AZ EN RU

XXI əsrin ən böyük Sərkərdəsindən Liderlik nümunəsi və düzgün döyüş strategiyası

    Qədim tarixin məşəqqətli və mürəkkəb zaman kəsiyindən, o cümlədən taleyüklü sınaqlarından üzüağ çıxan Azərbaycan xalqı 44 günlük müharibə ilə yazılan zəfər salnaməsinin növbəti ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd etməkdədir. Şübhəsiz ki, xalqa ərməğan olunan bu sevinc 30 illik yurd həsrətini, tarixi ədalətin bərpasını, eyni zamanda üçrəngli bayrağımızın bütöv Azərbaycanda dalğalanması amalını ehtiva edir. Müasir hərb tariximizə qızıl hərflərlə yazılan, xalqın hər bir təmsilçisinin köksünü dolduran, eləcə də bizi “dəmir yumruq” ətrafında sıx birləşdirən bu şanlı Qələbə bir sıra yönləri ilə bu gün diqqəti xüsusilə cəlb etməkdədir.

Daha az itki ilə daha böyük uğur

Milli və dövlətçilik maraqlarımız rəhbər tutulmaqla nümayiş etdirilən siyasi-diplomatik iradə, qətiyyətli mövqe, eləcə də Qarabağla bağlı müəyyənləşdirilən düzgün strategiya və yol xəritəsi şanlı Aprel Zəfərini, tarixi Günnüt Qələbəsini yenidən təkrarlamağa hər an hazır olduğumuzun, işğalla, işğalçı ilə heç bir vəchlə barışmayacağımızın əyani təzahürü idi. 2020-ci il sentyabrın 27-dən başlayaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənin davamlı təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlaması, qısa zaman ərzində tarixi ədaləti bərpa etməsi və doğma torpaqlarımızı işğalçılardan xilas etməyə müvəffəq olması sadalanan faktları bir daha təsdiq etdi. Beynəlxalq hərbi ekspertlər etiraf edirlər ki, Azərbaycan Ordusunun mahiyyətcə “daha az itki ilə daha böyük uğur” strategiyası əsasında apardığı müharibə dünya hərb tarixində hazırda çox ciddi təhlil olunur.

    İkinci Qarabağ savaşı ərəfəsində düzgün taktika və düşünülmüş döyüş strategiyasının ən bariz nümunələrindən biri də, şübhəsiz, “Qafqazın incisi”, “Qarabağın döyünən ürəyi” hesab olunan, hər bir azərbaycanlının qürur yeri sayılan tarixi şəhərimiz Şuşanın erməni vandallarının işğalından azad olunmasıdır. Qədim və bənzərsiz mədəniyyət nümunələri ilə zəngin olan bu tarixi şəhərin dağlıq relyefdə yerləşməsinə baxmayaraq, xüsusi həssaslıq və dəqiq döyüş planına uyğun, Azərbaycan əsgərinin misligörünməmiş qəhrəmanlığı sayəsində azad edilməsi isə hələ də dünyanın aparıcı hərbi ekspertlərini heyrətləndirir. Bu baxımdan Şuşa qələbəsi Azərbaycanın döyüş brendinə çevrildi.
    Ermənistanın keçmiş prezidentinin “Hələ də başa düşə bilmirik ki, Azərbaycan Ordusu Şuşanı topsuz-tüfəngsiz necə ələ keçirdi? Cəbrayıldan piyada daxil olub Hadrutdan çıxdılar. NATO generallarının isə “Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir” fikirləri bu faktların əyani təzahürüdür.
    2020-ci ildə Rusiyanın məşhur “Vedomosti” nəşrinin altı nominasiya üzrə illik xüsusi layihəsinin nəticələrinə əsasən Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəşrin oxucuları arasındakı səsvermədə “İlin siyasətçisi” seçilməsi də, bu mənada, təbiidir.

Vətən keşiyində sərvaxt dayanan qürur mənbəyimiz müzəffər Azərbaycan Ordusu

İlk növbədə, qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, ordu quruculuğunda da ilkin əsaslı islahatlar aparılmış, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, həmçinin maddi-texniki bazanın təkmilləşdirilməsi dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. 

    Müstəqil Azərbaycanda ordu quruculuğu prosesinin sürətli inkişafı və davamlı olaraq təkmilləşdirilməsi isə ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoyub. Ordumuzun döyüş hazırlığı və psixoloji səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığının artırılaraq maddi-texniki bazanın inkişaf etdirilməsi xüsusilə diqqətdə saxlanılmış, qabaqcıl üsullarla təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, habelə şəxsi heyətin müxtəlif ölkələrdə döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində böyük uğurlara nail olunmuşdur. 

    Nüfuzlu “Global Fire Power” mərkəzinin 2021-ci ildə 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusunun Cənubi Qafqazda birinci, dünyada isə ilk əlli ordu sırasında yer alması, bu mənada, təsadüfi xarakter daşımır. Dövlət başçısı cənab İlham Əliyevin “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir” fikri də bu faktı bir daha təsdiq edir. 

Təlimdə tökülən tər 
döyüş meydanında zəfər gətirər

Qürurla deyə bilərik ki, Vətən savaşında ordumuzun üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlməsinin mühüm aspektlərindən biri də şəxsi heyətin döyüş və mənəvi-psixoloji cəhətdən yüksək səviyyədə hazırlığı, o cümlədən dünyanın bir sıra qabaqcıl ölkələri ilə birgə genişmiqyaslı əməliyyat-taktiki təlimlərdə topladığı təcrübədir. Məşhur rus sərkərdəsi Aleksandr Suvorovun təbirincə desək: “Təlim əsgərin akademiyasıdır”. 
    Bu baxımdan da ötən dövrlər ərzində hərb sahəsində ixtisaslaşmış qabaqcıl ölkələrlə birgə “təlimdə tər, meydanda zəfər!” prinsipinə uyğun olaraq müxtəlif miqyaslı təlimlər uğurla reallaşdırılıb. Xüsusilə qeyd olunmalıdır ki, düşməni vahiməyə salan “Sarsılmaz qardaşlıq – 2019”, 2020-ci ildə “Azərbaycan-Türkiyə”, “Sarsılmaz qardaşlıq – 2021”, “Üç Qardaş – 2021”, 2022-ci ildə keçirilən “Qardaş yumruğu” kimi çoxsaylı şəxsi heyətin cəlb edildiyi təlimlərdə ən müasir hərbi texnikanın döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və bu kimi digər tapşırıqlar müvəffəqiyyətlə icra edilib. Bu da ordunun döyüş hazırlığının qorunub saxlanılması, çevikliyinin təmin edilməsi, peşəkarlığının artırılması baxımından olduqca önəmlidir.
    Şanlı Qələbəmizdən sonra da cənab Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu prosesi davamlı xarakter alıb. Bu, Vətən müharibəsindən sonra bir neçə dəfə hərbi təxribata cəhd edən Ermənistana verdiyimiz tutarlı cavablarda da özünü aydın ifadə edib.

    Cəbhədə uğur qazanan dövlətin informasiya savaşında da qalib gəlməsi labüddür

Ötən əsrin ikinci yarısından başlayaraq informasiya müharibəsi dövlətlər arasında siyasi və hərbi müstəvidə formaca yeni mərhələyə qədəm qoyub. Müharibə və münaqişələrdə özünü bir qüvvə kimi büruzə verən informasiya, əslində, hədəfi dəqiq nişan alan güclü silahdır. 
    Sirr deyil ki, bir sıra yönləri ilə diqqətçəkən informasiya savaşı cəbhə xəttində aparılan hərbi əməliyyatlardan heç də geridə qalmır. Yalana həqiqət donu geyindirməyə çalışan Ermənistan bu müddət ərzində böyük məkrlə dünya ictimaiyyətini aldatmağa cəhd göstərsə də, Azərbaycan dövləti 44 günlük Vətən savaşını nəinki döyüş meydanında, eyni zamanda informasiya cəbhəsində apararaq işğalçı ölkənin qərəzli informasiya mühiti yaratmaq xülyasını puça uğratdı. 

    Müzəffər Ali Baş Komandan bu dövr ərzində Azərbaycanın haqlı mövqeyinin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılması, düzgün və obyektiv işıqlandırılması məqsədilə 30-a yaxın xarici kütləvi informasiya vasitələrinə müsahibə verib. Ən mühüm nüanslardan biri isə odur ki, dövlət başçısının müsahibələri həm də erməni maraqlarına xidmət edən kütləvi informasiya vasitələrinə tutarlı cavab idi. 
    Vətən müharibəsi ərəfəsində ölkə mediasının da üzərinə böyük məsuliyyət yükü düşüb. Qələmi ilə xalqına xidmət edən jurnalistlərimiz müasir texnoloji vasitələrdən istifadə etməklə ictimaiyyətə mütəmadi olaraq operativ və dolğun məlumatlar çatdırmış, cəmiyyətin informasiya tələbatını tam ödəmiş, eləcə də informasiya savaşının yenilməz əsgərinə çevrilmişdilər.

Böyük Qələbənin sirri: 
Xalq-Lider-Ordu birliyi

Əminliklə demək olar ki, Şanlı Zəfərimizin əsas düsturlarından biri, bəlkə də, birincisi xalq-lider-ordu vəhdəti, xalqın öz liderinə yüksək etimadı, həmçinin inam yeri olan orduya isə mənəvi dəstəyi idi. Yaşından, cinsindən asılı olmayaraq, “dəmir yumruq” kimi həmrəylik nümayiş etdirən Azərbaycan xalqı bu həssas dönəmdə dövlətinin, ordusunun yanında olmaqla vətəndaşlıq missiyasını layiqincə yerinə yetirdi. Eyni zamanda 44 günlük savaş ərəfəsində ordumuzun heç nəyə ehtiyacı olmadığı halda aylıq təqaüdünü könüllü olaraq Silahlı Qüvvələrin yardım fonduna ödəyənlər də oldu, ordu sıralarına qoşulanlar da, məişət əşyalarını təminat üçün göndərənlər də. Bu addım, bəlkə də, tarixdə nümunəsi çox az görülmüş dövlət-xalq-ordu birliyinin ən gözəl təcəssümü idi.
    Qədim və şanlı tariximizə “Dəmir yumruq” əməliyyatı adı ilə həkk olunan Vətən müharibəsi regionda yeni reallıqlar yaratdı. Bu gün beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan Qarabağ münaqişəsini həll etməklə tarixə qovuşdurub. 
    Azərbaycanın sülh çağırışlarına adekvat reaksiya verməyən, eyni zamanda davamlı hərbi təxribatlar törətməklə xalqın səbrini sınağa çəkən Ermənistan və qanunsuz silahlı birləşmələrinə qarşı antiterror əməliyyatı başlanıldı. Müzəffər Ordumuzun Qarabağda 24 saat ərzində keçirdiyi antiterror tədbirləri nəticəsində respublikamızın suverenliyi tam təmin olundu, o cümlədən qanunsuz rejim dövlətimizin tələblərini qəbul edərək tərk-silah olunmağa məcbur edildi.
    Ölkə Prezidenti cənab İlham Əliyev mövcud prosesləri təhlil edərək bundan sonra inkişaf və quruculuğa istiqamət götürməyin əhəmiyyətini ön plana çəkərək demişdir: 

“İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də, nəhayət, rahat nəfəs ala bilər... Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “Dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”

    Bu gün erməni tapdağından azad edilmiş bütün torpaqlara həyat qayıdır, ocaqlar yanır, körpə nidaları eşidilir. 30 illik işğalın əzab-əziyyətindən qurtulan torpaqlar doğmalarının hənirtisi ilə cana gəlir, gələcək nəsillərinə qucaq açır. Bax budur Vətən, torpaq təəssübkeşliyi, budur, dünya boyda Azərbaycan sevgisi. Böyük Qələbəni bizə yaşadan qəhrəman oğullarımızla qürur duyur, şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Arif BAYRAMOV
 

Nəşr edilib : 02.11.2023 19:34