AZ EN RU

Yad ikən doğmalaşanlar...

İnsan yaş ötdükcə sevgi və qayğıya daha çox ehtiyac duyur. Həyatının ən gözəl illərini verib saçlarını övladlarının yolunda ağardan valideynlər, özlərinin diqqətə möhtac olduqları vaxtda, bəzən diqqətdən kənar qalmağa məcbur olurlar. Şahbuz rayonunda yerləşən Ahıllar Evində buranı özlərinə yuva bilib qalan, dövlətin onlara yaratdığı isti yuvaya sığınan kimsəsiz ahıllara rast gələ bilirik. Kimi övladının, kimi isə taleyin zamansız hökmü ilə tənha yaşamağa məcbur olub. Amma onlar dövlətin himayəsində özlərini kimsəsiz hesab etmir. Çünki sağlamlıqlarının qorunması, sosial şəraitlərinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır.

Yenicə onlara baş çəkmək üçün içəri daxil olmuşdum ki, məni görən kimi üzündə gülüş əks olunan, adı da özü kimi həlim və nəcib olan Nəcibə nənə ilə qarşılaşdıq. O, binanın doğma sakini kimi mənə “Xoş gəlmişsiniz”, deyərək içəri dəvət etdi. Bir neçə dəqiqəlik tanışlıqdan onun burada zamanını necə keçirdiyindən söz açdıqZəhmətkeş ömür sürən Nəcibə nənə yaşadığı ağrı-acılı, əziyyətli, bir o qədər də ləyaqətli, məğrur həyat yolunun dözümlülüyündən danışdı. Keçmişdən bu günə yaşadığı ağır sınaqlar yaşamaq həvəsini tükətməyib, qəlbindəki ümid işığını söndürə bilməyib. Dövlətin ahıllara göstərdiyi qayğı və diqqət ona bütün çətinlikləri artıq çoxdan unutdurub. İllərin yorğunluğunu çiyinlərindən uzun müddətdir ki, atan nənəmiz bu günündən ürəkdolusu söz açır, bu dövrdə yaşanılan bütün tarixi hadisələrə, qazandığımız zəfərlərə şahidlik etdiyi üçün Tanrıya şükür edir. Müzəffər Ali Baş Komandanla qürur duyduğunu deyən Nəcibə nənə bildirdi ki, bura artıq onlar üçün isti ocaqdır. Burada onların sosial tələbatlarının qarşılandığını, əməkdaşların isə onlara övladlıq etdiyini deyən Nəcibə nənə və digərləri yaradılan şəraitdən çox razıdırlar. 84 yaşlı Kamil Şirinov da söhbətimizə qoşularaq dedi:  – Geri qalan ömrümüzdə biz Allahdan nə istəyirik ki, bir xoş söz, doğma nəfəs. Bu, biz qocalara bəs edir. Siz gəncləri belə işində, gücündə gördükdə qəlbimiz min budaq olur, bala. “Allah sizi xoşbəxt etsin”,  – deyərək xeyr dua edib, doluxsunur. Kamil babadan öyrənirik ki, şeir yazmağı çox sevir, elə müəllifi olduğu Naxçıvana həsr olunan şeir parçasıyla söhbətini yekunlaşdırır:

Gətirmisən elə barı-bəhəri,

Yaşa səni, Naxçıvanım.

Batabatın gur suları,

Əlincənlə, Haçadağın

Xan Arazla, Heydər bağın,

Gül çiçəkli Naxçıvanım.....

  Onlarla həmsöhbət olarkən ruhum sanki dinclik tapır. Tale onlardan üz döndərsə də, çalışdıq ki, biz onların könüllərini xoş tutub istək və arzularını oxucularımıza çatdıraq.

Ahıllar Evinin digər sakini Violetta Nikolayevna deyir ki, burada zamanın səmərəli keçməsi üçün günün müəyyən hissəsini idman otağında keçirir. O müxtəlif idman növləri ilə məşğul olub, qida rejiminə diqqət edərək sağlamlığının qeydinə qaldığını bildirir. Deyir ki, yaşından asılı olmayaraq hər bir xanım baxımlı və gözəl olmalıdır.

Söhbət zamanı xanımlardan biri xüsuslə diqqətimi çəkirdi. Öz gülərüz siması, xanım-xatınlığı ilə seçilən 74 yaşlı Karlıqaş Malikbayeva. O hər sualımıza gülümsəyrək cavab verirdi. Soruşanda isə “uzunömürlü yaşamağın sirri gülümsəməkdir” deyir. Karlıqaş xanım bildirir ki, burada daha çox kitab oxuyaraq vaxt keçirir. Əvvəllər dünya ədəbiyyatı və dedektiv romanlar oxusamda, bir neçə ildir ki, Azərbaycan klassiklərinin əsərlərini oxuyuram. Ailəsindən niyə uzaq düşdüyünü soruşduqda bir an üzündəki təbəssüm öz yerini kədərə verir. “Mənim ailəm buradı, burada bizə baxanlarda ailə üzvlərimizdir. Burada özümə gözəl yoldaşlar tapmışam, onlarla vaxtın necə keçdiyinin belə fərqində olmuram. Sağ olsunlar, bizi hər dəfə Naxçıvanın gəzməli-görməli yerlərinə aparıb istirahət etmə imkanı yaradırlar. Bizə yaradılan geniş imkanlardan  hərzaman istifadə edirik. Burada ahıl yaşında, evimizdən uzaqda, yad olsaq da, doğma kimi yaşayırıq”.

Onlarla etdiyimiz söhbətlər məni kövrəltsədə, bir o qədər də sevindirdi. Onlar da başqa ahıllar kimi bir evin ağsaqqal, ağbirçəyidir.  Övladın isə bu həyatda ən mühüm vəzifəsi, onu dünyaya gətirən valideynlərinə səbrlə yanaşıb, qayğı göstərməkdir.

Ailədə böyüklərinə hörmət etməyib, biganə yanaşanlar nə Vətəninin, nə də doğmalarının qədrini bilməzlər. Unutmayaq ki, həyat bumeranq qanunudur. Kiməsə etdiyin pislik və ya yaxşılıq bumeranq kimi bir gün mütləq özünə qayıdacaq.

 

Bülbül QULİYEVA

Nəşr edilib : 05.03.2024 09:38