AZ EN RU

Yaradılmış təhsil ənənələri yeni dövrün tələblərinə uyğun olaraq davam etdirilir

Təhsil millətin gələcəyidir

    Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad adı çəkiləndə yadıma ilk olaraq nələrin düşdüyü barədə fikirləşib seçim qarşısında qalıram: Nuhun ayağı dəyən torpaq – Gəmiqayamı? Tarixi memarlıq abidələrimi? Dadlı-tamlı meyvələri ilə tanınan yurd yerimi? Ətri adamı bihuş edən limonun vətənimi? Suallar çoxdur. Bir cavab isə bu qədim yurd yerinin ön sırada duran brendləri sırasındadır: Görkəmli elm, mədəniyyət, dövlət xadimləri yetişdirən torpaq – bu bölgənin ən qiymətli potensialı olan Yusif Məmmədəliyev, Məmməd Səid Ordubadi, Məhəmməd Tağı Sidqi, adlarını çəkmək mümkün olmayan yüzlərlə yazıçı, şair, elmlər doktorları...

    Onların bu səviyyəyə yüksəlməsində başlıca səbəblərə gələndə isə yenə də bir neçə amili xatırlamalı olursan; onlardan birincisi isə tarixən bu qədim yurd yerində elmə, təhsilə yüksək dəyər verilməsidir. “Əxtər” məktəbi Ordubadda yaradılıb, bu torpağın şair təbiətli insanları “Əncüməni-şüəra”nın ətrafında toplaşıblar. Ordubadın güclü təhsil ənənələri yaradılan bir bölgə kimi tanınması da belə amillərlə bağlıdır. Və ən yaxşı hal kimi o da qiymətləndirilməlidir ki, bu gün həmin ənənələr daha da zənginləşdirilməkdə, rayonda elmi potensialın təmsilçiləri çoxalmaqdadır. Həmin təmsilçilər özlərindən əvvəl yaşamışların yolunu uğurla davam etdirir, ölkəmizdə elmin, təhsilin inkişafına töhfələrini verirlər.
    Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov deyir ki, bu gün şöbənin tabeliyində 32 tam, 2 ümumi orta məktəb, 4 məktəbdənkənar müəssisə olmaqla, 38 təhsil ocağı fəaliyyət göstərir. Təhsil müəssisələrinin 34-ü müasirtipli binalarda yerləşir. Dövlətimizin göstərdiyi diqqət və qayğı nəticəsində məktəblərin maddi-texniki bazası ilbəil gücləndirilir. Belə ki, Ordubad rayon ümumtəhsil məktəblərində 719 kompüter, 92 elektron lövhə vardır. Bunlardan 582 kompüter və 92 elektron lövhə internetə qoşularaq şagirdlərin istifadəsinə verilib. Ümumtəhsil məktəblərində, ümumilikdə, 11 şahmat kabinəsi vardır. Kabinələr şahmatın tədrisi üçün lazım olan əyani vəsait və 11 dəst kompüterlə təmin olunub. Rayonun 7 tam orta məktəbində və bir məktəbdənkənar təhsil müəssisəsində STEAM kabinəsi müəllim və şagirdlərin ixtiyarına verilib. Mövcud məktəb binalarının yenidən qurulması, yeni məktəb binalarının tikintisi də diqqət mərkəzində saxlanılır. Belə ki, ötən il şəhər 1 nömrəli, Əndəmic, Nüsnüs, Vələver, Dırnıs kənd tam orta məktəblərinin binaları yenidən qurulub, hazırda Pəzməri kəndində məktəb binasının inşası davam etdirilir.

    2020-2021-ci tədris ilinin nəticələrinə əsasən ümumtəhsil məktəblərinin XI sinfindən 259 şagird məzun olub, bunlardan 213-ü ali məktəblərə sənəd qəbulunda iştirak edib və 131 məzun tələbə adını qazanıb. 9 illik təhsil bazasından 15, 11 illik təhsil bazasından 37 şagird müxtəlif orta ixtisas təhsili müəssisələrinə qəbul ediliblər. Məzunlardan 21-i 500-dən yuxarı bal toplayıb. Dövlət İmtahan Mərkəzinin statistik təhlilinə əsasən son 5 ildə Ordubad rayonu ali məktəblərə qəbul faizinə görə ilk yerdədir.
    Aza kənd tam orta məktəbini yüksək qiymətlərlə bitirən Leyla Əsgərli 642,3 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərib. Təbii ki, belə müvəffəqiyyətlərin qazanılmasında məktəbdə başlıca sima olan müəllimlərin böyük əməyi var. Qürurvericidir ki, onların da əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Bu gün rayonda 8 müəllim Azərbaycan Respublikasının, 4 müəllim isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adlarını daşıyır. 4 müəllim “Tərəqqi” medalına layiq görülüb.
    Rayonun pedaqoji kollektivləri ötən dərs ilində nail olduqları uğurların sevinci ilə 2021-2022-ci tədris ilini də uğurla başa vurmaq əzmi ilə çalışırlar. Bununla bağlı, bir neçə məktəbdə olub, qazanılan uğurlar barədə söhbət etdik. Onlar bu uğurların təməlində dayanan amillərdən danışdılar. Dəstə kənd tam orta məktəbinin direktoru Abbas Qasımov dedi:
    – Doğma Naxçıvanımız gözlərimiz önündə günbəgün çiçəklənir, bütün sahələrin inkişafına böyük diqqət yetirilir. Təhsil sahəsi də bu qayğıdan yetərincə bəhrələnib. Hər il muxtar respublikada yeni məktəb binaları tikilir, tədris ocaqlarının maddi-texniki bazası gücləndirilir. Bu da hər bir məktəblinin yüksək səviyyədə təhsil almasına imkan verib. Ordubad rayonu da belə qayğıdan kənarda qalmayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsil işçilərinə göstərdiyi qayğı, onlar qarşısında müəyyənləşdirdiyi vəzifələr bir ali məqsədə söykənib: dövlətçiliyimizə, müstəqilliyimizə sadiq olan vətənpərvər gənclər tərbiyə etmək. Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin başlıca məqsədi ondan ibarətdir ki, gələcəyimizin qurucuları olan gənclər təhsilli və vətənpərvər böyüdülsünlər. Ona görə də müəllim və şagirdlər üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Müəllimlər bilməlidirlər ki, onlar gələcəyin qurucularını hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar gələcəyin qurucuları kimi yetişməlidirlər”. Bu da üzərimizə böyük vəzifə qoyur. 
    Şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Yaqut Hüseynova: 
     – Ölkənin gələcək taleyi məhz belə yetirmələrimizdən, sabahın vətəndaşlarından asılı olacaq. Bu məsul vəzifənin yerinə yetirilməsində müasir tədris üsullarına geniş yer veririk. Bu heç də bütün ənənəvi üsulların üstündən xətt çəkmək deyil. Düzdür, bu gün zamanla səsləşməyən bəzi metodlar var, ancaq kollektiv artıq onların özünü doğrultmadığını görür. Məsələn, sübut olunub ki, “Hafizə məktəbi” bugünkü məktəbliyə heç nə vermir. Zaman dəyişdikcə hər gün müxtəlif yeniliklər həyatımıza daxil olur. Həssas müəllim bunu görür və fəaliyyətini də bu istiqamətdə qurur, nəticəsinin uğurlu olması onu daha da ruhlandırır. 
    Aza kənd tam orta məktəbinin direktoru Təvəkkül Məmmədov deyir ki, sinifdə neçə şagird varsa, bir o qədər də xarakter var. Bu da hər bir müəllimdən böyük məsuliyyət tələb edir. Əgər əlinə jurnal alıb sinfə girən müəllim bunu dərindən dərk edirsə, o, nailiyyət qazanmaya bilməz. Fərdi yanaşma və sinfin ümumi fəallığının təmin olunması tədrisin səviyyəsinin yüksəldilməsində böyük təsirə malikdir. Çalışırıq ki, fəaliyyətimizdə bunları diqqətdə saxlayaq. Çoxillik təcrübədə bu metoddan istifadə etməyin səmərəli olduğu təsdiq edilib. Məktəbdə çalışan gənc müəllimlərə də bunu tövsiyə edirəm.
    Ordubad şəhərindəki internat tam orta məktəbinin direktoru Məzahir Xəlilov:
    – Hər bir insanın hərtərəfli inkişafında təhsillə yanaşı, mütaliənin də böyük rolu var. Ona görə də məktəb kitabxanalarımız zəngin kitab fonduna malikdir. Bu xəzinədən istifadə etmək üçün kitab müzakirələrinin keçirilməsini, kitabxanaya gətirilmiş yeni kitabların sərgilərinin təşkil edilməsini diqqətdə saxlayırıq ki, bu da uşaqlara əlavə biliklər verməklə yanaşı, həm də onlarda mütaliə mədəniyyəti formalaşdırır. Bəzən səhv olaraq deyirlər ki, uşaqlarda mütaliəyə marağı gücləndirmək üçün ədəbiyyat fənnindən ayrılmış sinifdənxaric oxu materialları kifayətdir. Əslində, belə deyil. Kitabxanada müxtəlif humanitar və dəqiq elmlərlə bağlı kitablar da var. Onlardan necə istifadə olunması üçün bütün müəllimlər məsuliyyət daşıyır, öz vəzifə borclarına həssaslıqla yanaşırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə oxunması zəruri hesab edilən kitablardan ibarət hazırladığımız guşə şagirdlərimizin ixtiyarına verilib. Qrafik əsasında onların müzakirələrini keçiririk.
    Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Aytəkin Həsənova:
    – Muxtar respublikamızda təhsilin bütün təbəqələrinin inkişafına şərait yaradılıb. Bu sırada məktəbdənkənar müəssisələri də qeyd etmək lazımdır. Belə müəssisələrə cəlb olunan şagirdlərin istedad və bacarıqlarının düzgün formalaşdırılması qarşıya qoyulan vəzifələrdir. Çünki bu, şagirdin hərtərəfli inkişafına stimul yaradır.
    Tələbə Sunay Allahverdiyeva:
    – Bütün abituriyentlər yüksək bal toplamaq, ali məktəb tələbəsi adını qazanmaq arzusunda olur. Mən də arzuma çatdım, buraxılış imtahanında 260 bal toplayaraq “Gümüş” nişana layiq görüldüm, ali məktəblərə qəbul imtahanlarında 567,4 bal toplamağa müvəffəq oldum. Bu böyük uğura nail olmağımda orta təhsil aldığım Ordubad rayonunun Azadkənd tam orta məktəbində bizə elmlərin sirlərini öyrədən müəllimlərimin əməyi əvəzsizdir. Buna görə də onların etimadını doğruldaraq tələbə adını qazanmış bütün yoldaşlarım adından müəllimimizə minnətdarlığımı bildirirəm.
    Bu söhbətlər belə qənaətə gəlməyə əminlik yaradır ki, şərəfli bir missiyanı yerinə yetirən Ordubad rayonunun təhsil işçiləri qazanılan uğurları son hədd hesab etmir, təhsil ənənələrini zənginləşdirmək qayğısına qalır, yaradılmış şərait müqabilində qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirməyə səy göstərir, növbəti dərs ilini daha böyük göstəricilərlə başa vurmağa çalışır.

Nurlu MƏMMƏDLİ
Aza kənd tam orta məktəbinin müəllimi

Nəşr edilib : 02.03.2022 19:07