AZ EN RU

Yaradıcılıq müsabiqəsinin qalibləri məlum olub

    Dekabrın 23-də “Ailə dəyərlərimiz film və fotolarda”  mövzusunda keçirilmiş VII muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb.
    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirib ki,  ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində milli dəyərlərimizdən olan ailə institutunun qorunub saxlanmasına və zənginləşməsinə, cəmiyyətdə ailənin nüfuzunun və rifah halının daha da yüksəlməsinə böyük diqqət yetirib, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərib, müvafiq sahə ilə bağlı qanunvericilik bazası formalaşıb. Ulu öndər tərəfindən əsası qoyulan dövlətin ailə siyasəti bu gün ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir, ailə dəyərlərimiz geniş təbliğ olunur, həmçinin sosial qayğıya ehtiyacı olan ailələrin, şəhid, qazi ailələrinin sosial problemlərinin öyrənilməsi və həlli ilə əlaqədar tədbirlər görülür, aztəminatlı ailələr sosialyönümlü layihələrə, özünüməşğulluq proqramına cəlb edilir, gənc ailələrin mənzillə təmin olunması üçün genişmiqyaslı işlər aparılır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə siyasətinin tərkib hissəsi olan ailə dəyərlərinin təbliği ilə bağlı gənclər arasında görüşlər keçirir, müsabiqələr təşkil edir, mütəmadi olaraq televiziya, radio və sosial şəbəkələrdə maarifləndirici çıxışlar edilir, yazılar dərc olunur.
    Vurğulanıb ki, komitə tərəfindən cari ilin aprel ayında gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VII muxtar respublika yaradıcılıq müsabiqəsi elan olunub. Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, belə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələrini ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etməkdir. Müəlliflər müsabiqəyə təqdim olunmuş işlərdə mövzunu əhatə edib, ailə dəyərlərinin ən ümdəsi sayılan vətənpərvərlik, adət-ənənələr, ailə mədəniyyəti, ailənin bütövlüyünü təşkil edən amillər, ailənin uzunömürlü olmasının sirləri, nümunəvi ailələr və qonaqpərvərlik ənənələrimiz,  yaşlı nəslə ehtiram və digər bu kimi keyfiyyətləri  göstərə biliblər.
    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Elman Cəfərov çıxış edərək qalibləri təbrik edib, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. 
    Qeyd edək ki, müsabiqəyə muxtar respublikada yaşayan telejurnalist və rejissorlar, həvəskar və professional fotoqraflar, eləcə də yaradıcı şəxslər olmaqla, 21 müəllifin 56 fotosu və 7 müəllifin 7 filmi təqdim olunub. Tədbirin sonunda  “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyaları üzrə qaliblər pul mükafatları, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 23.12.2022 21:51