AZ EN RU

Yarım ilin yekunlarına həsr olunmuş kollegiya iclasları keçirilib

    2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr mövzusunda Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidmətində keçirilən iclası publik hüquqi şəxsin direktoru Bəxtiyar Məmmədov açıb. Bildirib ki, 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Dövlət Sığorta Xidməti publik hüquqi şəxsi qarşısında bir sıra mühüm vəzifələr qoyulub. 
    Qeyd olunub ki, Dövlət Sığorta Xidməti tərəfindən 2022-ci ilin birinci yarısında həyat və qeyri-həyat sığortası sinifləri üzrə 5-i icbari, 12-si könüllü olmaqla, 17 sinif üzrə aktiv sığorta yığımı həyata keçirilib, nəticədə, 2022-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının toplanması üzrə, ümumilikdə, 14 faiz, sığorta müqavilələrinin sayında isə 19 faiz artım olub, həyat sığortası sahəsində 10 faiz, qeyri-həyat sığortası üzrə isə  15 faiz artım müşahidə edilib. Növlər üzrə baxdıqda icbari sığortalarda 14 faiz , könüllü sığortalar üzrə isə 13 faiz artım qeydə alınıb.
    Vurğulanıb ki, xidmət tərəfindən aparılan sığorta fəaliyyəti üzrə sığorta haqlarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 6 faiz, könüllü sığortalar üzrə fiziki şəxslərə məxsus əmlakın sığortasında 0,43 faiz, fərdi qəza sığortasında 13 faiz, sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortasında 11 faiz, girov sığortasında 34 faiz, ipoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortasında 67 faiz, avtomobil nəqliyyatı vasitələrinin tam sığortasında 29 faiz, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında 77 faiz, kənd təsərrüfatı məhsullarının sığortasında 12 faiz, kənd təsərrüfatı heyvanlarının sığortasında 0,1 faiz artım olub. Ötən illə müqayisədə səyyar xidmətin əhatə dairəsində 32 faiz, sığorta müqavilələrinin sayında 43 faiz, sığorta haqlarında isə 73 faiz artım qeydə alınıb. Bununla belə xidmət yeniliklərə davam edərək yüklərin sığortası və könüllü tibbi sığorta adlı iki yeni sığorta növü yaratmışdır ki, bu sığorta növləri 2022-ci ilin ikinci yarısında əhalinin istifadəsinə veriləcəkdir.
    Həmçinin direktor aqrar sığorta sahəsini xüsusi vurğulayaraq bildirib ki, Ali Məclis Sədrinin Sərəncamına əsasən Aqrar Sığorta Fondunun yaradılması cari dövrdə güzəştli sığorta müqavilələrinin bağlanılmasına təkan verib. Kənd təsərrüfatı heyvanlarının, məhsullarının və bitkilərinin güzəştli şəkildə yazılması yerli əhalinin sığortaya olan marağını daha da artırıb. Belə ki, 2022-ci ilin 6 ayında heyvandarlıq üzrə 203, bitkiçilik üzrə 749 ədəd olmaqla cəmi 952 ədəd güzəştli şəkildə sığorta müqaviləsi bağlanılıb. Direktor diqqətə çatdırıb ki, bu sahə verilən tapşırığa əsasən daim diqqət mərkəzində saxlanılır, aqrar fəaliyyətin daha da böyüdülməsi və inkişaf etdirilməsi yolunda işlər ardıcıl şəkildə davam etdirilir. Vurğulanıb ki, fondun yaradılması və müqavilələrin güzəştli şəkildə bağlanılması sığortaya olan yüksək dəstək və qayğının bariz nümunəsidir.
    Sonra məruzə ətrafında çıxışlar olub.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində keçirilən iclası giriş sözü ilə xidmətin rəisi Vəli Novruzov açaraq bildirib ki, Dövlət Baytarlıq Xidməti 2022-ci ilin birinci yarısını uğurla başa vurub. Belə ki, 17 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə tədbirlər davam etdirilib, baytarlıq sahəsində həyata keçirilən quruculuq işlərinin davamı olaraq Kəngərli Rayon Baytarlıq Şöbəsinin yeni binası tikilərək istifadəyə verilib, Culfa Rayon Baytarlıq Şöbəsi üçün isə inzibati binanın tikintisinə başlanılıb və hazırda davam etdirilir, bunlardan əlavə Şərur rayonunun Çərçiboğan kənd mərkəzində sahə baytar məntəqəsi üçün yeni otaq istifadəyə verilib.
    Qeyd olunub ki, Dövlət Baytarlıq Xidmətində keçirilən müşavirədə Ali Məclisin Sədri baytarlıq təbabətinin inkişafı istiqamətində qarşıya mühüm vəzifələr qoyub, yeni alınmış Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyi üçün bir ədəd “Çanqan” markalı uyğunlaşdırılmış səyyar aptek avtomobili, iki ədəd “DUK” dezinfeksiya və iki ədəd “Niva” markalı avtomobilin, eyni zamanda laboratoriya avadanlıqlarının təqdimatı həyata keçirilib, aidiyyəti üzrə tapşırıqlar verilib. 20 iyun 2022-ci il tarixdən 2 iyul 2022-ci il tarixədək təcrübəli mütəxəssislər tərəfindən rayon baytarlıq laboratoriyalarının əməkdaşları üçün 10 günlük metodik və praktik təlim keçirilib. Daim diqqət mərkəzində saxlanılan kənd təsərrüfatının əsas sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsi məqsədilə cari ilin altı ayı ərzində bank və kredit təşkilatları tərəfindən 7 milyon 9 min 600 manat kredit verilib. Cari ilin altı ayı ərzində profilaktik məqsədlə epizootik tədbirlər davam etdirilib, heyvanlarda və quşlarda xəstəliklərə qarşı peyvəndləmə, obyektlərdə isə profilaktik məqsədlə dezinfeksiya tədbirləri həyata keçirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və onun tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərindən ibarət nümayəndə heyəti 23-29 yanvar tarixlərdə Naxçıvan Muxtar Respublikasında olub, Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ilə birlikdə epizootoloji monitorinqlərin aparılması üçün muxtar respublikanın 54 kəndi, may ayında isə 31 kəndi əhatə edilməklə təsadüfi seçim üsulu ilə müəyyən olunmuş fermer və ailə təsərrüfatlarında bəslənilən xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək seroloji və kliniki monitorinqlər həyata keçirilib, təhlil nəticəsində xırdabuynuzlu heyvanların taunu xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan xırdabuynuzlu heyvana rast gəlinməyibdir. 
    Sonda məruzə ətrafında çıxışlar dinlənilib. 

***

    Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyində keçirilən iclası giriş sözü ilə direktor Vüqar Babayev açaraq bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə zamanı Ali Məclis Sədrinin irəli sürdüyü mühüm vəzifə və tapşırıqların icrasına çalışıb. Belə ki, hesabat dövründə dini təyinatlı ədəbiyyatların, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının muxtar respublika ərazisində yayılmasına nəzarətin həyata keçirilməsi diqqətdə saxlanılıb. Belə ki, ekspert rəyi verilməsi üçün müvafiq orqanlardan agentliyə 506 adda 2041 ədəd dini material daxil olub, aparılan araşdırma nəticəsində dövlətçiliyimizə zidd, məzhəb ayrı-seçkiliyi salan və ifrat məzhəbçilik prinsipini təbliğ edən 243 adda 355 ədəd dini materialın muxtar respublika ərazisində yayılmasının qarşısı alınıb. 
    Vurğulanıb ki, agentlik Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura ilə birlikdə dinin düzgün təbliğinə xüsusi diqqət yetirilməsi, din xadimlərinin biliklərinin artırılması, həmçinin dini təhsil almağa meyilli olan sakinlər üçün Naxçıvan şəhər Sarvanlar, Şərur, Şahbuz rayon və şəhər məscidlərində qadın və kişilərdən ibarət müvafiq təkmilləşdirmə kursları təşkil edilib. Yarım il ərzində 73 nəfər təkmilləşdirmə kurslarında iştirak edib və hazırda 84 nəfərin kurslarda təlimi davam etdirilir. 
    Diqqətə çatdırılıb ki, xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərin təşkili ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilib. Belə ki, zəvvar qruplarının təşkili müvafiq olaraq nəzarətdə saxlanılıb, 1 yanvar 2022-ci il tarixindən bu günədək Naxçıvan Muxtar Respublikasından 319 nəfər xarici ölkələrdə yerləşən ziyarətgahlara səfər edib. Bunlardan 189 nəfəri İran İslam Respublikasının Məşhəd, 130 nəfəri isə Kərbəla ziyarətində olub. Bununla yanaşı, cari ildə dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, eləcə də icmaların fəaliyyətlərinə ciddi nəzarətin təşkil olunması məqsədilə hər ay Naxçıvan şəhər Sarvanlar məscidində 15 icma rəhbərinin iştirakı ilə iclaslar təşkil edilib. Qeyd olunub ki, Ali Məclis Sədrinin diqqət və qayğısı ilə mart ayında Babək, Ordubad, Culfa və Kəngərli rayon dini icmalarına avtomobillər, iyun ayında isə Şahbuz və Sədərək dini icmalarına cənazə avtomobilləri, din xadimlərinə isə dövlət vəsaiti hesabına alınan yay geyimləri təqdim edilib.
    Sonra məruzə ətrafında çıxışlar olub.

***

    Yarım ilin yekunları və qarşıda duran vəzifələrlə əlaqədar “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncaqda cəmiyyətin direktoru Mahir Əliyev məruzə ilə çıxış edib. Bildirib ki, 2022-ci ilin 6 ayı ərzində Culfa Lokomotiv Deposunda lokomotivlər 112 min 874 kilometr yürüş edib, 13 milyon 991 min ton/kilometr brutto yük daşınıb. Hesabat dövründə 267 vaqon 15 min 783 ton yük daşınıb. Daşınmış yüklərin 231 vaqon 13 min 860 tonu “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin, 24 vaqon 1440 tonu Naxçıvan Mənzil İstismar Xidmətinin, 10 vaqon 465 tonu “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, 2 vaqon 18 tonu isə bir nəfər fiziki şəxsin ünvanlarına olub. 2022-ci ilin 6 ayı ərzində yük-sərnişin qatarları vasitəsilə 35 min 606 nəfər sərnişin daşınaraq cəmiyyətin hesabına 16 min 49 manat vəsait daxil olub. Həmin dövrdə 13 min 671 kiloqram poçt-baqaj və 5 min 120 kiloqram yük-baqaj yükü daşınaraq 507,83 manat vəsait daxil olub.
    Qeyd edilib ki, hesabat dövründə dəmir yolunun ayrı-ayrı sahələrində sağlamlaşdırma işləri aparılaraq qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib, lokomotivlər texniki baxışdan keçirilib, cari təmir işləri görülüb. Bakı şəhərindən sərnişin vaqonları üçün 250 ədəd, elektrovozlar üçün isə 100 ədəd əyləc qəlibi alınıb, 540 kiloqram sürtkü yağı tədarük edilib. Əlavə olaraq Bakı şəhərinə göndərilmiş 6 elektrovoz və 2 manevr teplovozu üçün təkər cütləri təmir olunaraq geri qaytarılıb. Defektoskop briqadası tərəfindən 480 kilometr baş yol, 63 kilometr qəbul-göndərmə yolu, 154 dəst yoldəyişən qurğu və 21460 ədəd qaynaq calağı yoxlanılıb. Xidməti ərazidə 6012 poqonmetr yolda ballast prizmasının çiyinləri bərpa edilib və 700 poqonmetr yolda qaldırma işləri aparılıb. Ordubad-Vəlidağ sahəsindəki baş və stansiya yollarında, eləcə də yoldəyişən qurğularda cari təmir işləri aparılaraq 1198 yararsız ağac şpal təzə ağac şpallarla, 36 yararsız ağac şpal isə yarımyararlı ağac şpallarla əvəz olunub. 
    Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında əldə edilmiş uğurlar bundan sonra da davam etdirilməlidir. Belə ki, istismarda olan lokomotivlərin və vaqonların fasiləsiz işinin təmin olunması məqsədilə aparılan təmirlərin keyfiyyətinə nəzarət daha da artırılmalı, vaqonların yükvurma və yükboşaltma yerlərinə verilib götürülməsini, qatarların tərtibatını və manevr işlərinin maneəsiz aparılmasını təmin etmək üçün bütün zəruri tədbirlər görülməlidir. Payız-qış mövsümündə sərnişin vaqonlarının və aralıq stansiyalardakı növbətçi otaqların qızdırılması üçün daş kömür ehtiyatı yaradılmalıdır. Xidməti ərazidəki bütün yollara, yoldəyişən və süni qurğulara, keçidlərə, yol yatağına komisyon baxış keçirilərək nöqsanlar təcili aradan qaldırılmalıdır. Bütün İMB və rabitə avadanlıqlarında, eləcə də kabel təsərrüfatında nəzərdə tutulmuş təmir işləri vaxtında başa çatdırılmalıdır. Təmas şəbəkəsi xəttinin, eləcə də yüksək və alçaqgərginlikli elektrikötürücü hava xətlərinin qəzasız işlərinin təmin olunması məqsədilə bütün zədəli elementlər dəyişdirilməli, dartı yarımstansiyalarındakı kommutasiya aparatlarının etibarlı işinin təmin olunması məqsədilə onların rele mühafizəsi və mexaniki sazlığı yoxlanılmalıdır. Culfa bərpa qatarındakı texnikaların sazlığı daim diqqətdə saxlanılmaldır. Maşın-mexanizmlər və texnikalar üçün tələb olunan hissələrin, yağ və sürtkü materiallarının ehtiyatı yaradılmalıdır.
    Sonra məruzə ətrafında çıxışlar olub.

***

    Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 2022-ci ilin birinci yarım ilində görülən işlər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrlə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə ittifaqın sədri Anar İbrahimov açıb. Bildirilib ki, ötən dövr ərzində şuraya toplanılan üzvlük haqlarına nəzarət gücləndirilib, daxil olan ərizə və şikayətlərə vaxtında və qanunun tələbləri əsasında baxılıb, bir çox təşkilatlarda müddəti başa çatmış Kollektiv Müqavilələr yenilənib, ittifaq üzvlərinin sağlamlığı diqqət mərkəzində saxlanılıb, onlar kurort və sanatoriya yollayışları ilə təmin olunub, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tövsiyə xarakterli məktublarının icrası nəzarətə götürülüb, şuranın sədri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin onlayn formatda keçirdiyi iclaslarında iştirak edib. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının  fəaliyyətində bir sıra müsbət dəyişikliklər yaranıb, muxtar respublikada yeni yaranmış istehsal və xidmət sahələrinin hesabına İlk Həmkarlar İttifaqı təşkilatlarının sayı artıb. Şura hazırda 763 İlk Həmkarlar İttifaqı təşkilatlarını, 9 Birləşmiş Həmkarlar İttifaqı komitələrini, 6 muxtar respublika komitəsini özündə birləşdirir. İttifaq üzvlərinin sayı isə 46134 nəfərdir.


    Diqqətə çatdırılıb ki, nazirlik, komitə və təşkilatların, dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzində istirahətləri də diqqət mərkəzində saxlanılıb, xüsusi qayğıya ehtiyacı olan  ailələrin uşaqları, o cümlədən  şəhid, qazi, hər iki valideynini itirmiş və valideyn  himayəsindən  məhrum  olmuş, tək valideynli 50 uşaq üçün  “Yay məktəbi”, 25-27 iyul 2022-ci il tarixlərdə 6 təlimçi və 48 şagird üçün 3 günlük “STEAM Yay məktəbi”, şəhid və qazi övladlarından, həmçinin xüsusi istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 53 nəfərin iştirakı ilə “Zəfər düşərgəsi” təşkil edilib.
       Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ötən il olduğu kimi, bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2021-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında keçirdiyi müsabiqədə fəal iştirak edib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası İcraiyyə Komitəsi tərəfindən yaradılan müsabiqə komissiya üzvlərinin, ümumilikdə, 7 sahə həmkarlar ittifaqı orqanlarından şuraya daxil olan 19 gənc işçidən seçildiyi, daha çox uğurlara imza atan ittifaq üzvümüz olan 3 gənc Azərbaycan Həmkar­lar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 4 mart 2022-ci il tarixli Qərarı ilə 2021-ci ilin “Peşəkar gənci” fəxri adına layiq  görülüb.
    Naxçıvan Muxtar Respublikası Həmkar­lar İttifaqları Şurasının sədr müavini Xatirə İbrahimli çıxış edərək ötən yarım il ərzində qazanılan nailiyyətlərdən və şuranın gələcəkdə qarşıya qoyduğu məqsədlərdən        danışıb. 
    Daha sonra 2021-ci il üzrə AHİK İcraiyyə Komitəsinin 4 mart 2022-ci il tarixli Qərarına əsasən muxtar respublikamızın ictimai həyatında, media sahəsində, bu və ya digər istiqamətlərdə fəallıq göstərən üç nəfər – Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin şöbə müdirinin müavini Miryunis Seyidov, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun, Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri Surə Rəhimova, “Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müxbiri Güntac Şahməmmədli Fəxri fərman, döş nişanı və pul mükafatı ilə təltif olunublar.
    “Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müxbiri Güntac Şahməmmədli çıxış edərək bildirib ki, bu gün muxtar diyarımızın hər bir sahəsində qeydə alınan inkişaf gənclərin bütün istiqamətlərdə önə çəkilməsinə, Vətənə, dövlətçiliyə sədaqət ruhunda formalaşmasına geniş imkanlar açıb. Bu gün ölkəmizdə milli maraqlara xidmət edən, sağlamdüşüncəli, vətənpərvər ruhlu gənc nəsil formalaşıb. Güntac Şahməmmədli mükafatlandırılan gənclər adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. 
    Sonra məruzə ətrafında çıxışlar olub. 

***

    2022-ci ilin ilk yarım ili ərzində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda da iclas keçirilib. İclası giriş sözü ilə fondun icraçı direktoru Cəbi Quliyev açaraq bildirib ki, 6 ay ərzində Ağbulaq İstirahət Mərkəzində 2 mərhələdə yay, 2 mərhələdə qış məktəbləri həyata keçirilib. Keçirilən düşərgələrdə 160 nəfər gəncin iştirakı təmin olunub. Bundan əlavə, gənclər üçün aid qurumlarla birgə Yeni Azərbaycan Partiyasının gənc fəalları üçün “Qış liderlik məktəbi” təşkil edilib. 3 gün ərzində reallaşan “Qış liderlik məktəbi”ndə partiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən 34 gənc üzvü iştirak edib. 
    Qeyd olunub ki, hesabat dövrü ərzində könüllülərlə işləyən məsul şəxslərin inkişafı da diqqətdə saxlanılıb. Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə əməkdaşlıq sayəsində Naxçıvanda “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı” həyata keçirilib. Muxtar respublikada könüllülük fəaliyyəti həyata keçirən qurumların könüllülər üzrə məsul şəxslərinin cəlb olunduğu proqramda 20 nəfər iştirak edib. 
    Diqqətə çatdırılıb ki, yarım il ərzində uğurla baş tutan tədbirlərdən biri də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Gənclər Fondunun təşkilatçılığı, “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin sponsorluğu ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən “Naxçıvan marafonu – 2022” olub. 2000 gəncin qatıldığı marafonda kişi və qadın kateqoriyaları üzrə birinci-onuncu yerlərin qaliblərinə pul mükafatı, diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.  Qeyd edək ki, “Naxçıvan marafonu – 2022”yə yüzlərlə könüllü gənc dəstək göstərib. 
    Vurğulanıb ki, gənclər üçün yararlı tədbirlərdən biri də Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu proqramları üzrə Azərbaycanda Məlumat Mərkəzi tərəfindən Gənclər Mərkəzində gənclərlə görüşün keçirilməsi olub. Görüş zamanı gənclər üçün xaricdə təlim, seminar, gənclər dəyişim proqramı və xaricdə könüllülük proqramları ilə bağlı məlumat sessiyası təşkil edilib. Görüşdə 50-dən artıq gəncin iştirakı təmin olunub.
    Bildirilib ki, yarım il ərzində şəhid ailələrinin ziyarət olunması da diqqətdə saxlanılıb. Belə ki, könüllü gənclərin iştirakı ilə muxtar respublikanın bir sıra bölgələrində 21 şəhid ailəsi ziyarət edilib. İkinci Qarabağ müharibəsi qaziləri ilə gənclərin görüşləri də mütəmadi təşkil olunub. Təşkil edilən görüşlərdə, ümumilikdə, 50-dən çox gənc 10 qazi ilə görüşüb, onların döyüş təəssüratlarını dinləyiblər.
    İcraçı direktor qeyd edib ki, 2022-ci ilin birinci yarım ili ərzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən, ümumilikdə, 108 layihə və tədbir həyata keçirilib, bu tədbirlərdə, ümumilikdə, 7661 gənc iştirak edib. 
    Sonra məruzə ətrafında çıxışlar olub.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində keçirilən yığıncağı giriş sözü ilə idarənin rəisi Mehman Məmmədov açaraq qeyd edib ki, 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə komplektləşdirmə mənbəyi olan 27 təşkilatdan və Ordubad, Culfa, Babək rayon dövlət arxivlərindən 17961 saxlama vahidi, rayon dövlət arxivlərinə 788 saxlama vahidi sənəd qəbul edilib. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə və rayon dövlət arxivlərinə, ümumilikdə, 18749 saxlama vahidi sənəd qəbul edilib. İyun ayında Naxçıvan Dövlət Tarix Muzeyi tərəfindən daimi mühafizə üçün dövlət arxivinə təhvil verilmiş 7813 adda eksponatın içərisində olan sənədlərin, fotoşəkillərin və digər materialların seçilərək “Dövlət arxivlərinin əsas iş qaydaları”na uyğun siyahılarının hazırlanması işləri hazırda davam etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində 6, rayon dövlət arxivlərində 4 yeni fond işi yaradılıb. 
    Vurğulanıb ki, 2022-ci ilin birinci yarısında Dövlət Arxivinə yeni qəbul olunan 17961 saxlama vahidinin siyahılarının elektron kataloqunun hazırlanması işləri icra edilib. Dövlət Arxivində mövcud olan skan aparatlarından istifadə etməklə 1, 2 və 18 nömrəli fondlara aid 256 saxlama vahidindən ibarət 10073 vərəq serverə köçürülərək elektronlaşdırılıb. Həmçinin tərtib edilmiş tematik kartlardan 689-da təsvir edilmiş məlumatlar kompüterə köçürülüb. Rayon dövlət arxivlərində 2022-ci ilin birinci yarısında, ümumilikdə, 10250 saxlama vahidinin siyahılarının elektron kataloqu hazırlanıb. Ordubad Rayon Dövlət Arxivində fond siyahılarının elektron kataloqunun hazırlanması işləri iyun ayında başa çatdırılıb, hazırda 4 rayon dövlət arxivində bu işlər davam etdirilir.
    Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 27.07.2022 20:43