AZ EN RU

Yarım ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2022-ci ilin birinci yarım ilində görülmüş işlər və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasından irəli gələn vəzifələrlə bağlı  keçirilən kollegiya iclasını giriş sözü ilə maliyyə naziri Rafael Əliyev açıb. Bildirib ki, cari ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 71 milyon 540 min manat təyinata qarşı 106,9 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 4 milyon 956 min 694 manat çox vəsait mədaxil edilib. Büdcə gəlirlərinin 73 faizi və ya 55 milyon 834 min 602 manatı Dövlət Vergi Xidməti tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 23,5 faizi və ya 18 milyon 18 min 509 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 3,2 faizi və ya 2 milyon 423 min 11 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 220 min 572 manatı isə digər mənbələrdən daxil olub.
    Qeyd edilib ki, 2022-ci ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 287 milyon 117 min 581 manat təyinata qarşı 277 milyon 64 min 556 manat və ya 96,5 faiz icra olunub. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, eyni zamanda infra­strukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
    Vurğulanıb ki, 2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına, büdcə vəsaitlərindən qənaətlə və səmərəli istifadəyə ciddi nəzarət tədbirləri davam etdirilib, bununla da              3 milyon 775 min 400 manatdan çox vəsaitin əsassız xərclənməsinin qarşısı alınıb. Mütəmadi şəkildə aparılmış maliyyə nəzarət tədbirləri nəticəsində dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatların maliyyə və mühasibatlıq sənədlərində artıq hesablamalar və müxtəlif kənarlaşmalar nəticəsində dəymiş ziyan müəyyənləşdirilib, maddi məsul şəxslərdən tutularaq dövlət büdcəsinə bərpa edilib. Ötən yarım ildə əsassız xərc, cərimə və dəymiş zərərə görə 59 min 993 manat vəsait dövlət büdcəsinə geri qaytarılıb.
    Nazir kollektivin diqqətinə çatdırıb ki, altıncı çаğırış Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin yeddinci sеssiyаsında Maliyyə Nazirliyinə dövlət büdcəsinin icrasına və büdcə vəsaitlərindən qənaətlə istifadəyə nəzarətin gücləndirilməsi, təhlillərin aparılması, növbəti ilin büdcə proqnozlarının hazırlanması tapşırılıb. Аli Məclisin Sədri tərəfindən Maliyyə Nazirliyinin qarşısına qoyulmuş tapşırıqlar qarşıdakı fəaliyyət dövründə işdə rəhbər tutularaq icra olunmalı, etibarlı maliyyə nəzarəti sistemi formalaşdırılmaqla büdcə xərclərinin icrasına nəzarət daha da gücləndirilməlidir.
    İclas cari ilin 6 ayı ərzində görülən işlər barədə çıxışlarla davam edib.

Naxçıvan Muxtar Respublikası Maliyyə 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.07.2022 20:36