AZ EN RU

Yağış yağır, nur çiləyir...

 Son günlər ölkəmizdə havaların bir müddət yağmurlu keçməsi, hətta bəzi dağlıq ərazilərə qar yağması, ardınca isə istilərin artması insanların qəribəsinə gəlməklə yanaşı, onlarda bu təbiət təzahürünə münasibəti deyəsən dəyişib. Çünki mövsümə görə anormal olan havalar sanki bəzi adamlarda bir qədər bədbin əhval-ruhiyyə yaradır. Ancaq yaz-yay aylarında yağışlı havadan zövq alanlarımız da az deyil. Müasirliklə qədimliyin qaynayıb qovuşduğu Naxçıvanda yağış tamam başqa gözəllik yaradır. Tərtəmiz küçələr, parklar, meydanlar, qırmız, yaşıl damlı binaları yağış yuduqca daha da gözəlləşir, rəngarəng mənzərəyə hələ güllərin, yaşıllığın qatdığı xoş çalarları demirəm. Yağışdan sonra buludların arasından boylanan günəşin yaratdığı göy qurşağı, qurutduğu küçələrdən qalxan xoş yağış ətri isə başqa aləmdir. Əslində yağışlı gündə də bu şəhəri sevməmək olmur.

Bu yerləri bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur.

Ramiz Rövşənin bu şeirində hər bir şey öz ahəngində, öz rəngində, öz biçimində, əl dəymədən, pozulmadan necə varsa, elə də təsvir olunub. Oxuduqca xəyalımızın ən gözəl güşələrində açılan mənzərələrdə bu möhtəşəmliyin hər incə detalı bizə rahatlıq və zövq verir.

İnsanlar islanmaqdan xoşlanmasalar da yağış səsini sevirlər. Kimsə bunu romantik və sakitləşdirici hesab edir, digərləri üçün yağış qoxusu stressi aradan qaldırmağa kömək edən ən gözəl təbiət hadisəsidir. Yağışda gəzmək müalicəvi təsir göstərə bilər: beyni sakitləşdirir, yatmış düşüncələrin və duyğuların sərbəst buraxılmasına kömək edir.

Bir çox insanlar isə yağış qoxusunu çox sevirlər. Sanki torpağa düşən hər damcı onun ruhunu oxşayır, mənəvi zövq verir. Mütəxəssislər qeyd edir ki, yağış qoxusu həmdə beyni aktivləşdirir.Yağışın qoxusuna hətta 1960-cı illərdə iki Avstraliya alimi tərəfindən tərtib edilmiş xüsusi ad verilib: petrikor. Bu aroma torpaq bakteriyaları, quruda bitkilərin buraxdığı yağlar və ozon, oksigen və azot molekullarını parçalayaraq azot oksidinə çevirərkən meydana gələn kimyəvi qarışıqdır.

 Yağışlı günlər stressin öhdəsindən gəlməyə, əhvalı yaxşılaşdırmağa, sakitləşməyə və bu anın dadını çıxarmağa kömək edir. Yapon alimləri müəyyənləşdiriblər ki, soyuq və yağışlı havalarda məşqlər daha çox kalori və yağ yandırır, nəinki isti havada edilən idman. Yağışda gəzmək yüksək əhval-ruhiyyə yaradır, odur ki, hər hansı bir qaydanı pozmaq istəyirsinizsə, özünüzü tutmayın. Çünki yağış zamanı küçələrə çıxan insanların sayı az olduğundan, belə havalarda gəzmək fikir və hisslərimizi tənzimləməyə imkan verir.

 Yağış yağır, ruhun təzələnir, dinclik tapırsan, beynini məşğul edən bütün fikirlər hüzünlü bir rahatlığa çevrilir. O hüznün içində romantik düşüncələrin qoynuna yuvarlanmış olursan- keçmiş, bu gün və gələcək yağış damcılarında birləşərək üzünə, oradan da qəlbinə axır. Yağış yağır... qəlbinin, beyninin dərin qatlarına sirayət edən məmnunluğun mənasını anlamadan sevinirsən.Bütün bunların səbəbi isə yağış yağan zaman torpağın təzə ruha bürünməsi, ağacların yeni həyat tapmasıdır. Canlılar xüsusi sevincə və şadlığa malik olurlar. Bəli, yağış ölmüş torpağa yenidən can verər. Yağış-ilahi rəhmətdir. Allah bu həyat amilini yerə göndərərək hamını sevincə qərq edir.

Yazımızın bu məqamında yağış haqqında bəzi maraqlı məlumatları da nəzərinizə çatdırmaq istəyirəm:

Portuqaliyada yağış işə getməmək üçün üzrlü səbəb hesab olunur.

Braziliyanın Para şəhərində sakinlər saatlarını yağışa görə tənzimləyirlər, çünki hər gün eyni vaxtda leysan yağır.

Əslində yağışın iyi yoxdur. Yağışın ətri dediyimiz iyi isə aktino və sianobakteriyalar ifraz edir. Yağışa iy verən maddə geosmin adlanır.

Uqanda sakinlərini fırtına ilə qorxutmaq olmaz. Belə ki, ölkədə ildə 250 gün yağış yağır.

Radioda hava proqnozlarının yaranma səbəbi yağış olub. Amerikalı radiostansiya sahibi bir gün yağışa düşdükdən sonra radiosunda sutkada bir neçə dəfə yağış haqda məlumat verən yeni rubrika açıb.

Quraqlıq Bostvanada insanlar yağış mənasına gələn “pula” sözü ilə salamlaşır, həmçinin ölkənin valyutası da “yağış” adlanır.

Kubada yalnız siesta-nahar vaxtı, Taylandda isə yalnız gecə yağış yağır.

XVII əsrdə Böyük Britaniyada yağış haqqında qanun mövcud idi. Onun əsasında səhv məlumat verən sinoptiki edam edirdilər.

Hidrometeorologiya mərkəzinin bütün ifadələrinin konkret mənası var. Məsələn, “qısamüddətli yağış” dedikdə yağış 3 saatdan çox davam etməyəcək, “yağış gözlənilir” dedikdə yarım gündən az davam etməyəcək mənasına gəlir. “Əhəmiyyətli yağıntı olmayacaq” yağışın yağmaması mənasına deyil, hər kvadrat metrə 0,3 litrdən çox yağıntı düşməyəcəyi mənasına gəlir.

Bu gün artıq süni yağış yaratmaq mümkündür. Təyyarədən quru buz parçalarını bulud topalarının üstünə atırlar. Buludda karbon dioksid su ilə qarışır və qar dənəsi kimi düşür, yerə düşərkən istilik nəticəsində qızır və yağış damlasına çevrilir. Bu yolla quraqlıqla mübarizə aparmaq mümkündür.

Yağışla bağlıbəlkədə hələ bilmədiyimiz daha çox məlumatlar vardır.

Yağış yağır... İnanmıram ki, həm ruhu, həm qəlbi, həm də insanın bədənini oxşayan bu gözəlliyin, hüzurun, romantikanın, eyni zamanda sakitliyin, hüznün təsiri altında kimsə başqasına pislik haqda düşünsün. Çünki yağış mənəviyyatı da təmizləyir.

         Aysel İSAZADƏ

NDU Jurnalistika ixtisası üzrə 3-cü kurs tələbəsi

 

Nəşr edilib : 08.06.2022 16:59