AZ EN RU

Yanlış layihələndirmənin, tikinti norma və qaydalarına əməl olunmamasının nəticəsi...

    İyulun 13-ü Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək muxtar respublikada həyata keçiriləcək inşaat layihələri, nəzərdə tutulan tikinti-quruculuq işləri barədə danışıb. Babək rayonunun Hacıvar kənd tam orta məktəbinin yeni inşa olunmasına baxmayaraq, layihənin tamamilə yararsız olduğunu, texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın söküldüyünü bildirən səlahiyyətli nümayəndə məktəbin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb. Bu fikirlər bir neçə gün xəbər saytlarında, sosial şəbəkədə gündəmə gətirilsə də, məsələnin tam  mahiyyəti açılmadı, təfərrüatlar barədə ətraflı məlumat verilmədi... 

    İctimai nəzarət funksiyasını yerinə yetirən “Şərq qapısı” qəzeti olaraq biz də təhsil ictimaiyyətinin əsas diqqət mərkəzində olan, xüsusilə də hacıvarlı şagirdləri, valideynləri narahat edən bu önəmli məsələnin başvermə səbəbini, mahiyyətini ortaya çıxarmaq üçün araşdırma apardıq. Əvvəlcə Hacıvar kənd tam orta məktəbinin yerləşdiyi əraziyə yollandıq. Əyani şəkildə məlum oldu ki, artıq təhsil ocağının binası tamamilə sökülüb. Rayon təhsil şöbəsindən öyrəndik ki, 252 şagird yerlik köhnə ikimərtəbəli məktəb binası 2005-ci ildə istifadəyə verilib. Ötən tədris ilində məktəbdə 344 şagird təhsil alıb. Tədris ili başa çatan kimi isə bina sökülüb... Kənddə binanın sökülməsinin səbəbi barədə dəqiq məlumat öyrənə bilmədiyimizdən üz tutduq digər bir ünvana...
    Babək Rayon İcra Hakimiyyətində söküntünün səbəbi barədə suallarımıza İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət komissiyasının sədri Heydər Əliyev aydınlıq gətirdi. Komissiya sədri bildirdi ki, 2022-ci il oktyabrın 5-də yerli vaxtla 0421 radələrində baş vermiş 5,3 bal gücündə zəlzələnin yarada biləcəyi fəsadların aşkar olunması və potensial bədbəxt hadisələrin vaxtında qarşısını almaq məqsədilə Cəhri qəsəbə 2 nömrəli, Hacıvar və Payız kənd tam orta məktəblərinin binalarına viziual baxış keçirilib. Hacıvar kənd tam orta məktəbinə baxış zamanı müəyyən olunub ki, binanın sağ hissəsinin əhatə etdiyi direktor, müəllimlər, kompüter və sinif otaqlarının tavanlarında iri çatlar əmələ gəlib, sağ hissədə və döşəmədə oturma halı vardır. Faktla bağlı fotoşəkillər çəkilib, akt tərtib olunaraq həm şifahi, həm də yazılı şəkildə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə məlumat verilib... 
    Məsələ ilə bağlı növbəti müraciət etdiyimiz ünvan Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazir­liyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi oldu. İdarənin rəisi Vüqar Kazımov bildirdi ki, daxil olan rəsmi məlumat əsasında cari ilin may ayında Hacıvar kənd tam orta məktəbinin binasına baxış keçirilib. Bina müayinə edildikdən sonra texniki cəhətdən istismara yararsız olduğu müəyyənləşib, faktlar aktlaşdırılaraq aidiyyəti üzrə təqdim olunub. Obyektin vaxtından əvvəl istismar müddətini başa vurmasına əsas səbəb kimi isə inşa edilən zaman layihələndirmənin düzgün aparılmamasını, tikinti norma və qaydalarına əməl olunmamasını göstərmək olar... 
    “Növbəti tədris ilində Hacıvar kənd tam orta məktəbinin şagirdlərinin təhsil məsələsi necə olacaq?” sualına isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aydınlıq gətirildi. Bildirildi ki, yeni bina tikilib istifadəyə verilənədək şagirdlər müvəqqəti olaraq qonşu Şəkərabad kənd tam orta məktəbində təhsillərini davam etdirəcəklər. Ötən tədris ilinə əsasən ümumi şagird sayının 511 və məktəb tutumunun 396 olduğunu nəzərə alsaq müəyyən çətinliklərin yaranacağını indidən söyləmək çətin deyil...
    Hacıvar kəndində məktəb binasının sökülməsinin səbəb və nəticələrini araşdıran zaman ölkəmizdə bütün sahələrə qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır” fikirlərini xatırladıq və qeyri-ixtiyari ötən ilin mart ayında Nehrəm qəsəbəsində baş verən bədbəxt hadisəni düşünərək təəssüf hissi keçirdik. Bəli, aidiyyəti təşkilatların məsələyə səhlənkar münasibəti, hadisənin vaxtında qarşısının alınmaması, tikintidə texniki təhlükəsizlik qaydalarının gözlənilməməsi həmin qəsəbədə fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbdə aparılan yenidənqurma işləri zamanı binanın bir hissəsinin çökməsinə səbəb olmuşdu. Hadisə nəticəsində dörd nəfər həyatını itirdi, bir şəxs isə xəsarət aldı. Hacıvarlı şagirdlər, valideynlər növbəti tədris ilində bir qədər çətinliyə qatlaşmalı olsalar da, eyni aqibətin yaşanmadığından qismən toxtaxlıq tapırlar... İnanırıq ki, dövlət idarəçiliyində aparılan islahatlardan sonra aidiyyəti qurumların həssaslığı, diqqətcilliyi daha da artacaq, əvvəlki dövrlərdə yaşanan bədbəxt hadisələr, o cümlədən də maliyyə israfçılığı halları bir daha təkrarlanmayacaq. Ümidvarıq ki, bundan sonra inşaat işlərində layihələndirmə düzgün şəkildə aparılacaq, tikinti norma və qaydalarına tam əməl olunacaq ki, binalarımız Hacıvar kəndindəki kimi vaxtından əvvəl söküntüyə məruz qalmasın ...

Nail ƏSGƏROV

Nəşr edilib : 25.07.2023 11:47