AZ EN RU

YAP nümayəndələri Rusiyanın Vladivostok şəhərində keçirilən beynəlxalq forumda iştirak ediblər

Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu və YAP Təftiş Komissiyası sədrinin müavini Nizami Səfərov Rusiyanın Vladivostok şəhərində keçirilən “Qlobal əksəriyyət çoxqütblü dünya tərəfdarıdır” mövzusunda siyasi partiyaların beynəlxalq forumunun iclaslarında iştirak ediblər.

Bu barədə YAP-dan məlumat verilib.

“BRICS+” formatında keçirilən və 32 ölkədən 150-dən çox nümayəndənin qatıldığı tədbirin “Dünya dövlətlərinin informasiya məkanında məsuliyyətli davranışı geniş rəqəmsallaşma şəraitində hamının bərabər olduğu dünya düzəninin qurulmasının zəruri şərti kimi” mövzusunda plenar iclasında çıxış edən YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu bildirib ki, BMT-yə üzv dövlətlər arasında informasiya məkanında məsuliyyətli davranış prinsipləri haqqında sazişin mövcudluğuna baxmayaraq, bu sahədə təhlükəsizliyin təmin edilməsi prinsiplərinin qəsdən pozulması halları tez-tez müşahidə olunur. Bəzi güclü ölkələr texnoloji üstünlükdən istifadə edərək öz iradələrini digər dövlətlərə diktə etməyə və onların daxili siyasətinə təsir göstərməyə çalışırlar.

E.Mirbəşiroğlu müstəqil siyasət yürüdən Azərbaycanın informasiya məkanında təhdidlərlə üzləşmək risklərinin yüksək olduğunu vurğulayaraq deyib: “Ötən il 1192 xüsusi təhlükəsizlik göstəricisi bloklanıb ki, bu da dövlət qurumlarını məqsədyönlü kiberhücumlardan qorumağa imkan verib. Həmçinin Azərbaycanın domen zonasında qeydiyyatdan keçmiş 97 informasiya resursu kiberhücumlara məruz qalıb. Bu faktlar informasiya məkanında təhlükəsizlik məsələsinin daha ciddi olduğunu göstərir.

YAP Təftiş Komissiyası sədrinin müavini Nizami Səfərov isə forumun “Bölünməz və bərabər təhlükəsizlik həqiqi və davamlı beynəlxalq sülhün başlıca prinsipidir” mövzusunda plenar iclasında çıxış edərək bəzi dövlətlərin təhlükəsizliyinin digər dövlətlərin təhlükəsizliyi hesabına təmin olunmasının yolverilməzliyini, bu prinsipin bütün səviyyələrdə, o cümlədən regional kontekstdə tətbiqinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, qarşıdurma siyasətindən uzaqlaşmaq, gərginliyin azaldılması, uzun müddət ərzində yığılıb qalmış problemlərin həlli dünyanın müxtəlif regionlarında, o cümlədən Cənubi Qafqazda yerləşən ölkələrin maraqlarına uyğundur.

Tədbir çərçivəsində “Millətlərin azadlığı naminə!” – neokolonializmin müasir təcrübəsi ilə mübarizə tərəfdarlarının Forumunun Daimi Komitəsinin ilk əyani iclasında iştirak edən Nizami Səfərov yeni yaradılan Komitənin və onun nəzdindəki ekspert şurasının tərkibinə üzv seçilib.

Daimi Komitənin iclasında müstəmləkəçilik dövründə bir sıra xalqlara qarşı törədilmiş cinayətlərə hüquqi qiymət verilməsi və onlara kompensasiya ödənilməsi məsələləri müzakirə edilib, müasir dövrdə dekolonizasiya probleminin hüquqi platformada həll edilməsinin vacibliyi xüsusi vurğulanıb.

İclasda çıxış edən YAP Təftiş Komissiyası sədrinin müavini N.Səfərov Azərbaycanın neokolonializm və onun müxtəlif təzahürlərinə qarşı mübarizə sahəsində gördüyü işlərdən ətraflı danışıb. O qeyd edib ki, bu günədək 80 keçmiş koloniya müstəqillik qazansa da, hələ də dünyanın 17 ərazisində yaşayan xalqlar üçün bu proses məntiqi-hüquqi sonluğa çatmayıb.

Nəşr edilib : 20.06.2024 17:48