AZ EN RU

Yarım ilin yekunlarına həsr olunmuş iclas keçirilib

    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2022-ci ilin ilk 6 ayı ərzində gördüyü işlər ilə bağlı iclası keçirilib.

    Komissiya üzvlərinin, ekspert qrupunun, rayon (şəhər) icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyaların rəhbərlərinin iştirak etdiyi iclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova bildirib ki, muxtar respublikamızda yaşayan uşaqlar hər il olduğu kimi,  hesabat dövrü ərzində də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Onların qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və mənafelərinin müdafiəsi ötən dövr ərzində diqqət mərkəzində saxlanılmış və bir sıra tədbirlər, monitorinqlər  keçirilmişdir. Cari ilin 6 ayı ərzində komissiya uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, davranışlarına nəzarət edilməsi, qanunazidd əməllərinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görmüş, monitorinqlər keçirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2021-ci il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən komissiyaya təqdim olunmuş hesabat müzakirəyə çıxarılmış, təhlil olunmuş, yekun rəy qəbul edilmiş və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim olunmuşdur. Bununla yanaşı, hesabat dövründə uşaq hüquqlarının qorunması ilə bağlı uşaq müəssisələrində monitorinqlərin keçirilməsi üçün ekspert qrupunun tərkibi cari il ərzində dövrü monitorinqlər keçiriləcək uşaq müəssisələrinin siyahısı təsdiq edilmişdir.
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 7 tam orta məktəb, 3 məktəbəqədər, 1 uşaq xəstəxanası, 1 idman müəssisəsi olmaqla, ümumilikdə, 12 uşaq müəssisəsində monitorinq keçirilmişdir. Monitorinqlərdə müəssisələrin və uşaqların sanitar-gigiyenik vəziyyətləri, təlim-tədrisləri, müəssisənin infrastrukturu, müəssisə heyətinin dövri-tibb və laborator müayinələrdən keçirilməsi və bu kimi digər sahələr yoxlanılmışdır.
    Vurğulanıb ki, muxtar respublikada uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, dünyagörüşünün artırılması, intellektual səviyyələrinin yüksəldilməsi diqqətdə saxlanılmış, uşaq və yeniyetmələrin tərbiyə işinin təkmilləşdirilməsi, maarifləndirmə işinin aparılması, əlamətdar günlərdə onlara baş çəkilməsi məqsədilə, ümumilikdə, hesabat dövrü  ərzində müvafiq komissiyalar tərəfindən,  ümumilikdə, 455 tədbir keçirilmişdir. Bununla belə cari ilin ötən dövrü ərzində də digər kateqoriyadan olan uşaqlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Onların hüquq və mənafelərinin müdafiə olunması, cəmiyyətə inteqrasiyası, sosial reabilitasiyası, uşaq müəssisələrinə cəlbi, asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılmış, əlamətdar təqvim günlərində onlarla görüşlər keçirilmiş, hədiyyələr, bayram sovqatı verilmiş, ehtiyaclarına uyğun olan köməklik göstərilmişdir. Həmçinin tədrisə cəlb edilmiş 191 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 46 müəssisədə, 20 sağlamlıq imkanları məhdud uşağın evində monitorinq keçirilmişdir. Uşaqların valideynləri ilə geniş maarifləndirici söhbətlər aparılmış və potensiallarına uyğun olaraq 3 uşaq məktəbəqədər təhsil müəssisəsinə, 1 uşaq tam orta məktəbə cəlb edilmişdir.
    Qeyd olunub ki, muxtar respublikada uşaq və yeniyetmələrin sağlamlığının qorunması, onlar arasında yayılan xəstəliklərin qarşısının alınması məqsədilə tibbi xidmətin keyfiyyəti artırılmış və bir sıra profilaktik tədbirlər həyata keçirilmişdir. Belə ki, hesabat dövrü ərzində muxtar respublikanın şəhər və rayonlarında 13 mindən çox uşaq müayinə olunmuş, 8000-dən çox uşağa isə profilaktik peyvənd vurulmuşdur. 
    Rayon (şəhər) Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə və Himayə və Qəyyumluq komissiyalarının hesabat dövrü ərzində gördüyü işlər haqqında da ətraflı məlumat verən Ramilə Seyidova  bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılmış elektron məlumat bankına  istifadəçilər tərəfindən hesabat dövrü ərzində 1361 uşaq haqqında məlumat daxil edilmiş, valideyn himayəsindən məhrum 12 uşaq haqqında məlumatlar komitədə yaradılmış bazaya əlavə olunmuşdur.
    Sonda məruzə ətrafinda çıxışlar dinlənilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri 
üzrə Dövlət Komitəsinin 
mətbuat xidməti

Nəşr edilib : 04.08.2022 19:37