AZ EN RU

Yaradılan şəraitin, birgə fəaliyyətin nəticəsi...

    Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı, yaşı yüzilliklərin bağrını dələn çinarların çətir tutduğu bağlar diyarı Ordubadda da son illərdə kənd təsərrüfatının müxtəlif sahələri inkişaf edib, onlarla yeni ailə təsərrüfatları qurulub, sahibkarlıq subyektləri formalaşıb. Aqrar sahədə illərdir, yetişdirdiyi keyfiyyətli məhsullarla öz sözünü deyən təsərrüfat sahiblərindən biri də Dəstə kənd sakini Mehdi Quliyevdir. Yaşı 65-ə yaxın olan Mehdi kişi ömrünün 25 ilini əkin-biçin işlərinə həsr edib. Əsas məşğuliyyət sahəsi ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyəti ilə seçilən taxılçılıqdır. O bu barədə fikirlərini bizimlə bölüşdü:
    – Doğru deyirlər ki, həyatda təsadüf yoxdur, olacaqları yaşayırıq. İllər öncə taxılçılığı əsas məşğuliyyət növü kimi seçməyim də əbəs yerə deyil. Siz gənc nəsillər xoşbəxtsiniz ki, ömrünüz müstəqillik dövrünə düşüb, amma biz vaxtilə çox əziyyətlərə qatlaşmışıq. Su, qaz, elektrik enerjisi bir yana qalsın, çörəklə də imtahan edilmişik. Bir parça çörəyi 5-6 nəfər arasında bölüb qənaətlə yediyimiz günlər çox olub. Elə o illərin acı xatirələri məni taxılçılıq sahəsinə yönəltdi. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə durğunluq proseslərinə son qoyuldu, torpaqların öz sahiblərinə verilməsi prosesi uğurla həyata keçirildi. Torpaq islahatı illərlə həyətyanı sahəsində əkin aparan digər həmkəndlilərim kimi, mənim də öz təsərrüfatımı yaratmağa geniş imkanlar açdı. Beləcə, 1994-1995-ci illərdən üzübəri əkin-biçin işlərinə başladım. O zamanla indiki dövr arasında şərait, imkanlar baxımından müqayisəyəgəlməz, çox böyük dəyişikliklər vardır. Bir vaxtlar nasaz traktorların, kombaynların ucbatından həftələrlə məhsulumuz yerdə qalar, itkiyə gedərdi. Digər tərəfdən suvarma suyu, keyfiyyətli toxum sarıdan da çox əziyyətlər çəkərdik. Ancaq bu gün vəziyyət tamamilə başqadır, indi nəinki bu sadaladığım xoşagəlməz hallar aradan qaldırılıb, dövlətimiz hər bir zəhmətkeşin fəaliyyətinə dəstək göstərir, pulsuz gübrə və hər hektara görə subsidiyalar verilir. Başqa sözlə, torpağın şumlanmasından başlayaraq yetişdirilən məhsulun daşınmasına qədər bütün proseslərdə dövlət kəndliyə yaxından dəstək olur ki, bu da, son nəticədə, böyük uğurlar qazanılmasını şərtləndirir. 
    Həyat yoldaşı, övladları və gəlinləri ilə birgə böyük əzmlə, iradə ilə çalışan Mehdi Quliyev məhsuldarlığın yüksək olmasından da ürəkdolusu danışaraq bildirdi ki, ötən il 8-i buğda, 7-si arpa olmaqla, ümumilikdə, 15 hektardan 38 ton məhsul əldə edib. Məhsuldarlıq hər hektara 25 sentner düşüb. 2022-ci ilin məhsulu üçün ötən ilin payızında 19 hektarda arpa əkini həyata keçirib, məhsuldarlıq hər hektara 25 sentner olmaqla, ümumilikdə, 47,5 ton məhsul tədarük edib. Təsərrüfatçının cari mövsümdə taxılçılıqda buğdaya deyil, arpaya üstünlük verməsi də, əbəs yerə deyil. Çünki həyətində iki baş iribuynuzlu və 10 baş xırdabuynuzlu heyvan bəsləyir ki, onlar üçün qüvvəli və qaba yem ehtiyatının əldə edilməsi vacibdir. Həyətyanı sahəsində müxtəlif meyvə sortları, eləcə də mövsümi tərəvəz məhsulları da yetişdirərək bazara çıxarıb sərfəli qiymətə satır. Vənənd və Araz çayları hesabına suvarma suyu qıtlığı çəkmədiyini minnətdarlıq hissi ilə ifadə edən təsərrüfatçı gələcəkdə daha böyük uğurlara imza atmaq, bölgənin iqtisadiyyatına töhfə vermək üçün səylə çalışacağını vurğuladı.

Nail ƏSGƏROV

Nəşr edilib : 31.08.2022 19:59