AZ EN RU

Yarım ilin yekunlarına həsr olunmuş iclas keçirilib-Foto

“Şərq qapısı” qəzetində 2022-ci ilin ilk 6 ayı ərzində görülən işlərlə bağlı iclas keçirilib.

Qəzetin kollektivinin, bir sıra rayon qəzeti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə “Şərq qapısı” qəzetinin redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova açaraq qeyd edib ki,  ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyi dövlət səviyyəsində silsilə tədbirlərlə qeyd edilib. Qəzetin və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşlarının fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 dekabr tarixdə imzaladığı Sərəncamına əsasən “Şərq qapısı” qəzeti işçilərinin əməkhaqlarının orta hesabla 20 faiz artırılması redaksiya əməkdaşlarının sonrakı uğurlu fəaliyyəti, yaradıcılıq məhsuldarlığı, qəzetin daha peçəkar səviyyədə və oxunaqlı nəşri üçün stimul olub.

 Diqqətə çatdırılıb ki, 2022-ci ilin 6 ayı ərzində “Şərq qapısı” qəzetinin 121 nömrəsi işıq üzü görüb. Cari ilin ilk yarm ilində də muxtar respublikanın sosial-iqtisadi inkişafının, aparılan quruculuq və abadlıq işlərinin, humanitar siyasətin işıqlandırılması diqqətdə saxlanılıb. Bəhs olunan dövrdə Dövlət sərəncamlarının icrası ilə əlaqədar 70-dən artıq, Dövlət proqramlarının icrası ilə əlaqəgar 360-dan artıq material dərc olunub. 2022-ci ilin ölkəmizdə “Şuşa ili”, muxtar respublikamızda “Sənaye ili” elan olunması ilə bağlı bədii-publisistik, analitik təhlili yazıların, postpandemiya dövründə muxtar respublikada keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin operativ işıqlandırılması, gələn xarici qonaqlar, turistlər ilə müsahibələrin dərc olunması istiqamətində operativlik nümayiş etdirilib. Bununla yanaşı Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, Van Yüzüncü il Universitetinin rektoru, professor Həmdullah Şevli, dünyada tanınan azərbaycanlı ixtiraçı-alim, Azərbaycan diasporunun sayılıb-seçilən təmsilçilərindən olan Xəlil Kələntər ilə müsahibələr, Naxçıvan məktəblilərinin və tələbələrinin “Teknofest Azərbaycan”da uğurla təmsil olunması ilə, muxtar respublikada ilk dəfə “STEAM təhsil festivalı”nın keçirilməsi ilə bağlı reportajlar cari ildə qəzetdə dərc olunan maraqlı və oxunaqlı yazılardandır.

Vurğulanıb ki, 2021-ci il üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin qərarına əsasən, muxtar respublikanın ictimai həyatında, media sahəsində, bu və ya digər istiqamətlərdə fəallıq göstərən gənclər sırasında “Şərq qapısı” qəzetinin Humanitar siyasət şöbəsinin müxbiri Güntac Şahməmmədli də 2021-ci ilin “Peşəkar gənci” fəxri adına layiq görülüb. Bununla belə Milli Mətbuat Günü münasibətilə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə ali təhsil ocağında baş verən yeniliklərin operativ surətdə ictimaiyyətə çatdırılmasındakı səmərəli fəaliyyə göstərən “Şərq qapısı” qəzetininin əməkdaşları təşəkkürnamə ilə təltif olunub, I Beynəlxalq Tibbi Forumun fəaliyyətinin operativ və dolğun işıqlandırılmasına görə media qurumunun rəhbərinə sertifikat təqdim edilib.

Bildirilib ki, Ali Məclis Sədrinin müvafiq sərəncamlarının icrası istiqamətində hamilik tədbirlərinin icrası istiqamətində aprel ayında “Şərq qapısı” qəzetində Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Jurnalistika ixtisasının IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekununa həsr olunmuş tədbir, may ayında isə redaksiyada Jurnalistika ixtisasının tələbələri üçün “Şərq qapısı” qəzetinin timsalında gündəlik mətbuat orqanında tərtibat məsələləri” mövzusunda təlim keçirilib. 2022-ci ilin 6 ayı ərzində qəzetin www.serqqapisi.az saytına 168 min baxış olub, həmin dövrdə saytda 21999  material yerləşdirilib.

Diqqətə çatdırılıb ki, iyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2022-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edərək aidiyyatı üzrə gələcək çoxşaxəli inkişaf strategiyasını müəyyənləşdirəcək bir sıra mühüm tapşırıqlar verərkən deyib: “Kütləvi informasiya vasitələri maddi-texniki bazadan səmərəli istifadə etməli, ədəbi dil normaları qorunmalı, teleradio və qəzet materialları hazırlanarkən keyfiyyətə daha çox diqqət olunmalıdır”. Baş redaktor muxtar respublikada mətbuatın inkişafına göstərilən dövlət qayğısına görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzu edib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edərək vurğulayıb ki, müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuatın da inkişafına göstərilən dövlət qayğısı cari ilin ötən dövründə də uğurlu bəhrəsini verməkdədir. Tam əminliklə deyə bilərik ki, muxtar diyarın peşəkar jurnalist heyətinin, ələlxüsus da “Şərq qapısı” qəzeti əməkdaşlarının cari ilin 6 ayı ərzində qələmə aldığı yaradıcılıq nümunələri Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynayır. Qəzet əməkdaşlarından Muxtar Məmmədovun və Səbuhi Həsənovun “Sənaye ili” ilə bağlı maraqlı müsahibə və reportajları, gənc jurnalistlərdən Nail Əsgərovun, Gülcamal Tahirovanın, Güntac Şahməmmədlinin, Məcid Rəşadətoğlunun və digərlərinin müxtəlif mövzulardakı yaradıcı yazıları, idman repartyoru Ceyhun Məmmədovun məqalələri, habelə qəzetlə fəal əməkdaşlıq edən şəhər və rayon qəzeti müxbirlərinin, o cümlədən tələbə-jurnalistlərin yaradıcılıq nümunələri “Şərq qapısı” qəzetinin istər mövzu və janr baxımından, istərsə də yaradıcılıq istiqamətindən zəngin maarifçilik ənənələrinə sahib olduğunu bir daha sübut edir.

Sonra məruzə ətrafında çıxışlar edilib.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 05.08.2022 17:52