AZ EN RU

“Yağlı çörəyin” qaranlıq taleyi və ya borclar geri qaytarılacaqmı?

    Bir neçə ay öncə muxtar respublikada aparılan yoxlamalar zamanı hər bir ailənin “borc dəftəri” kimi bildiyi qeyd kitabçası yağlı çörək olub yoxa çıxdı. Əslində, elə həmin dəftəri “yağlı çörək” adlandırmaq daha doğru olardı, yağını insanların qazandıqları “çörək”dən alan “çörək”. Bəli, söhbət 2020-ci ildən rəsmi şəkildə icbari tibbi sığortanın tətbiq olunmasına rəğmən “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsə üz tutan ailələrdən “dövlət rüsumu” adı altında vəsaitlərin yığılmasından, həmin vəsaitlərin qeydiyyatının aparıldığı “xüsusi dəftər”dən gedir...

    Uşağın dünyaya gəlməsi mənəvi sevinclə yanaşı, həm də maddi sıxıntılar gətirərdi Naxçıvanda yaşayan, xüsusilə də təminatı az olan ailələr üçün. Qadının hamiləlik müayinəsi üçün ilk dəfə xəstəxanaya müraciət etdiyi andan bu sıxıntılar başlayar, ta ki uşaq dünyaya gəlib, peyvəndi vurulub bitənəcən. Uşaq doğulduğu gün isə maddi sıxıntının kulminasiya nöqtəsi yaşanardı. Belə ki, hədsiz sevinc içərisində geyinib-keçinib xəstəxanaya üz tutan atanın üzündəki təbəssüm tibbi heyətin “şirinlik almaq” xatirinə canfəşanlıq etməsini, dəridən-qabıqdan çıxmasını görəndə acı ikrahla əvəz olunardı. Hətta iş o yerə gəlib çatmışdı ki, hər bir ailə bunu olmazsa-olmaz sayır, daha doğrusu, yazılmamış qanun hesab edirdi. “Şirinlik”siz dünyaya gələn uşaqlara qarşı biganə, etinasız münasibətin göstərildiyini bilən, eşidən ailəni, tibb işçilərindən fərqli olaraq tutduğu işə görə haradasa başa düşmək, qınamamaq olar. Axı övlad ən şirin, ən əziz nemətdir, onun başından bir tükün əksilməyi belə valideyn üçün ən dözülməz haldır. Xülasə, bu barədə çox danışıb, çox yazmaq olar...
    Hər kəsi düşündürən məlum məsələni araşdırmaq üçün üz tutduğumuz ilk ünvan Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi oldu. Burada bizi agentliyin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov qarşılayaraq suallarımızı qısa şəkildə cavablandırdı. Qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası ərazisində 2020-ci ildən etibarən icbari tibbi sığorta tətbiq olunur. “Tibbi Sığorta üzrə Azərbaycan Respublikasının Qanunu”na əsasən respublika vətəndaşlarının hamısı sığortalıdır və heç bir əlavə xərc ödəmədən nəzərdə tutulan xidmətlərdən istifadə edə bilərlər. Təsdiq olunan xidmətlər zərfində hamilə qadınlar üçün zəruri olan bütün müayinə və müalicələr nəzərdə tutulub. Başqa sözlə, qadının hamiləliyinin müəyyən edildiyi ilkin müayinədən uşaq dünyaya gəlib xəstəxanadan evə buraxılanadək bütün tibbi prosedurlar ödənişsizdir və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanır. Naxçıvan şəhərində hamilə qadınların ilkin səhiyyə xidmətini Doğum Mərkəzi həyata keçirdiyindən göndəriş tələb olunmur, digər rayon sakinləri üçün isə xidmətlərdən yararlanmaq üçün göndəriş verilməlidir. Xidmətlər zərfinin qərar hissəsində yalnız təcili yardım halında hamilə qadının göndəriş tələb edilmədən xəstəxanadakı xidmətlərlə təmin olunması nəzərdə tutulub.
    Araşdırmalarımızı Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində davam etdirdik. Xəstəxananın tibbi heyəti kim olduğumuzu bilib gəlişimizin məqsədini öyrənən kimi, adi vətəndaşlardan fərqli olaraq bizə dərhal reaksiya verdilər və mərkəzin baş həkimi Kəmalə Qurbanova ilə görüşməyə icazə verildi. Kəmalə həkim suallarımıza cavab olaraq qeyd etdi ki, 2021-ci ilin dekabr ayınadək Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tibbi sığorta ilə çalışan personala aylıq 25 faiz əlavə vəsaitlər ödənilib, 2022-ci ilin yanvarından isə publik hüquqi şəxs statusuna uyğun büdcəyə toplanan vəsaitdən aid tibb əməkdaşların əməkhaqlarına 30 faiz əlavələr edilib. Söhbət zamanı o da məlum oldu ki, sən demə, muxtar respublikada gedən məlum yoxlamalardan bərk təşvişə düşən xəstəxana rəhbərliyi “borc dəftəri”ni gedər-gəlməz məzuniyyətə yola salıb. Artıq ötən il noyabr ayının 24-dən mərkəzə müraciət edən hamilə qadınlar icbari tibbi sığorta zərfində nəzərdə tutulan bütün xidmətlərlə ödənişsiz şəkildə təmin olunurlar...
    Kəmalə həkimin otağından ayrıldıqdan sonra Doğum Mərkəzinin birinci mərtəbəsində hey müşahidə etdik, əvvəllər “cibimizə girən” “borc dəftəri”ni, daha doğrusu, yağını insanların qazandıqları çörəkdən alan “yağlı çörəyi” görə bilmədik. Araşdırmalar zamanı çox məqama aydınlıq gətirsək də, “yağlı çörəyin” taleyi qaranlıq, hər kəsi narahat edən “alınan borclar geri qaytarılacaqmı?” sualı cavabsız qaldı. “Borclu borclunun sağlığını istər”, – deyiblər. Borclu olmasaq da, bizə borcu olanın sağlığını istəyirik. Hətta “borcumuzu” ödəməyəndə sağlığımızı istəməyənlərin də...

Nail ƏSGƏROV

 

Nəşr edilib : 14.01.2023 15:03