AZ EN RU

Yanvarın 20-ci günü

Həmin gün xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi

 Tarixboyu qəhrəmanlıq, şücaət, vətənpərvərlik salnaməsi yazmış böyük bir xalqın haqsızlığa, ədalətsizliyə boyun əymədən zülmə qarşı üsyanıdır yanvarın 20-ci günü. Düz 30 il idi, əlimizdəki qərənfil kimi boynumuz bükük, matəmli, hüznlü şəkildə üz tuturduq sinəsini düşmən gülləsinə sipər edən İdris Məmmədov, Mirəsgər Seyidov, Bahadur Abbasov kimi onlarla şəhidimizin uyuduğu Naxçıvan şəhərindəki müqəddəs məkana. 

    Həmin gün sanki qəzəbi tuturdu sinəsi qara buludlarla dolan göy üzünün də yerə. Əlimizi, ayağımızı donduran şaxta-boranı birtəhər isitməyə çalışsaq da, qəlbimizdəki çovğunu, təlatümü ovutmaq üçün heç nə yetməzdi imdadımıza. Nə dilə gətirməklə, nə yazmaqla, nə də kətan üzərinə köçürməklə izah etmək mümkün olurdu könlümüzdəki illərin ədalətsiz hökmünə qarşı çıxan hayqırtını. Bax, beləcə, böyükdən-kiçiyə hər birimiz hüznlə keçirdik şəhid məzarları önündən. Gözümüzün ucu ilə, ürkək halda baxırdıq pərişanlıqla dolu, donuq baxışlı məzarlara. Onların bir andaca dilə gəlib “Bizim qanımız niyə yerdə qalıb? Zəfər müjdəsini nə vaxt alacağıq sizdən? Haqq-ədaləti bərpa edin, axı sizin də damarınızda bizimki kimi Vətən sevgisi ilə coşub-daşır al qan” kimi sual dolu cümlələrlə xitab edəcəyindən çəkinirdik sanki...
    Ziyarətdən sonra evə dönəndə ağlımıza gələn bu qara fikirli sualları yolboyu tərbiyə aşıladığımız övladlarımızdan eşidəndə isə titrəyirdi dil-dodağımız. Xalqımıza yaşadılan ağrı-acıları sıxıla-sıxıla izah edir, hakim olmağa çalışırdıq qəzəblə dolu göz yaşlarımıza. İllər ötdükcə bu yaranın ağrısı azalmaq əvəzinə daha da şiddətlənirdi, hər dəfə televiziya ekranlarından o acılarla dolu kadrları yumruq düyünləmədən, diş qıcamadan izləməzdik, təbii ki. Lakin ölkəmizə müstəqil həyat bəxş edən dahi siyasətçinin siyasi xəttinə sadiqliklə ilahi ədalətin gec-tez təcəlla edəcəyinə böyük idi inamımız, ümidimiz. Səbir kasası dolub-daşan xalqımızda tam əminlik hissləri yaradırdı son illərdə daha da güclənən dövlətimiz, qüdrətlənən ordumuz. Artan qələbələr tezliklə böyük Zəfər müjdəsinin gələcəyini də gözlənilən etmişdi artıq. Və belə də oldu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən həm hərbi, həm siyasi yöndəki haqq-ədalət savaşımız böyük Qələbə, ötən il sentyabrın 19-20-dəki lokal xarakterli antiterror tədbirlərimiz ərazi bütövlüyümüzün, suverenliyimizin tam təmini ilə nəticələndi...
    2024-cü ilin 20 yanvar günü. 34-cü dəfə üz tuturuq bu müqəddəs məkana. Artıq 4-cü ildir, tam fərqli aurada, başqa şəkildə başımız dik, ürəyimiz rahat, böyük Qələbə, zəfər nidalı addımlarla gedirik şəhidlərimizin ziyarətinə. Bir neçə ildönümüdür sanki səngiyib göyün də yerə olan qəzəbi, azalıbdı qılınc kimi kəsən havanın şaxta-sazağı, mülayim, həlimli olub, ürəyi rahatlıq tapıb elə bil ana təbiətin də... Budur, böyükdən-kiçiyə hər kəs böyük qürurla, məğrurluqla keçir məzarların önündən. Ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş qüdrətli ölkənin, qalib xalqın nümayəndəsi kimi. Sinəmizdəki sözləri daha əvvəlkitək gizləmirik, uca səslə söyləyirik: əziz şəhidlərimiz qanınız yerdə qalmadı, alındı qisasınız, yığıldı yollardan həsrətli gözləriniz, pərişanlığınız bitdi artıq, şükürlər olsun. Rahat uyuyun, ruhunuz şadlıq tapsın, ey məğrur xalqın məğrur oğulları! Vətənimiz bütövləşdi, doğma torpaqlarımız geri qaytarıldı, bir daha gözünüz aydın. Füzulimiz, Cəbrayılımız, Şuşamız, Laçınımız azad nəfəs alır məhz sizin oğullarınızın da sıralarında xidmət etdiyi, can verib qan tökərək əzmlə, şücaətlə döyüşdüyü müzəffər Ordumuzun sayəsində. Vətən bağı al-əlvana bürünübdür, məlahətli səsi gəlir Xarıbülbülün, şeirləri səslənir Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, yurd həsrəti ilə deyil, vüsal mahnılarının sədaları altında çağlayır İsa bulağı, igid ər-ərəni, ismətli qız-gəlini mehman eyləyir qoynuna Cıdır düzü. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qalib ordunun məğrur əsgər-zabitlərinin paradına, “Qarabağ” futbol klubunun yarışlarına ev sahibliyi edir qədim torpağımız Xankəndi şəhəri. Soydaşlarını, yurddaşlarını qucağında qarşılamağa hazırlaşır Xocalı rayonu, Kərkicahan, Malıbəyli, Turşsu kəndləri... 
     Əziz şəhidlərimiz, qəhrəmanlıq dolu şəninizə nə söyləsək, nə yazsaq, azdır, bilirəm. Siz tökülən al qanlarınız, mübarizliyiniz, şücaət dolu döyüş yolunuzla bizə müqəddəs həyat amalını – hər şeyin Vətən üçün olmasını aşıladınız, müstəqil Azərbaycanın bütövlüyü, suverenliyi yolunda dönməzliyi öyrətdiniz, haqqınız ödənməz. Mətin, vətənpərvərlik dolu məktəbinizi öyrənə-öyrənə, çalışıb-vuruşaraq gəlib çıxa bildik bu günlərə. Ağrı-acılarla dolu anlar yaşadıq içimizdə. Hiss etdirmədik bir kimsəyə. İstəmədik dostumuz ağlayıb, düşmənimiz sevinsin halımıza. Ürəyimizdəki qəzəb dolu hisslər döndü məğrurluğa. Bircə an belə olsun unutmadıq, unutdurmadıq sizin üzərimizdəki haqqınızı. Qisasınızı almaq naminə bütün cəbhələrdə haqlı savaşımızı, mübarizəmizi apardıq yorulmadan, usanmadan gecə-gündüz. 
    Qanınızın düşdüyü Vətən torpaqlarının hər qarışını qüdrətli dövlətimiz gülüstana çevirdi, güllə-baran olunan el-obamızda mərmi qoxusunun yerini bürüdü təravətli gül-çiçək rayihəsi. Ziyarətinizə gəldiyimiz 30 dəfənin hər birində “Gün gələcək qisasınızı alacağıq, qanınız yerdə qalmayacaq, ey əziz şəhidlərimiz” sözləri ilə ürəyimiz alovlanar Vətən eşqi ilə, itirdiklərimizin təsirindən başımız aşağı dikilərdi məyuscasına, bədbin halda tərk edərdik xiyabanı. Artıq 4-cü dəfədir ki, adəti üzrə yenə müqəddəs ruhunuz qarşısında baş əyir, şux qəddimizlə, əzmli səslə “Haqq-ədalət bərpa edildi, qədim, tarixi Azərbaycan torpaqları geri qaytarıldı, uğrunda canınızı fəda etdiyiniz Vətənimiz bütövləşdi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Ruhunuz şad olsun, ey Vətənin əziz övladları!” söyləyirik böyük hörmət və ehtiramla...

Nail ƏSGƏROV
 

Nəşr edilib : 20.01.2024 09:32