AZ EN RU

XXI əsrin qızıl iyirmiliyi və yaxud cənab İlham Əliyevin dünya boyda Azərbaycan sevgisi

    İki onillik qoca tarix üçün böyük bir zaman kəsiyi deyil. Amma Cənubi Qafqazın ən güclü dövlət olan Azərbaycan üçün cənab İlham Əliyevin 20 illik prezidentliyi dövrü həm də əsrə bərabər işlərin görüldüyü, suverenliyimizin təmin edilməsi ilə yaddaşlara yazılan əlamətdar ayların, günlərin məcmusudur. Bəli, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında gözlərimiz önündə şərəfli, parlaq bir zəfər gündəliyi yazılır. İllər sonra oğul-uşaqlarımız, nəvə-nəticələrimiz bu yaşananları tarix kitablarından oxuyacaq, biz isə onlara dövrün şahidləri kimi qürurlu günlərimizin fəxarətindən bəhs edəcəyik. XXI əsrin sərkərdəsi – cənab İlham Əliyevin əllərində Şuşa, Xankəndi, Xocalı, Xocavənd – bütün Qarabağın azad səmasına yüksəldilən üçrəngli göylər gözəli, necə xoşbəxt, bəxtəvərsən sən! İndi qalib əsgərin sənə zəfər salamı verməsi halal haqqındır, ay-ulduzlu hilalım!
    Mənə görə həm də bu, Azərbaycan Bayrağının zəfər paradıdır. Ona görə paradı ki cənab İlham Əliyev öz ordusu ilə erməni tapdağından azad etdiyi bütün torpaqlarda bayrağımızı ucaltdı. Başqa sözlə, Azərbaycan Liderinin sözü və imzası birdir. O, siyasi həyatında verdiyi bütün sözlərə sadiqdir. 2003-cü ildə xalqın böyük etimadı ilə Prezident seçilməsindən sonra müqəddəs kitabımız olan “Qurani-Kərim”ə və Konstitusiyaya əl basaraq and içmişdi ki, ərazi bütövlüyümüz bərpa ediləcək, üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün torpaqlarda dalğalanacaq. 
    Və budur... Cənab İlham Əliyev əməli işi, həyata keçirdiyi layihələri ilə tarix yazır. Bir neçə gün bundan öncə yağılardan azad edilmiş tarixi şəhərimiz olan Xankəndidən xalqa müraciəti zamanı milyonların qüruruna dönən cənab Prezident ötən 20 ili belə xarakterizə etdi: “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür!”, – deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz əminəm və inanırdıq ki, bu gün gələcək”.
    Qalib Komandan tarixi yaratmanın və yaşatmanın möhtəşəm örnəyini nümayiş etdirir. Ərazi bütövlüyümüzün bərpa olunması, işğalçıların torpaqlarımızdan qovulması prosesi son üç ilin hadisəsi olsa da, əslində, cənab İlham Əliyev bu böyük zəfərin konturlarını hələ 2003-cü ilin 15 oktyabrında – ilk dəfə Prezident seçildiyi gündən etibarən həssaslıqla işləyib hazırlamışdı. Bu, uzaqgörən liderin həm özü, həm də xalqı qarşısındakı hesabatı idi. İndi ötən 20 ilin Azərbaycanına nəzər saldıqda görürük ki, bugünkü uğurlarımızın təməlində 20 illik siyasi iradə və qətiyyət, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiqlik və nəhayət, cənab İlham Əliyevin qəlbindəki dünya boyda Azərbaycan sevgisi dayanır. 
    Qarabağ münaqişəsinin həlli ötən 20 ildə İlham Əliyev diplomatiyasının mərkəzində dayandı. Keçirdiyi bütün görüşlərdə, iştirak etdiyi tədbirlərdə dünyanın qulağına möhkəm səslə hayqırdı ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir, Qarabağ Azərbaycanın suveren ərazisidir, xalqımız və dövlətimiz heç bir vəchlə, işğalla barışmayacaq! 2019-cu ildə Soçidə, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında isə ən sərt, ən tutarlı, milyonlarla azərbaycanlının qəlbindən qopan tarixi mesajı verdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.
    Böyük Sərkərdə bu düyünün açılması – Qarabağ probleminin həlli üçün təkcə diplomatiya yox, bütün sahələrdə məqsədyönlü iş aparmışdı. O bilirdi ki, dünyada güc amili hər zaman öz sözünü deyir. Güclüsənsə, deməli, haqlısan. Güclü olmaq üçün iqtisadiyyat, ordu inkişaf etdirilməli, ideoloji cəhətdən hərtərəfli hazırlanmış yeni nəsil yetişdirmək lazım idi. Mahir siyasətçi ötən 20 il ərzində bu yolda, sözün həqiqi mənasında, cəfa çəkdi, fədakarlıq nümayiş etdirdi... Və bir gün biz gördük ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Ən müasir atıcı silahlar, pilotsuz uçuş aparatları, aviasiya vasitələri Silahlı Qüvvələrimizin arsenalına daxil edilib. Amma ən vacib olan qəlbində qisas və intiqam hissi ilə yaşayan, Qarabağı görməsələr də, Qarabağ eşqi ilə alışıb yanan, Ali Baş Komandanından “İrəli” əmrini gözləyən əsgər və zabitlərimiz idi. Nəyin uğrunda qan töküb can aldığını bilənlərin bir şüarı var idi: “Mövzu Vətəndirsə, gerisi təfərrüatdır”. Bax belə bir gənclik yetişdirmişdi cənab İlham Əliyev, məhz Onun 20 illik siyasi fəaliyyəti dövründə həyata keçirilmişdi bu ideoloji xətt. 
    Qeyri-səmimi mühitdə baş tutan görüşlər səmərə verməyəndə, ədalətsiz dünya haqlının yox, işğalçının yanında yer alanda cənab İlham Əliyevin iradəsi, qətiyyəti öz sözünü dedi. 44 gün davam edən hərbi əməliyyatla özünü “yenilməz”, qazdıqları tülkü yuvalarını isə “keçilməz” adlandıranlara dərs keçdik. Biz Ona Vətən müharibəsindən sonra həm də MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN dedik. O, hər bir azərbaycanlının Prezidenti olmaqla yanaşı, həm də ən əzizi, doğmasına çevrildi. O bu sevgini, xalq məhəbbətini 20 illik siyasi fəaliyyəti dönəmində zərrə-zərrə, qram-qram topladı. Əslində, bu, dünyada hər liderə, ölkə başçısına nəsib olan xoşbəxtlik deyil. Bu sevgi seli çoxlarının arzusu olsa da, cənab İlham Əliyevin yaşadığı, duyduğu reallıqdır. 
    Bu gün isə cənab İlham Əliyevin 20 illik siyasi fəaliyyətinə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə ucalığından baxırıq. Möhtərəm Prezident Xankəndidəki inzibati binanın pəncərəsini açıb otağın havasını dəyişməklə həm də göstərdi ki, şəhərə əsl azərbaycanlı ruhu, doğmalıq, təmiz hava geri qayıdıb. Murdar, iylənmiş, avantürizm və separatçılıq niyyəti güdənlərə bu torpaqlarda daha yer yoxdur. Bir vaxtlar tarixi şəhərimizdə oturub bizimlə ultimatum ritorikası ilə danışan təlxəklər, xalqımızın başına amansız müsibətlər gətirib soyqırımı aktı törədənlər indi Bakıda Azərbaycan qanunları ilə mühakimə olunurlar. Fikrimizcə, bu faktın özü belə 20 illik zəfərin təntənəsi hesab olunmalıdır. 
    Bəli, 86,6 min kvadratkilometrlik ərazidə İlham Heydər oğlu Əliyevin siyasi qətiyyəti və iradəsi keçərlidir. Bu iradə bizə bundan da parlaq günlər nəsib edəcək. Cənab İlham Əliyevin iradəsi Zəngəzur dəhlizinin açılmasını reallaşdıracaq, doğma Naxçıvanın anamız Azərbaycana qovuşmasını təmin edəcək. Çünki O, sözübütöv, sülhsevər, məramı xoş LİDERdir.

Muxtar RZAZADƏ

Nəşr edilib : 26.10.2023 22:26