AZ EN RU

Yarım ilin yekunları kollegiya iclaslarında müzakirə olunub

    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar ­Şurasının 2022-ci il birinci yarısının yekunlarına dair yığıncağı keçirilib. Yığıncaqda Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 7 fevral 2022-ci il tarixdə daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələrə dair keçiri­lən müşavirədə verdiyi tapşırıq və tövsiyələr əməkdaşlar arasında böyük ruh yüksəkliyi və stimul yaradıb, onların məsuliyyət hissini daha da artırıb. İctimai asayişin qorunması məqsədilə keçirilən tədbirlərin nəticəsi olaraq 2022-ci ilin birinci yarım ilində törədilən cinayətlərin açılması 100 faiz təmin edilib. 
    Qeyd olunub ki, Daxili İşlər Nazirliyi sistemində həyata keçirilən struktur islahatların tərkib hissəsi olaraq daxili işlər orqanlarında polis veteranları ilə aparılacaq işin təşkili və veteranlarla qarşılıqlı fəaliyyətin aktiv mərhələyə keçirilməsi əsas vəzifələrdən biri kimi qarşıya qoyulub.
    Diqqətə çatdırılıb ki, nazirliyin Veteranlar Şurası və ərazi polis orqanları tərəfindən sabiq polis əməkdaşlarının qarşılıqlı birgə fəaliyyətə cəlb olunmaları üçün ardıcıl profilaktik tədbirlər həyata keçirilib. Nəticədə, 700-ə yaxın polis veteranı ilə yaxın əlaqələr yaradılıb. Ötən müddət ərzində polis veteranları daxili işlər orqanlarına yaxından köməklik edərək bir sıra istiqamətlər üzrə ardıcıl fəaliyyət göstəriblər. 
     Vurğulanıb ki, polis veteranları cəmiyyətdə aparıcı qüvvə kimi milli maraqlarımızın, adət-ənənələrimizin və dövlət siyasətinin təbliğatçısı kimi çıxış edərək uzunmüddətli xidmətdə əldə etdikləri zəngin peşə təcrübələrini, yüksək mənəvi keyfiyyətlərini gənc nəslə çatdırmalı, onların sadiq, vətənpərvər insanlar kimi yetişdirilməsində fəal iştirak etməlidirlər. Həmçinin veteranlarla işin səmərəli təşkil olunması üçün Veteranlar Şurası və ərazi polis orqanlarının müvafiq xidmətləri daxili işlər orqanlarından təqaüdə buraxılmış polis əməkdaşlarının birgə fəaliyyətə cəlb olunması üçün polis orqanlarında və yaşayış yerlərində veteranlarla mütəmadi görüşlər keçirilməli, onların sosial problemlərinin həllinə köməkliklər göstərilməlidir. Hamilik işinin təşkilində, peşəkar kadr potensalının formalaşdırılması və şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsində, xidmətə qəbul üçün seçilmiş namizədlərin öyrənilməsində veteranların köməyindən istifadə olunmalıdır.
    Daxili işlər naziri həyata keçirilən ekoloji tədbirlərdə də polis veteranlarının iştirakını yüksək qiymətləndirib, onlar tərəfindən indiyədək 6000-ə yaxın meyvə və digər ağac tinglərinin əkildiyini bildirib, veteranlara muxtar respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatında bundan sonra da fəallıq göstərməyi tövsiyə edib. 
    Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, polis polkovniki Yusif Həsənov bildirib ki, hesabat dövründə şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasında, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında, onlarda dövlətə və dövlətçiliyə, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə veteranlar yaxından iştirak ediblər. Təqaüddə olan sabiq polis əməkdaşları əhalidə qanunsuz saxlanılan silahların yığılması istiqamətində həyata keçirilən tədbirlərə aktiv cəlb olunaraq onların iştirakları ilə 9 ədəd, o cümlədən  1 ədəd “TOZ-8” markalı yivli silah,  8 ədəd ov silahı, 1 ədəd qumbara, 515 ədəd müxtəlif çaplı patron könüllü olaraq polis orqanlarına təhvil verilib. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlara göstərilən köməklik sayəsində 8 nəfər sürücülük hüququ olmayan və 7 nəfər sərxoş sürücü aşkar edilib, piyadaların yolun hərəkət hissəsini müəyyən olunmuş yerlərdən keçməsinə nəzarət olunmasında yaxından iştirak ediblər. Həmçinin muxtar respublikada axtarış istiqamətində həyata keçirilən tədbirlərə köməklik çərçivəsində 13 nəfər mülki-hüquqi öhdəliklərdən yayınan şəxsin yeri müəyyən edilib, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polis veteranlarından əməliyyat marağı kəsb edən məlumatlar daxil olub. Bundan əlavə,  polis veteranları dəfələrlə Orta İxtisas Polis Məktəbində kursantlarla görüşlərdə iştirak edib, daxili işlər orqanlarında xidmətkeçmənin xüsusiyyətləri və əsasları haqqında söhbətlər aparıblar.
    Sonra  polis veteranı, istefada olan polis mayoru İdris Abdullayev Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edilib. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov polis veteranlarına həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiklərinə görə təşəkkür edib.  

***

    Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yarım ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilib. İclası giriş sözü ilə səhiyyə naziri Niyazi Novruzov açaraq bildirib ki, muxtar respublikada əhalinin sağlamlığının etibarlı təmin olunması məqsədilə cari ilin birinci yarısında da tədbirlər həyata keçirilib. Belə ki, Şərur rayon Çərçiboğan kənd həkim ambulatoriyası, “İmplant Dent Naxçıvan” özəl stomatoloji klinikası müasir tibbi avadanlıqlarla təchiz edilərək istifadəyə verilib, Babək rayon Vayxır kənd həkim ambulatoriyası, Ordubad rayon Ağrı, Xanağa, Kələki, Unus feldşer-mama məntəqələri, Darıdağ Arsenli Su Müalicəxanasının tikintisi, Şərur rayon Axura kənd həkim ambulatoriyasında isə yenidən quruculuq işləri davam etdirilməkdədir.
    Qeyd olunub ki, əsrin bəlasına çevrilmiş COVİD-19 pandemiyası, ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası ərazisində yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə əks-epidemik tədbirlər Gigiyena Epidemiologiya Mərkəzi və onun rayon şöbələri tərəfindən davam etdirilib, rübdə bir dəfə olmaqla genişləndirilmiş dezinfeksiya, dezinseksiya işləri, havaların isti keçməsi ilə əlaqədar bataqlıq və gölməçələrdə delarvasiya işləri, hepatit B və C virus infeksiyasına qarşı profilaktik tədbirlər ardıcıllıqla davam etdirilir.
    Diqqətə çatdırılıb ki, bu gün muxtar respublika əhəmiyyətli  xəstəxanalar, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanalarının hamısı publik hüquqi şəxs statusu alıb, icbari tibbi sığortada iştirak edən tibb işçilərinin əməkhaqları 50 faiz artıb. Nazir qeyd edib ki, bu gün muxtar respublikada 127 xroniki böyrək çatışmazlığı ilə hemodializ seansı alan xəstələr, 11905 şəkərli diabet, 58 Dağınıq skleroz, 6 nəfərə qaraciyər, 30 nəfərə böyrək köçürülmüş, 70 hemofiliya, 38 talassemiya, 452 vərəm, 838 onkoloji və 281 imtiyazlı qrup xəstələr daima yüksək qayğı ilə əhatə olunur və vaxtlı-vaxtında dərman preparatları, özünənəzarət vasitələri və tibbi xidmətlərlə təmin edilirlər. 
    Vurğulanıb ki, aparılan müalicə-profilaktika işinin təşkili sahəsində görülən tədbirlər tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artmasına və eləcə də demoqrafik vəziyyətə kəskin təsir göstərib. Belə ki, 2022-ci ilin 6 ayında 2292 uşaq doğulub, 1289 ölüm halı qeydə alınıb, təbii artım 1003 nəfər, doğum göstəricisi 4,9 faiz, ölüm göstəricisi 2,8 faiz, 1 yaşa qədər uşaq ölümü 3 nəfər, 1,3 faiz təşkil edib.
    Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

***

    Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat xidməti publik hüquqi şəxsində  keçirilən yarım ilin yekunlarına dair tədbiri giriş sözü ilə xidmətin direktoru Əli Hüseynəliyev açıb. Qeyd olunub ki, muxtar respublika rəhbərinin “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidmətinin və Naxçıvan şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsin yaradılması” haqqındakı 2021-ci il 2 sentyabr tarixli Fərmanına əsasən avtonəqliyyat sahəsində aparılan islahatlar nəticəsində az işçi sayı ilə daha işlək bir mexanizm yaradılmış, iqtisadi göstəricilər daha da yüksəlmişdir. Bununla belə Ali Məclis Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi 2022-ci ilin müvafiq dövründə də davam etdirilmiş, muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 709 sahibkara lisenziya təqdim olunmuşdur.  
    Diqqətə çatdırılıb ki, şəhərdaxili nəqliyyatda istifadə edilməsi üçün muxtar respublika rəhbərinin tapşırığı və dəstəyi ilə Çin Xalq Respublikasının istehsalı olan 6 ədəd “King Long” markalı elektriklə işləyən nəqliyyat vasitəsi və onlara aid 5 ədəd şarj aparatı alınıb gətirilmişdir. Bu nəqliyyat vasitələri həm yanacaq sərfi, həm də ekoloji cəhətdən sərfəlidir. Həmçinin yeni gətirilmiş elektrobuslarda işləmək üçün təcrübəli sürücülər seçilmiş, onların Çin Xalq Respublikasından dəvət edilmiş mütəxəssislərin yanında təlim keçmələri təmin olunmuşdur. Bununla birlikdə müasir standartlara uyğun, yüksək sərnişindaşıma qabiliyyətinə malik 2 ədəd “CHANGAN AUCHAN” markalı elektriklə işləyən taksi avtomobili alınaraq sərnişinlərin istifadəsinə verilmişdir. Hazırda xidmətin balansında sərnişindaşıma ilə məşğul olan 103 nəqliyyat vasitəsi – 74 avtobus, 6 elektrobus və 23 taksi minik avtomobili vardır ki, onlar da muxtar respublika sakinlərinə nümunəvi sərnişindaşıma xidməti göstərir.
    Bildirilib ki, Naxçıvan şəhərində taksilərin dislokasiya planı işlənib hazırlanıb, buna uyğun yol işarələrinin vurulması işi başa çatdırılıb. 
    Tədbir çıxışlarla davam edib.

***

    Naxçıvan Dövlət Texniki Kollecində 2022-ci ilin birinci yarısının yekunları və ikinci yarısında qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib. Kollecin direktoru Asəf Ruşanov bildirib ki, tədris ilinin ikinci yarım ili üzrə kredit sistemi ilə təhsil alan qruplarda hər fənn üzrə təlimata uyğun olaraq ayda bir dəfə olmaqla, ümumilikdə, 3 kollokvium, semestrin sonunda yaz imtahan sessiyası çərçivəsində fənlər üzrə imtahanlar, kurikulum təhsil proqramı ilə tədris aparılan birinci kurslarda isə 5 və ya 6 kiçik summativ qiymətləndirmə, tədris ilinin sonuncu həftəsində isə böyük summativ qiymətləndirmə keçirilmişdir. Əyani təhsilalma forması 32 qrup üzrə 493 nəfər yaz imtahan sessiyasına buraxılmışdır. Onlardan 30 nəfər bütün fənlərdən 91-100 intervalında bal toplayaraq əlaçı, 64 nəfər 71-100 intervalında bal toplayaraq yarım əlaçı adına layiq görülmüş, 301 nəfər qarışıq müsbət qiymət, 98 nəfər isə qeyri-kafi qiymət almışdır. Dərsmənimsəmənin səviyyəsi 80 faiz, keyfiyyət göstəricisi isə 19 faiz olmuşdur. Qiyabi şöbədə bir ixtisas – Yol hərəkətinin təşkili üzrə 46 nəfər tələbə yaz imtahan sessiyasına buraxılmışdır. İmtahanların nəticələri ümumiləşdirilmiş və tələbələrin hazırlıq səviyyəsini yaxşılaşdırmaq, lazımi nəticələr çıxarmaq üçün təhlil edilmişdir. 2021-2022-ci tədris ili üzrə 111 tələbə məzun olmuşdur. Onların 16 nəfəri kolleci “fərqlənmə”, 95 nəfəri isə “adi” dərəcə ilə bitirmişlər. 
    Bildirilmişdir ki, 2022-2023-cü tədris ili üçün kollecin pedaqoji kollektivi qarşısında mühüm vəzifələr dayanır. Bu il yaradılmasının 20 illiyi tamam olan kollec ötən dövr ərzində muxtar respublikanın iqtisadiyyatına, kadr hazırlığına, təhsilinə töhfəsini verən kollecin yubileyinin keçirilməsi məqsədilə Tədbirlər planı müəyyənləşdirilib. Tədbirlərin lazımi səviyyədə keçirilməsi üçün kollecin kollektivi birgə fəaliyyətini gücləndirməli, öz imkanlarını bütünlüklə bu işə səfərbər etməlidir.
    Sonda məruzə ətrafında çıxışlar dinlənilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 29.07.2022 20:33