AZ EN RU

Yarım ilin yekunları müzakirə edilib

    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunmuş iclas keçirilib. İclası fondun sədri Rasim Bağırov açaraq bildirib ki, 2022-ci ilin 6 ayı ərzində müvafiq orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanması üzrə fondun xəzinə hesabına 64 milyon 817 min 900 manat vəsait daxil olub. Bu isə proqnoz üzrə nəzərdə tutulmuş 57 milyon 636 min manat vəsaitdən 7 milyon 181 min 900 manat və ya 12,5 faiz çoxdur. Pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitlərin 64,9 faizi məcburi dövlət sosial sığortahaqqı olaraq muxtar respublikada yığılıb. Ümumiyyətlə, 2022-ci ilin 6 ayı ərzində fondun büdcəsinin xərcləri 101 milyon 840 min 960 manat icra olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 476 min 43 manat, yaxud 4,5 faiz çoxdur. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsinə 99 milyon 912 min 913 manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 311 min 590 manat, yaxud 4,5 faiz çoxdur.
    Məlumat verilib ki, fond tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının muxtar respublikada icrası ilə bağlı 40 min əmək pensiyaçısının əmək pensiyalarının sığorta hissəsinin məbləği 3,4 faiz artırılıb, 2022-ci ilin birinci və ikinci rübü üzrə maddi yardımlar ödənilib. Həmçinin qulluq stajına görə əlavələr alan 4247 əmək pensiyaçısına pensiyasının 10 faizi məbləğində hər ay maddi yardımın verilməsi təmin edilib. Bundan əlavə, 2022-ci ilin əvvəlindən minimum pensiyanın məbləği 200 manatdan 240 manata çatdırılıb, bununla əlaqədar olaraq Fond tərəfindən muxtar respublikada minimum pensiya alan əmək pensiyaçılarının pensiyasının artırılması, sığortaolunanlara ödənilən birdəfəlik müavinətin artım faizinə uyğun ödənilməsi təmin edilib.
    Bildirilib ki, cari ilin birinci yarım ilində Fondun yerli qurumları tərəfindən, ümumilikdə, 935 nəfərə əmək pensiyası təyin edilib. Qanunvericiliyə uyğun olaraq 3816 sığortaolunana məcburi dövlət sosial sığorta hesabına müavinət təyin edilib. Deputatların, hərbi qulluqçuların, məhkəmə və hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası ilə bağlı hesabat dövründə 1 milyon 171 min manat fondun xüsusi hesabına daxil olub, sığortaolunanlara qanunauyğun qaydada sığorta ödənişləri verilib. 
    Hesabat dövründə ilk dəfə əmək fəaliyyətinə başlayan və fərdi uçot sistemində uçotaalınan sığortaolunanların sayı 1916 nəfər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 553 nəfər çoxdur. Ümumilikdə, fərdi uçot sistemində uçota alınan sığorta­olunanların sayı 184 min 406 nəfərə çatıb.
    Bildirilib ki, əvvəlki dövrlərdə pensiya və müavinətlərə artıq ödənilmiş vəsaitin, ümumilikdə, 392 min 161 manat fondun büdcəsinə bərpa olunub. Bundan əlavə əmək pensiyaçılarının qeydiyyat ünvanlarının yoxlanılması zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılıb, nəticədə, fondun 2022-ci il büdcəsində 2 milyondan artıq vəsaitə qənaət olunub.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

***

    AMEA Naxçıvan Bölməsində yarım ilin yekunlarına həsr olunmuş iclasda çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bölmə 2022-ci ilin birinci yarısında dövlət, fərman, sərəncam və qərarlardan irəli gələn vəzifələri yerinə yetirməyə çalışmış, 9 Dövlət proqramının icrası davam etdirilmişdir. Hesabat dövründə tədqiqatlar 6 elmi istiqamətdə, 6 problemi əhatə edən 7 mövzu üzrə 36 iş 91 mərhələdə yerinə yetirilmişdir. Hesabat dövründə bölmə əməkdaşlarının 360 elmi əsəri çap olunmuş, 1 xəritə və 1 buklet tərtib edilmişdir. Əsərlərdən 2 monoqrafiya, 41 məqalə və 62 konfrans materialı xaricdə çap olunmuşdur. 
    Diqqətə çatdırılıb ki, ötən il bölmənin fəaliyyəti ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrin icrası məqsədilə 7 rayonun tarixi, “Naxçıvan tarixinin səhifələrindən”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan uşaq folkloru” əsərləri çapa təqdim edilmiş, ikicildlik “Naxçıvan etnoqrafiyası” üzərində işlər davam etdirilmiş, “Naxçıvanın dövlətçilik tarixi”, “Naxçıvan əlyazmalar xəzinəsi”, “Naxçıvan ədəbi mühiti” və “Naxçıvanın xalq deyimləri” kitabları çapa ­hazırlanmışdır.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən “Elmi əsərlər” jurnalının Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi nömrəsi çap olunmuş, Əhməd Cavadın 130 illiyi ilə bağlı növbəti xüsusi nömrə isə çapa hazırlanır. 9 iyul 2021-ci ildə keçirilmiş “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” beynəlxalq konfransının materialları çapa təqdim edilmişdir.
    Akademik İsmayıl Hacıyev beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlardan bəhs edərək bildirib ki, cari ilin may ayında Türk Tarix Qurumu ilə əməkdaşlığa dair müqavilə imzalanmış, bölmə əməkdaşları müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi tədbirlərdə iştirak etmişlər.
    Bəhs olunan dövrdə “Fəlsəfə və elmlər doktoru dissertasiya mövzuları” kataloqu çapa hazırlanmışdır. Əməkdaşlardan 4 doktorant, 2 dissertant Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən xarici dil imtahanında müvəffəq nəticə göstərmişdir. Hazırda bölmədə 16 elmlər və 23 fəlsəfə doktoru hazırlığı üzrə 39 doktorant və dissertant tədqiqatla məşğuldur. İlin birinci yarısında 3 nəfər elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş, 1 nəfər dosent elmi adı almışdır.
    Elm və təhsilin inteqrasiyası ilə bağlı görülən işlərdən söz açan akademik Naxçıvan Dövlət Universitetinin AMEA Naxçıvan Bölməsinə hamiliyə verilmiş 10 ixtisası üzrə təhsil alan tələbələri ilə aparılan işlərin mahiyyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları-2022” layihəsi çərçivəsində əldə olunan mühüm nəticələrdən bəhs edib.
    İclas məruzə ətrafında çıxışlarla davam etmişdir.

***

    Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzində yarım ilin yekunlarına həsr olunmuş tədbiri mərkəzin sədri İsmayıl Qəribli giriş sözü ilə açıb. Bildirilib ki, 2022-ci ilin 6 ayı ərzində keçirilən 16 test imtahanında 5257 namizəd iştirak edib, 3758 namizəd test imtahanlarında uğur qazanıb. Hesabat dövründə Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdən 248, ehtiyat kadrlar siyahısından 9, inzibati rəhbər vəzifələrin tutulması üçün keçirilmiş müsabiqələrdən 5 nəfər olmaqla, ümumilikdə, 262 nəfər müvafiq vəzifələrə təyin olunub. O da qeyd olunub ki, bu il ölkəmizdə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının məktəbəqədər təhsil müəssisələrində işə qəbul üçün müsabiqə keçirilib. Birinci yarım il ərzində hazırlıq kurslarının təşkili davam etdirilib, həmin kurslarda, ümumilikdə, 160 nəfər, sınaq imtahanlarında 225 nəfər iştirak edib.
    Dövlət İmtahan Mərkəzinin test bazasının yeni suallarla zənginləşdirilməsinin və testlərin ekspertizasının davam etdirilməsi diqqətdə saxlanılıb. Ötən müddət ərzində, ümumilikdə, 20697 sual test bankına işlənib. Həmçinin ümumilikdə, 4910 sual ekspertiza edilib. Bundan başqa, işə qəbul, bilik və bacarıqların qiymətləndirilməsi və attestasiyaların aparılması üçün, ümumilikdə, 25900 test tapşırığı sifariş verilib. 
    Qeyd edilib ki, bəhs olunan dövrdə maarifləndirici tədbirlər həyata keçirilib. “Dövlət qurumlarında informasiya təhlükəsizliyi” və “Dövlət qulluqçuları üçün vəzifə təlimatlarının hazırlanması qaydaları” mövzularında seminarlar keçirilib, Dövlət orqanları işçilərinin reyestri proqramı təqdim olunub. 
    Eyni zamanda hamiliklə bağlı tədbirlər də diqqətdə saxlanılıb, Dövlət İmtahan Mərkəzinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi və Dövlət və ictimai münasibətlər ixtisasları tələbələrinin iştirakı ilə müxtəlif mövzularda 6 açıq dərs keçilib.
    Məruzə ətrafında çıxışlar dinlənilib.

***

    2022-ci ilin birinci yarısında Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda idarə rəisi Hafiz İsmayılbəyli çıxış edib. Bildirib ki, 2022-ci ilin birinci yarısında Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi qarşıya qoyulmuş tapşırıqların icrasını müvafiq qaydada təsdiq edilmiş iş planına əsasən həyata keçirib. “Naxçıvan Muxtar Respublikasının 2021-ci il büdcəsinin icrası haqqında illik hesabat”a rəy “Hesablama Palatası haqqında” Qanuna, Dövlət büdcəsinin icrası barədə müvafiq qanun layihəsinə və illik hesabata dair Hesablama Palatasının rəyinin hazırlanması, baxılması və təsdiq edilməsi Qaydaları”na uyğun olaraq hazırlanıb və müvafiq qurumlara təqdim edilib. 
    Qeyd edilib ki, 2022-ci ilin birinci yarısında idarə tərəfindən təsdiq olunmuş iş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası büdcəsinə kənar dövlət maliyyə-nəzarəti tədbirləri çərçivəsində 6 müəssisə, idarə və təşkilat üzrə tədbirlərin planlaşdırılması, proqramları, işçi planları hazırlanaraq maliyyə və uyğunluq auditləri həyata keçirilib. Eyni zamanda dövr ərzində 5 müəssisə, idarə və təşkilat üzrə analitik tədbirlər aparılıb və nəticələri müvafiq qaydada rəsmiləşdirilib. 2022-ci ilin birinci yarısında keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, ümumilikdə, 39 milyon 628 min 383 manat məbləğində vəsaiti əhatə edib ki, bunun da 33 milyon 961 min 645 manatı keçirilmiş auditlərin və 5 milyon 666 min 738 manatı isə aparılmış analitik tədbirlərin payına düşüb. Həmçinin təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması vəziyyətində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görülüb. 
    Vurğulanıb ki, idarə tərəfindən 5 təşkilat üzrə aparılan analitik təhlilin dördündə maliyyə hesabatlarının düzgün doldurulmadığı, hesabatlarda əks etdirilən məlumatların mühasibat standartlarında müəyyən edilmiş keyfiyyət xüsusiyyətlərinə tam uyğun olmadığı, hesabatlar üzrə əvvəlki ilin sonu ilə baxılan ilin əvvəlinə olan göstəricilər, eləcə də digər hesabatın aidiyyəti göstəriciləri arasında maliyyə fəaliyyətinin nəticələri və izahlı qeydlərdə fərqlərin mövcud olduğu müəyyən edilib. Audit qruplarının üzvləri tərəfindən təşkilatlarda qanunvericiliklə nəzərdə tutulmuş formada sənədləşmənin aparılmasına və maliyyə-hesabat formalarının tərtib edilməsinə dair maarifləndirmə işləri həyata keçirilib. 
        Sonra çıxışlar olub.

***

    “Naxçıvan” Universitetində keçirilən iclasda rektor, dosent Nurlana Əliyeva bildirib ki, cari tədris ili üzrə 261 bakalavr tələbə məzun olub ki, bunlardan 4-ü universiteti fərqlənmə diplomu ilə bitirib. Magistratura səviyyəsi üzrə isə universitetdə təhsil alan 26 magistrantdan 10-u məzun olub və 7 magistr tələbəsi isə ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. 
    Hesabat məruzəsində tədris və təhsillə bağlı bütün məsələlər əhatə olunub, 2021-2022-ci tədris ilinin bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyasının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və cari dövrdə tədrisin təşkili barədə iclas iştirakçıları ilə fikir mübadiləsi aparılıb. 
    Diqqətə çatdırılıb ki, dünyanın 52 universiteti ilə tədris və elmi sahədə əlaqə saxlayan ali təhsil ocağı Erasmus+ proqramı çərçivəsində layihələrin icrasını uğurla davam etdirir. Belə ki, cari tədris ilində EQAC layihəsinin icrası tamamlanıb və layihənin davamlılığının təminatı kimi universitetdə Keyfiyyət Təminatı Mərkəzi yaradılıb. Həmçinin “ECAR- Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlanan növbəti irimiqyaslı layihənin tərəfdaşı kimi çıxış edən “Naxçıvan” Universitetinin əməkdaşları layihə çərçivəsində Bakı şəhərində təşkil olunan bir neçə təlimdə və Stokholm, Varşava və Krakov kimi bir neçə şəhərdə keçirilən görüşlərdə iştirak edib. Bununla yanaşı, “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində bir sıra fəaliyyətlər də həyata keçirilib. Yola saldığımız tədris ilində ali təhsil ocağında 86 əcnəbi tələbənin təhsil alması, 13 may 2022-ci ildə universitetin Xarici dillər fakültəsində “Alman dili Tədrisi Mərkəzi”nin açılışı, 24 may 2022-ci il tarixdə universitetdə “Türk Dünyası Digital Vətəndaşlığı” layihəsinin məlumatlandırma gününün təşkili, həmçinin “Naxçıvan” Universitetinin Litvanın Mikolos Romerius Universiteti və İspaniyanın Valladolid Universiteti ilə ikili müqavilə imzalaması buna əyani sübutdur. Rektor növbəti ildən də bu istiqamətdə görülən işlərin uğurla davam etdiriləcəyindən əminliyini dilə gətirib.
    Məruzədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından da bəhs edilib. Vurğulanıb ki, həmin Sərəncama əsasən universitetdə 15-ə yaxın ixtisas 10-a yaxın təşkilata hamiliyə verilib. Bildirilib ki, adıçəkilən Sərəncam kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşdırılması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm bir addımdır. “Naxçıvan” Universiteti də elmi yeniliklər və innovasiyaların dəstəklənməsi təşəbbüsünə qoşularaq bu sahədə addımlarını atmaqdadır.
    Hesabatda gündəlikdə duran məsələlərin müzakirəsi ilə bağlı məruzələr dinlənilib.

***

    Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yarım ilin yekunları ilə bağlı keçirilən iclası agentliyin direktoru Samiq Sadıxov açaraq məruzə ilə çıxış etmişdir. 
    Bildirilmişdir ki, 2022-ci ilin ilk 6 ayında icbari tibbi sığortanın tətbiqi zamanı Səhiyyə Nazirliyi ilə qarşılıqlı fəaliyyət göstərilərək 12 rayon, 9 respublika əhəmiyyətli olmaqla, 21 tibb müəssisəsi ilə müqavilə bağlanılmışdır. Yarımillik dövr ərzində tibb müəssisələrinə 209 min 760 müraciət daxil olmuş və lazımi tibbi xidmət göstərilmişdir. Tibb müəssisələrində zəruri olan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı halda isə sığortaolunanlara 51 min 76 tibbi xidmətə göndəriş vərəqəsi yazılaraq digər tibb müəssisələrində lazımi tibbi xidmətlərin göstərilməsi təmin olunmuşdur. Eyni zamanda tibb müəssisələri tərəfindən qanunvericiliyin tələblərinə uyğun olmayan göndərişlər yazılaraq nöqsanlara yol verilmiş və nəticədə, 407 tibbi xidmətə göndəriş vərəqəsinin icrasının qarşısı agentlik tərəfindən alınmışdır. Həmçinin 341 tibbi xidmətə göndəriş vərəqəsi vətəndaş məsuliyyətsizliyi ucbatından itmişdir.
     Diqqətə çatdırılmışdır ki, yanvar-iyun ayları ərzində muxtar respublikada icbari tibbi sığortadan istifadə edən sığortaolunanların müraciəti əsasında 51 min 839 ilkin səhiyyə, 4 min 851 təcili tibbi yardım, 266 min 815 ambulator, 12 min 103 stasionar, 5 min 137 sayda cərrahi, 136 min 660 laboratoriya, 7 min 221 fizioterapiya, 288 invaziv radioloji, 22 min 963 funksional diaqnostik xidmət olmaqla, ümumilikdə, tibb müəssisələri tərəfindən 508 min 377 tibbi xidmət göstərilmişdir. 
     Məruzə ətrafında çıxışlar dinlənilmişdir.

Xəbərlər şöbəsi
 

Nəşr edilib : 22.07.2022 21:10