AZ EN RU

Yaradan, yaşadan, qoruyan...

Tanrının parlaq obrazı, şah əsəri, ilahi güc mənbəyi! Bu dünyaya nəfəs verən, bəşəriyyətin gözlərinə işıq olub, ürəyinə atəş verən əzəli bir qüvvəsən, sən! Min illərdir, qaranlığa işıq saçan, ülkər kimi hey parlayan bir ulduzsan! Sədlərinə sığışmayan bir ümmansan! Sən Günəşsən! Tarixlərin gecəsini gündüzünə çevirmisən! Şəfəqinlə cahan nura boyanıb. Varlığının qüdrətini hər kəs duyur! Müdrikliyin qarşısında səcdədədir cümlə-aləm. Qibtə edir dünya sənin hünərinə! Ucalığın, ülviliyin ilham verir şairlərə! Nəğmə olur könüllərə mərhəmətin, nəvazişin, şəfqətin! Qalxan olub el-obana uca adın, ləyaqətin, səadətin, qeyrətin. Namusunu, şərəfini cəsurluqla hifz etmisən! Neçə-neçə savaşları dayandırıb iffətinin rəmzi olan müqəddəs baş örtüyün! Sən əzəldən pərvanətək ulusunun, yurd-yuvanın, el-obanın başına dolanmısan! Oğuz elinin müqəddəs ocağının odunu sönməyə qoymamısan! Sən ey türk qadını! Dünyaya örnəkdir adın! Adını şərəfinlə tarixlərə yazmısan! Sən əzəldən mübarizlik nümunəsi olmusan! 
    Necə də şərəflidir “Azərbaycan qadını” adını daşımaq! Azərbaycan tarixinin parlaq qadın simalarının qutsal missiyaları canlandıqca gözümdə, fəxarət abidəsi ucalır qəlbimdə! İsmətinə, zərifliyinə, mətinliyinə, dəyanətinə heyranlıq duyursan hünər, cəsarət mücəssəməsi Azərbaycan qadınının! Odur dünyaya Tomrisin timsalında sərkərdə, Sara xatının timsalında diplomat qadın nümunəsi! Ədəb, mərifət və ədalətlə taxta ucalan Şirin, Məhinbanu, Nüşabə! Döyüş meydanına cəngavərtək atılan vətənpərvər Burla xatın, Banuçiçək! Qadınların azadlıq hüququnu tərənnüm edən ziyalı Məhsəti Gəncəvi! Fətəli xanın sədaqətli həyat yoldaşı vəfadar Tuti Bikə! Zamanın gərdişini, tarixin gedişatını dəyişən, Azərbaycan qadınına ehtiramın ifadəsi olaraq şərəfinə Şərqdə ilk abidə ucaldılan Möminə xatın! Şuşada ədəbiyyat məclisinin yaradıcısı, xeyirxah Xurşidbanu Natəvan! Döyüş meydanında qoç Koroğlunun silahdaşı, qeyrət rəmzi Nigar! Qaçaq Nəbinin dayağı, şücaətli, qoçaq Həcər! Bizim tarixi irsimizdir əfsanəyə çevrilərək təfəkkürümüzə hopan həmin mərd qadınlar... Onlar Azərbaycan qadınının uca adının unudulmaz müəllifləridir. 
    Bu gün bu ali duyğuları, müsbət əxlaqi keyfiyyətləri, nəcib xüsusiyyətləri özündə təcəssüm etdirən bir xanımlar xanımı var! Çağdaş zamanımızın Nigarı, Həcəri, Tomrisi, Sara xatını! Banuçiçəyi, Burla xatını! Şirini, Nüşabəsi, Möminə xatını! Odur dünya xanımlarına örnək! Kiçikdən-böyüyə hər kəsin könlündə taxt quran, xeyirxah əməlləri ilə ürəklərdə dərin məhəbbət qazanan, özünün ifadəsi ilə desək, “Bizim Mehribanımız”... Xalqa müraciətinin sonunda “Sizin Mehriban” imzasını qoyaraq bu ifadə ilə yurdunun insanlarına öz doğmalığını, mehribanlığını göstərib. Onu xalqa sevdirən təkcə sadəliyi, səmimiyyəti, təvazökarlığı deyil. O həm də insanların qayğıları ilə maraqlanan, gün-güzəranına biganə qalmayan xalq himayədarı kimi hər kəsin sevimlisinə çevrilib, insanların mənəvi dostu olub. Şəhid ailələrinə, qazilərə diqqət, yaşlılara qayğı, hörmət, uşaqlara mehr-məhəbbət, qadınlara dəstək Azərbaycan qadınının şəfqətinin nəcib göstəricisi kimi Mehriban xanımın milli xarakteri fonunda inikas olunub. Onun müsbət insani keyfiyyətləri ilə yanaşı, ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq qeyri-mümkündür. 
    Son dərəcə qiymətli keyfiyyətləri özündə əks etdirən Mehriban xanım Əliyeva cəsur, mərd ürəkli qadın, sədaqətli həyat yoldaşı, qayğıkeş ana olmaqla yanaşı, həm də səriştəli, məharətli, nümunəvi, uzaqgörən ictimai xadimdir. 
    Deyirlər ki, hər uğurlu kişinin arxasında ağıllı bir qadın dayanır. Mehriban xanım da məhz belə qadınlardandır. O ən çətin situasiyalarda dövlət başçımızın yanında olub, xalqın Qalib Liderinin böyük məsuliyyətinin icrasında ona dəstək göstərib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbəyə aparan təlatümlü yollarda Mehriban xanım Əliyeva ölkə Prezidenti ilə çiyin-çiyinə dayanıb. Təsadüfi deyil ki, Prezident cənab İlham Əliyev işğaldan azad olunan ərazilərimizə baxış zamanı, yenidənqurma işləri ilə tanış olarkən daim Mehriban xanım Əliyeva ilə yan-yana olub, bu mühüm səfərlərdə onunla birgə böyük işlərə imza atıb. Çünki Azərbaycanın Zəfər zirvəsinə ucalmağında onun əvəzolunmaz xidmətləri olub. İşğaldan azad olmuş torpaqlarımız üçün ən böyük siyasi mücadilələrdən birini məhz birinci xanım verib. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında və haqlı tərəfin sübut və faktlarla nümayişinin altında Mehriban xanım Əliyevanın böyük imzası var. 
    ...Ulular deyiblər ki, qadın olan yer cənnətə bərabərdir. Harada ki, qadın var orada səadət var, sülh, sabitlik, əmin-amanlıq, isti ocaq var! Qoy isti ocağımız sönməz, əbədi məşələ çevrilsin! Adı daim uca tutulan, müqəddəs amal və ideya uğrunda vuruşan, ən ağır vəziyyətlərdə belə sarsılmayan, mətanət və mərdlik rəmzi olan iradəli Azərbaycan qadını bəşəriyyət naminə ruhunda daşıdığı məsuliyyət hissi, mərhəmət, vəfa, etibar, duyğuları, ən gözəl geyimi olan isməti, namusu, qeyrəti ilə daim zirvələrə ucalsın!

Gülcamal TAHİROVA

Nəşr edilib : 21.02.2024 16:12