AZ EN RU

Yarım ilə uğurla yekun vurulub

    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və  2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edib.
    Bildirilib ki, “Sənaye ili” elan edilmiş 2022-ci ilin birinci yarım ili ərzində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 363 milyon 982 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artaraq 2942 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,2 faizlə sənaye sahəsi tutub və maddi istehsalın payı 57,9 faiz təşkil edib. Cari ilin ilk yarısında sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 8 milyon 500 min 500 manat kredit verilib ki, bunun da 4 milyon 903 min manatı Sahibkarlığın İnkişafı Fondunun payına düşüb.
    Muxtar respublikada sənaye məhəllələrinin yaradılmasının əhəmiyyətindən danışan nazir qeyd edib ki, hazırda 3 istehsal korpusundan ibarət olan Şərur Sənaye Məhəlləsində ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel istehsalı sahələri fəaliyyət göstərir. Həmçinin corab istehsalı, məktəbli ləvazimatları, kağız kisə, karton tara, süd məhsullarının emalı və qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi və qurudulması və bitki yağı istehsalı sahəsinin qurulması istiqamətində işlər davam etdirilir. Şərur rayonunun əmək ehtiyatları və təbii resursları nəzərə alınaraq iri sahibkarlıq sahələri ilə yanaşı, kiçik sahibkarlıq subyektləri və ailə təsərrüfatları tərəfindən yaradılması məqsədəuyğun hesab edilmiş balın qablaşdırılması, şirniyyat istehsalı, trikotaj malları və digər kiçik istehsal sahələri üçün də yerlər müəyyən edilib.
    Kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edən nazir diqqətə çatdırıb ki, cari ilin birinci yarım ili ərzində süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq təsərrüfatları, istixana, soyuducu anbar olmaqla, ümumilikdə, 68 sahənin yaradılması və genişləndirilməsi başa çatdırılıb, həmçinin 34 kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin yaradılması davam etdirilib. Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatı yönümlü 60 layihəyə 1 milyon 36 min 300 manat güzəştli kredit verilib. Bununla yanaşı, kənd təsərrüfatının müxtəlif sahələri üzrə fəaliyyət göstərən 50 ailə təsərrüfatına Sahibkarlığın İnkişafı Fondu tərəfindən cari ilin ötən dövrü ərzində 766 min 300 manat dövlət maliyyə dəstəyi də göstərilib. Muxtar respublikada istehsal olunan məhsulların tanıdılması məqsədilə qabaqcıl ailə təsərrüfatlarının məhsullarını əks etdirən “Ailə təsərrüfatları” kataloqunun hazırlanması başa çatdırılıb. 
    Nazir qeyd edib ki, muxtar respublikada sahibkarlığın inkişafını daha da sürətləndirmək və onların fəaliyyətinə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilib. 
    Muxtar respublikanın ixrac potensialının genişləndirilməsi ilə bağlı məsələlərə toxunan nazir vurğulayıb ki, cari ilin 6 ayı ərzində 12 beynəlxalq sərgidə sahibkarların iştirakı təmin edilib, ümumilikdə, 8 хаrici ölkədə kеçirilən 19 beynəlxalq tədbirdə 47 sahibkarlıq subyektinin 71 nümayəndəsi iştirak edib. Sərgilərdə 30 növdə 434 çeşiddə məhsul nümayiş etdirilib.
    Vurğulanıb ki, altıncı çağırış Nахçıvаn Muхtаr Rеspublikаsı Ali Məclisinin yeddinci sessiyasında nazirliyin qarşısına bir sıra vəzifələr qoyulub. Belə ki, əsas tələbat malları üzrə yerli istehsalın təşviq edilməsi, yeni sahibkarlıq müəssisələrinin yaradılmasının dəstəklənməsi, kredit təşkilatları tərəfindən sahibkarlıq müəssisələrinin kreditləşdirilməsinə və həmin kreditlərdən təyinatı üzrə səmərəli istifadəyə nəzarət olunması, sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsini və yeni sənaye müəssisələrinin yaradılmasının davam etdirilməsi, rentabelli sahələrə investisiyaların cəlbi istiqamətində iş aparılması, ailə təsərrüfatları məhsullarının emalı, qablaşdırılması və ixracına dəstək verilməsi, muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda mövqeyinin möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində işlərin davam etdirilməsi, daxili tələbat və ixrac imkanları, o cümlədən ixrac bazarlarında baş verən tendensiyaların düzgün təhlil olunması diqqətdə saxlanılmalıdır. 
    Tapdıq Əliyev İqtisadiyyat Nazirliyi fəaliyyətini bu mühüm vəzifələrin icrası istiqamətində quracağını bildirib. Nazir iqtisadi inkişaf üçün yaradılmış münbit şəraitə və geniş imkanlara görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib. 
    Kollegiya iclası məruzə ətrafında çıxışlardan sonra yekunlaşıb.

***

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yarım ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasını nazir Nicat Babayev açaraq bildirib ki, birinci yarım il ərzində muxtar respublikada 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan da 215 nəfərini əmək yarmarkalarında işə göndərilənlər təşkil edib. İşaxtaran şəxslərin ictimai işlərə cəlb olunması diqqət mərkəzində saxlanılıb, 26-sı sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə, 72 nəfər sosial yönümlü ictimai işlərə cəlb olunub. Eyni zamanda işaxtaran və işsiz şəxslərin,ümumilikdə, 198 nəfərin peşə hazırlığı, yenidən hazırlığı və ixtisasartırma kurslarında iştirakı təmin edilib. 
    Qeyd olunub ki, muxtar respublikada bu günədək 5126 nəfər üzvü olan 1107 ailənin özünüməşğulluğu təmin edilib ki, həmin ailələrə kənd təsərrüfatı, xidmət və istehsal sahələri üzrə aktivlər verilib. Kənd təsərrüfatı sahəsi üzrə özünüməşğulluq proqramına cəlb olunan 1054 ailədən 734-nə 2 baş iribuynuzlu, 189-na 20 baş xırdabuynuzlu, 20-nə 10 yeşik arı ailəsi, 2-nə 100 baş ev quşu və yem ehtiyatı, 82-nə miniyerşumlayan aqreqat, 11-nə inkubator və quş tükü təmizləyən aparat, 11-nə otbiçən, 1-nə otdoğrayan, 2-nə isə südsağan aqreqat, 2 ailəyə su motoru verilib. Eyni zamanda müxtəlif avadanlıq və alətlər verilməklə 41 ailənin xidmət sahələri üzrə özünüməşğulluğu təmin edilib. Bununla yanaşı, lazımi ləvazimat və avadanlıqlar verilməklə istehsal sahəsi üzrə 12 ailə proqrama cəlb olunub. 
    Nazir bildirib ki, cari ildə 862 nəfər üzvü olan 182 ailə proqrama cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 vahid çoxdur. Eyni zamanda proqrama cəlb olunmuş və təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən şəxslərin daha da həvəsləndirilməsi məqsədilə 6 ailəyə aqreqatlar verilib. Bu ildən başlayaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan memorandum çərçivəsində sosial qayğıya ehtiyacı olan 50 ailənin proqrama cəlb edilməsi nəzərdə tutulub. Artıq bu ailələrdən 25-i istəklərinə uyğun aktivlərlə təmin olunub. Həmçinin son dövrdə bu prosesə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri də qoşularaq 20 ailənin özünüməşğulluğunun təmin olunmasında sosial tərəfdaş qismində iştirak edib.
    Bildirilib ki, muxtar respublikada məşğulluq tədbirlərinin həcminin və keyfiyyətinin artırılmasına paralel olaraq qeyri-formal məşğulluqla mübarizə də nazirliyin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edib. Bu sahədə birinci yarım ildə həyata keçirilən nəzarət tədbirləri zamanı 53 obyektdə 118 işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu müəyyənləşdirilib, fərdi mühafizə vasitələrindən istifadə etməyən 133 işçi həmin vasitələrlə yerində təmin olunub. Yol verilmiş nöqsanlara dair işəgötürənlərə yazılı xəbərdarlıq edilib, həmçinin xəbərdarlıqların icrasının təmin olunması diqqətdə saxlanılıb.
    İyun ayının 1-dən etibarən isə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin bazasında “Əmək və məşğulluq” altsistemi fəaliyyətə başlayıb. Hazırda sistemdə 50 minə yaxın aktiv əmək müqaviləsi bildirişi mövcuddur. 
    Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 15 şəhid ailəsi və müharibə zamanı sağlamlıq imkanlarını itirən şəxs mənzillə, müharibədəki döyüşlər nəticəsində sağlamlıq imkanları məhdudlaşan 16 şəxs avtomobillə təmin olunub. Müvafiq kateqoriyadan olan 4 şəxsin kredit borcu bağlanıb, 10 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. 
    Vurğulanıb ki, sözügedən dövr ərzində “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri tədbirlər həyata keçirilib, onların tibbi reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Bu dövrdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən Distant Tədris Mərkəzində, ümumilikdə, 20-dən artıq sağlamlıq imkanları məhdud uşağın distant tədrisi davam etdirilib.
    Cari ildən göstərilən tibbi reabilitasiya tədbirlərinin həcmi artırılıb, nazirliyin tabeliyində fəaliyyət göstərən bərpa mərkəzlərin müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunub. Bu dövrdə bərpa mərkəzlərində 310 nəfərin müalicəsi təşkil edilib, 147 şəxsə protez və ortopedik xidmətlər göstərilib, 350 nəfər reabilitasiya vasitələrilə təmin olunub.     
    İlin birinci yarısında Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasında 2000-ə yaxın şəxsin ekspertizası aparılıb, o cümlədən müvafiq dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında bir qrup şəxsin əyani müayinəsi təşkil edilib. 
    Sonra məruzə ətrafında çıxışlar olub.

***

    “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində 2022-ci ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda cəmiyyətin baş direktoru Vasif Məmmədov çıxış edib. Bildirib ki, 2022-ci ilin altı ayı ərzində 469000 manat dəyərində 93 ədəd olmaqla, ümumilikdə, cəmiyyətin fəaliyyəti dövründə muxtar respublikaya 3495 ədəd texnika və texnoloji avadanlıqlar alınıb. Bəhs olunan dövrdə sahibkarlara 1 milyon 297 min 471 manat dəyərində 61-i  lizinq, 38-i isə nağd  və köçürmə yolla, ümumilikdə, 99 ədəd texnika və texnoloji avadanlıqlar lizinqə verilib.
    Qeyd edilib ki, Ali Məclis Sədrinin Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı Sərəncamına uyğun olaraq, ümumilikdə, 118 ədəd avadanlıq alınaraq arıçılıqla məşğul olan sahibkarlara satılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Sərəncama uyğun olaraq 2022-ci il ərzində, ümumilikdə, 16 texnika və texnoloji avadanlıq lizinq və nağd yolla kiçik ailə təsərrüfatı sahiblərinə verilib. 2022-ci il 5 aprel tarixdə “Naxçıvan Aqrolizinq” ASC tərəfindən alınmış yeni texnikalara baxış zamanı Ali Məclis Sədrinin verdiyi tapşırıqlara uyğun olaraq Avropa standartlarına cavab verən, günün tələblərinə uyğun  texnika və texnoloji avadanlıqların alınıb gətirilməsi davam etdirilir.
    Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”na uyğun olaraq bu günə qədər 110 dəst 250 hektarlıq suvarma sistemi alınıb, bundan 109 dəst 245 hektarlıq suvarma sistemi sahibkarlara lizinq yolu ilə verilib. 2022-ci il ərzində 7 milyon 937 min 797 manat dəyərində 13 min 13 ton karbamid gübrəsi güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə verilib. Torpaq mülkiyyətçilərinə münasib qiymətlərlə 22 adda müxtəlif  aqroservis işləri həyata keçirilir, 2022-ci il ərzində 18 min 711 manat dəyərində aqroservis işləri görülüb.
    Diqqətə çatdırılıb ki, sahibkarlara, fiziki şəxslərə, kommunal müəssisələrə və bələdiyyələrə nağd və lizinq yolu ilə verilən 10 milyon 336 min 797 manat dəyərində 1123 ədəd texnika və texnoloji avadanlıqların dəyəri tam ödənilib ki, onlardan 17-si kombayn, 168-i isə traktordur. 7 iyul 2022-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyində keçirilən səyyar müşavirədə “Naxçıvan Aqrolizinq” ASC-yə verilən tapşırıqlara uyğun olaraq Naxçıvan Muxtar Respublikasında  fəaliyyət göstərən bələdiyyələrlə işləri əlaqəli şəkildə quraraq əkilməmiş bələdiyyə və dövlət fondlarında olan torpaqların əkilib-becərilməsində cəmiyyət tərəfindən əkilməsi və ya onlara servis xidmətlərini göstərərək torpaqların boş qalmaması üçün bələdiyyələrə hər cür köməklik edilməsi təşkil olunacaq.
    Sonra çıxışlar olub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 02.08.2022 17:49