvan” başlıqlı 3 yeni kartoteka yaradılmış, 6 virtual sərgi təşkil olunmuş, “Naxçıvan Muxtar Respublikası – 100 il” adlı daycest hazırlanmışdır.

Hesabat məruzəsi həmçinin beynəlxalq əməkdaşlıqların vəziyyəti, maddi-texniki bazanın artırılması, elm və təhsilin inteqrasiyası, keçirilən beynəlxalq və respublika səviyyəli tədbirlər, mükafat və təltiflər kimi məsələləri əhatə edib.

Məruzədən sonra çıxış edən AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev, Hacıfəxrəddin Səfərli, Tofiq Əliyev və filologiya elmləri doktoru Fərman Xəlilov hesabatı məqbul hesab edərək qəbul olunmasını təklif ediblər.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

Nəşr edilib : 02.07.2024 19:32