AZ EN RU

“Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında sertifikatın təqdimat mərasimi olub

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Naxçıvan Muxtar Respublikasında səfərdədir. Səfər çərçivəsində “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezantativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatın təqdimatı olub. Əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Şərur Xalq Yallı Ansamblının ifasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil olan “Köçəri” və “Tənzərə” yallıları ifa olunub. 

    Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub. Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir. Naxçıvanda Yallı qrupları, xüsusilə də Şərur Xalq Yallı Ansamblı bu gün bu mədəni irsimizi qoruyub yaşadır və təbliğ edir. 15 üzvü olan ansambl hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Ansambl qastrol səfərlərində olur, keçirilən mədəni-kütləvi tədbirlərdə, yallı festivallarında iştirak edir. Kollektivin fəaliyyəti qiymətləndirilib, mükafatlara layiq görülüb. Diqqətə çatdırılıb ki, yallıların tədqiqi və araşdırılması istiqamətində də işlər aparılıb. Məlum olub ki, Şərur yallılarının 90-dan çox növü var. Onların da 40-a yaxını Şərur Xalq Yallı Ansamblının repertuarına daxil edilib. 

    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bununla da Şərur yallılarının beynəlxalq müstəvidə tanıdılmasına və təbliğinə şərait yaranıb. 

    Bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da mədəniyyətimizin inkişafına, tanıdılmasına və təbliğinə xüsusi diqqət yetirilir, bu sahədə ardıcıl tədbirlər görülür. Qeyd olunub ki, Şərur yallıları xalqımızın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri və ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Nazir Bakıda keçiriləcək folklor festivallarında Naxçıvan folklorunun da təbliğ olunmasının vacibliyinə diqqət çəkib. 
    Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov “Yallı (Köçəri, Tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezantativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatı Şərur Xalq Yallı Ansamblına təqdim edib. Sonra Heydər Əliyev Sarayı ilə tanışlıq olub. 
`    Tədbirdən sonra fürsəti dəyərləndirib, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun Naxçıvanla bağlı təəssüratlarını öyrənmək imkanı əldə etdik.
    Nazir qeyd etdi ki, qədim diyara səfər çərçivəsində bir neçə görüş olub. O, yüksək səviyyədə qarşılanmaya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirdi. 
    Nazir Naxçıvanla bağlı təəssüratlarını bizimlə paylaşaraq dedi ki, Naxçıvan Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verən bir diyardır, tarixi-mədəni irsinin zənginliyi ilə Azərbaycanın ən aparıcı bölgələrindən biridir. 
    Naxçıvana işgüzar səfərindən bəhs edən Anar Kərimov dedi: “Səfərimizin məqsədi bu diyarın tarixi-mədəni irsini, zəngin adət-ənənələrini təbliğ etmək, beynəlxalq aləmə çatdırmaqdan ibarətdir. Bildiyiniz kimi, bu təbliğatın bünövrəsi 2018-ci ildə qoyuldu. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edildi. Beləliklə, bu rəqslər dünyaya bəşəri bir irs kimi tanıdıldı. Hesab edirik ki, bu bir başlanğıcdır. Çünki Naxçıvanın o qədər zəngin mədəniyyəti var ki, doğrudan da, bu diyarın bütün dünyada tanıdılması zəruridir. Məqsədimiz bu irsi həm ölkə daxilində inkişaf etdirib yeni nəsillərə ötürmək, həm də dünyaya çatdırmaqdır. Bu istiqamətdə daha böyük işlər görməyi planlaşdırırıq. Elə bu səfər zamanı da bu layihələri müzakirə etdik”. 
    Naxçıvanda festivalların keçirilməsi barədə layihələrin əhəmiyyətini vurğulayan Azərbaycanın mədəniyyət naziri qeyd etdi ki, Naxçıvanın zəngin folklorunu, mədəni irsini və eyni zamanda teatr sahəsində olan ənənələrini təbliğ etmək üçün respublikada keçiriləcək festivallarda, xüsusilə Bakıda keçiriləcək folklor festivalında Naxçıvanın da aktiv iştirakını və bu qədim yurdun folklor nümunələrinin həmin festivallarda təqdim edilməsi vacibdir. Beləliklə, bu layihə həm Bakı sakinlərinə Naxçıvanın zəngin mədəniyyətini tanıdacaq, həm də Naxçıvan folklor qrupları üçün stimul olacaq.
    Naxçıvanı ilk dəfədir ki, ziyarət edən nazir dedi ki, qədim torpağın hansı səmtinə yolu düşübsə, orada tarixi-mədəni abidələrlə, füsunkar təbiət mənzərələri ilə qarşılaşıb. Naxçıvan qədim tarixi, müasir inkişafı ilə xeyli sayda turisti cəlb etmək imkanına malikdir. Buradakı xalqın keçmişinə işıq salan tarixi abidələr, mənəvi irsimizin qorunduğu mədəniyyət ocaqları, insana daxili rahatlıq bəxş edən təbiət guşələri və milli memarlıq elementlərinin bərq vurduğu müasir binalara heyran olmamaq mümkün deyil. Nazir dedi ki, qədim diyarla tanışlıq zamanı müqəddəs ziyarət ocağı Əshabi-kəhfi ziyarət etməyi planlaşdırıb. Həmin məkanın möcüzəsini yaxından hiss etməyi səbirsizliklə gözləyir, Naxçıvan olduqca səliqəli, təmiz və abad məkandır. Buradakı sabitlik, dinclik olduqca diqqətçəkicidir. Əgər bir diyarda inkişaf gedirsə, o da, ilk növbədə, əmin-amanlıq sayəsində mümkün olur. 
    “Naxçıvanın XI əsrə aid abidələri insanı öz sehrinə salır”, – deyən nazir onu da bildirdi ki, heyətlə birlikdə Möminə xatın türbəsində olub.  Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Möminə xatın türbəsi Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti ilə səsləşir. Əcəmi Əbubəkr oğlunun dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Möminə xatın türbəsi  təkrarsız memarlıq nümunəsi kimi Naxçıvana gələn qonaqların diqqətini cəlb edir. Elə türbənin bələdçiləri də bu qədim diyara gələnlərin mütləq əksəriyyətinin Naxçıvan tarix-memarlıq incisi sayılan bu əsəri görməmiş geri qayıtmadıqlarını söylədilər.
     Nazir vurğuladı ki, bütün bunlar Naxçıvanın mirasının, irsinin nə qədər qədim köklərə dayandığını sübut edir. “Hesab edirəm ki, bu abidələr dünyaya tanıdılmalıdır, bunun üçün Naxçıvana turistlər cəlb edilməlidir, bu qədim diyarın tarixi zənginliyini bütün dünya görməlidir. 
    Naxçıvanın hansı səmtinə üz tutsaq, orada bir tarix var. Burada bizim kimliyimizi təsdiq edən çoxəsrlik nümunələr var. Bu faktlar bu sübutlar Azərbaycan üçün böyük təzahürdür. Çünki, Naxçıvan elə bir bölgədir ki, ona əsassız iddialar var. Bu iddiaların hamısını rədd etmək üçün məhz bu abidələri, bu nümunələri qorumalıyıq, təbliğ etməliyik, dünyaya tanıtmalıyıq ki, bütün dünya bilsin burada bizim ulularımızın ayaq izləri var”, – deyən nazir Şərq aləminin canlı muzeyi hesab olunan, ulu öndərin “Azərbaycanın incisi” statusunu ən qiymətli zinəti kimi illərdir, qoruyub saxlayan Ordubad rayonu və xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən Əlincə qalasına yürüş etmək arzusunda olduğunu bildirdi.

Gülcamal TAHİROVA

Nəşr edilib : 25.04.2022 21:26