AZ EN RU

Yarım ilin yekunlarına həsr olunmuş iclaslar keçirilib

     Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində cari ilin ilk yarım ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbiri giriş sözü ilə xidmət rəisi Namiq Paşayev açıb. Bildirmişdir ki, 2022-ci ilin birinci yarısında elektrik stansiyalarında, rayon (şəhər) elektrik şəbəkələrində elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması qurğularında cari təmir işləri aparılmış, yeni elektrik xətləri çəkilmişdir. Bununla yanaşı, yüksək və aşağıgərginlikli elektrik şəbəkələrində elektrik enerjisinin  ötürülməsində texniki  itkilərin  azaldılması və etibarlılığının artırılması məqsədilə yeni texnoloji avadanlıqlar alınmış, istismar müddəti keçmiş qurğu və avadanlıqlar, eyni zamanda 110, 35, 10 kilovoltluq və aşağıgərginlikli elektrik verilişi xətlərində yararsız hala düşmüş məftillər və izolyatorlar yenisi ilə əvəz edilmiş, yanğına qarşı mühafizə tədbirləri gücləndirilmişdir.
    Məlumat verilmişdir ki, 6 ay ərzində muxtar respublikanın elektrik stansiyalarında cəmi 210902,8 min kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. 2022-ci ilin birinci yarısında muxtar respublikanın elektrik şəbəkələrinə 223 677 271 kilovat-saat  elektrik enerjisi daxil olmuşdur, bunun 15 584 000 kilovat-saatı İran İslam Respublikasından alınmış, 26 285 200  kilovat-saatı Araz Su Elektrik Stansiyasında, 19 349 000 kilovat-saatı Biləv Su Elektrik Stansiyasında, 13 556 300 kilovat-saatı Arpaçay-1 Su Elektrik Stansiyasında, 376 300  kilovat-saatı Arpaçay-2 Su Elektrik Stansiyasında, 2 271 700 kilovat-saatı Heydər Əliyev Su Anbarı üzərindəki Su Elektrik Stansiyasında, 117 977 000 kilovat-saatı Naxçıvan Modul Elektrik Stansiyasında, 129 511 kilovat-saatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında, 28 148 260 kilovat-saatı Naxçıvan Günəş Elektrik Stansiyasında istehsal edilib elektrik şəbəkələrinə ötürülmüşdür. 2022-ci  ilin birinci yarısında İran İslam Respublikasına 15 714 000 kilovat-saat elektrik enerjisi verilmişdir. 2022-ci ilin birinci yarısında elektrik stansiyalarında 208 093 271 kilovat-saat elektrik enerjisi istehsal edilib sistemə ötürülmüşdür. Naxçıvan Muxtar Respublikası üzrə quraşdırılan bütün növ elektrik sayğaclarının sayı 1 iyul 2022-ci il tarixə 97 989 ədəd olmuşdur.
    Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində enerji istehsalı prosesləri, yeni texnologiyaların tətbiqi, alternativ və bərpa olunan enerji sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi, praktik biliklərin artırılması üçün cari ilin may ayında Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi ixtisasının müəllim və tələbələri, Dövlət Energetika Xidmətinin mühəndislərindən ibarət 10 nəfərlik heyət İtaliya Respublikasında istehsalat təcrübəsində olmuşlar. Bununla belə, İsveçrənin “Pure Energy Development Sarl” şirkətinin dəvəti əsasında baş tutan səfər çərçivəsində muxtar respublikanı təmsil edən heyət İtaliyanın günəş invertorları üzrə ixtisaslaşmış FIMER şirkətinin təlim mərkəzində olmuşdur.
    İclas məruzə ətrafında çıxışlarla davam edib. 

***

    2022-ci ilin birinci yarımilinin yekunları və qarşıda duran vəzifələrə dair Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində keçirilən kollegiya iclasını idarənin sədri Elçin Əliyev açaraq məruzə ilə çıxış edib. Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən banklar və digər kredit təşkilatları tərəfindən 1 iyul 2022-ci il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 290  milyon 510 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 14 milyon 567 min manat, uzunmüddətli kredit qoyuluşu isə 275 milyon 943 min manat təşkil edib. Həmçinin bank sektoru tərəfindən  141 milyon  222 min manat kredit verilib ki, bunun da 12 milyon 145 min manatını qısamüddətli, 129 milyon 77 min manatını isə uzunmüddətli kreditlər olub. Verilmiş kreditlərin 8 milyon 861 min manatı kənd təsərrüfatı, 8 milyon 501 min manatı sənaye, 7 milyon 20 min manatı kommersiya, 4 milyon 767 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinin, 112 milyon 73 min manatı isə digər kommunal, sosial və istehlak kreditlərinin payına düşüb. Hesabat dövründə muxtar respublika üzrə, ümumilikdə 107 nəfərə 4 milyon 768 min manat ipoteka krediti verilib ki, bundan 29-u güzəştli, 78-i isə digər şərtlərlə olub. 2022-ci ilin yanvar-iyun ayları ərzində banklara 108 milyon 817 min manat kredit borcu qaytarılıb, 107-si hüquqi, 26 min 600-ü fiziki şəxs olmaqla 26 min 707 müştəriyə yeni bank hesabı açılıb.
    Qeyd olunub ki, hesabat dövründə aparılan nağdsız ödənişlərin 23 milyon 48 min manatı POS-terminallar vasitəsilə, 63 milyon 158 min manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib. Hazırda muxtar respublika üzrə 909-u təmassız olmaqla 1590 POS-terminal, 8-i cash-in, 6-sı valyutadəyişmə funksiyalı olmaqla 118 bankomat və 57-si MilliÖn terminalı olmaqla 154 ödəniş terminalı fəaliyyət göstərir. 1 iyul 2022-ci il tarixə muxtar respublikada mövcud ödəniş kartlarının sayı isə 292 min 689 ədəd təşkil edib. 
    Vurğulanıb ki, ötən dövr ərzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyət təmin edilib, Naxçıvan Dövlət Texniki Kollecinin “Bank işi” ixtisasının hamiliyə verilməsi ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun fəaliyyətlər icra edilib, Mərkəzi Bankda və muxtar respublikada fəaliyyət göstərən digər banklarda təcrübə keçən tələbələrlə görüş keçirilib. 
    Tədbirdə bankların ilin birinci yarısının nəticələri haqqında slaydlar nümayiş etdirilib, çıxışlar dinlənilib.  

***

    Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində keçirilən iclası giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq 2022-ci ilin ötən dövrü ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.
    Vurğulanmışdır ki, 2022-ci ilin birinci yarım ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilmişdir.
    Bəhs olunan dövrdə Naxçıvan Muxtar Respublikasının turizm potensialının beynəlxalq aləmdə tanıdılması məqsədilə İsrail Respublikasının Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində, Qazaxıstanın Almatı şəhərində keçirilən “KİTF 2022-Qazaxıstan Beynəlxalq Turizm Sərgisi”ndə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ən böyük və nüfuzlu beynəlxalq sərgilərdən biri hesab edilən Arabian Travel Market 2022 (ATM) beynəlxalq turizm sərgilərində Turizm Departamentinin əməkdaşları iştirak etmişdir. 30 mart 2022-ci il tarixdə İsrailin Təl-Əviv şəhərində Azərbaycanın turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı olmuş və “Turizm sahəsində əməkdaşlıq haqqında” saziş imzalanmışdır. 28 iyun 2022-ci il tarixdə Bakı Konqress Mərkəzində keçirilən İslam Əməkdaşlığı Təşkilatının Turizm nazirlərinin 11-ci konfransında iştirak edilmiş, muxtar respublikanın turizm potensialı videoçarxlar vasitəsilə tədbir iştirakçılarına nümayiş olunmuşdur.
    Bildirilmişdir ki, 22-24 iyun 2022-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Turizm Agent­liyi, Azərbaycan Turizm Bürosu əməkdaşlarının, Türkiyə, İran və Azərbaycanı təmsil edən turizm şirkətlərinin, media nümayəndələrinin və assosiasiyaların iştirakı ilə Naxçıvan Muxtar Respublikasına “Nuh diyarı-Naxçıvan” adlı infotur təşkil olunmuşdur. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin təşəbbüsü ilə muxtar respublikada quş müşahidəçiliyi ilə əlaqədar məlumat və fotolar Azərbaycan Turizm Bürosunun dəstəyi ilə məşhur www.birdingplaces.eu saytına, Duzdağ turizm məhsulunun inkişaf etdirilməsi məqsədilə Duzdağ Fizioterapiya Mərkəzi haqqında məlumatlar “Wego” platformasına yerləşdirilmişdir.  “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı və dəstəyi ilə “AirGame Paragliding” Məhdud Məsuliyyətli Cəmiyyətinin təcrübəli paraşütçülərinin muxtar respublikaya səfərləri təşkil edilmişdir. Muxtar respublikada ilk dəfə olmaqla “Ağbulaq” İstirahət Mərkəzində və Əlincəqalanın zirvəsindən yamac paraşütünün test uçuşları uğurla həyata keçirilmişdir. 
    Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 25.07.2022 18:20