AZ EN RU

Yaponiyanın saytı Naxçıvanın muxtariyyətinin 98-ci ildönümünə həsr olunmuş məqalə yayımlayıb

Yaponiyanın “ajmedia.jp” saytında Naxçıvanın qədim tarixindən, muxtariyyət qazanmasının əhəmiyyətindən bəhs edən məqalə yerləşdirilib.
Məqalədə fevralın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 98-ci ildönümünün qeyd edildiyi oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, Naxçıvanın muxtariyyəti beynəlxalq müqavilələrlə müəyyənləşdirilib. Belə ki, Moskva (16 mart 1921) və Qars (13 oktyabr 1921) müqavilələri Naxçıvanın Azərbaycanın tərkibində qalmasını təmin edib. Qars müqaviləsi çox mürəkkəb siyasi şəraitdə bölgənin erməni təcavüzündən qorunmasında da mühüm rol oynayıb. Buna görə də ötən il Qars müqaviləsinin 100 illiyi qeyd edilib. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.


Məqalədə qeyd olunub ki, XX əsrin əvvəllərində Naxçıvan erməni quldur dəstələrinin hücumuna məruz qalıb. Həmin dövrdə qədim Azərbaycan torpaqları üzərində yaradılan “Ermənistan” adlı qondarma dövlət havadarlarının da köməyi ilə Azərbaycanın Qarabağ bölgəsini, həmçinin Naxçıvanı ələ keçirməyə çalışıb. Hadisələrin bu cür inkişafı Naxçıvandakı milli vətənpərvər qüvvələri yumruq kimi birləşdirib. Onlar tərəfindən 1918-ci ildə yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanı erməni daşnak hökumətinin xain planlarından qoruyub. Naxçıvanın Azərbaycanın tərkibində qalmasında və sonradan muxtariyyət statusu qazanmasında yerli əhalinin və ziyalıların, xüsusilə ictimai-siyasi xadim Behbud ağa Şahtaxtinskinin böyük xidmətləri olub. Görkəmli diplomat 1920-ci il dekabrın 1-də Bakı Soveti tərəfindən Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi barədə elan olunmuş bəyanatı kəskin hiddətlə qarşılayıb və bu qərarın əleyhinə çıxaraq Naxçıvanda mitinqlər yolu ilə xalqı ayağa qaldırıb. Onun təşəbbüsü ilə 1921-ci ilin yanvarında keçirilmiş rəy sorğusunda əhali Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verib. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq 1921-ci ilin martında Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü ilin iyununda Naxçıvan diyarı, 1924-cü il fevralın 9-da isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılıb. Qars müqaviləsindən və muxtariyyət statusundan sonra da Ermənistan müəyyən bəhanələrlə Naxçıvana qarşı ərazi iddialarını davam etdirib. Sovetlər Birliyi dövründə Naxçıvan Muxtar Respublikasının beynəlxalq Qars müqaviləsi ilə təsbit edilmiş bir sıra kəndləri Ermənistan tərəfindən qanunsuz olaraq zəbt olunub. Sovetlər Birliyi dağıdıldıqdan sonra isə Ermənistan Azərbaycana, o cümlədən Naxçıvana qarşı ərazi iddialarını müharibə yolu ilə gerçəkləşdirməyə başlayıb, əsrin əvvəllərində Qars müqaviləsi ilə üzərinə götürdüyü hüquqi və siyasi öhdəliyə məhəl qoymayıb. Lakin 1990-1993-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən qoruyub, Naxçıvanın adından “sovet sosialist” sözləri çıxarılıb, üçrəngli Azərbaycan bayrağı 70 ildən sonra ilk dəfə Naxçıvanda qaldırılıb. Heydər Əliyevin həmin illərdə milli müstəqillik yolunda atdığı addımlar Naxçıvanı qorumaqla yanaşı, həm də, bütövlükdə, Azərbaycan xalqının qurtuluş tarixinin əsasını qoyub.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının 80, 85 və 90, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına əsasən muxtar respublikanın 95 illik yubileyləri qeyd olunub. Azərbaycan Prezidentinin qədim diyara tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileylərində proqram xarakterli çıxışlar, muxtar respublikada son illərdə görülən işlər, həyata keçirilən quruculuq tədbirləri Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz dirçəliş dövrünü yaşayır. Qədim diyar muxtariyyət statusu əldə etməsini və Naxçıvan Muxtar Respublikasının 98-ci ildönümünü böyük nailiyyətlərlə qeyd edir.
Müəllif yazıb ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində yaradılan möhtəşəm infrastrukturun, ən ucqarlara, hətta dağların zirvələrinədək çəkilən abad yolların, inşa olunan otellərin, istirahət məkanların fonunda Naxçıvanın qeyri-adi ecazkar təbiətinin, möhtəşəm tarixi abidələrinin, təbii şəfa mənbələrinin cazibədarlığı daha da artıb. Bu gün Möminə Xatun, Yusif Küseyir oğlu, Qarabağlar, Gülüstan türbələri, Əlincəqala, Əshabi-Kəhf, imamzadələr, Duzdağ Fizioterapiya Mərkəzi xarici turistlərin ən çox üz tutduqları ünvanlardır.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində atılan mühüm addımlar Naxçıvanın gələcək inkişafı üçün də əhəmiyyətlidir. Zəngəzur dəhlizi açıldıqdan sonra muxtar respublika inkişafının yeni mərhələsinə qədəm qoyacaq, beynəlxalq nəqliyyat dəhlizinə çevriləcək, bura turist axını daha da artacaqdır. Qədim İpək Yolu üzərində yerləşən Naxçıvan yenidən Avrasiyanın nəqliyyat arteriyasının aparıcı gücünə çevriləcəkdir.
Məqalə ilə bu linkdən tanış olmaq mümkündür: https://en.ajmedia.jp/nakhchivan-a-proud-land-of-azerbaijan-unique-destination-of-ancient-civilizations/?fbclid=IwAR3E8rFOi3_TphC2euHSr6citRo3xO2nsTBA6Vza6fXWPZ-W4lvvKRx2pGw 

Nəşr edilib : 11.02.2022 23:15