AZ EN RU

“Xüsusi tapşırıq” kitabının təqdimatı keçirilib

    AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Ulu Öndər Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfullah Qurbanov və “Naxçıvan” Universitetinin baş müəllimi Rəna Qurbanovanın birgə müəllifi olduğu “Xüsusi tapşırıq” adlı kitabının təqdimatı keçirilib. 

    Təqdimat mərasimini bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə yeni nəşr olunmuş kitab dahi şəxsiyyətin 1990-1993-cü illərdə muxtar respublikanın təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi tədbirlərdən bəhs edir. Xüsusilə Naxçıvanın müdafiəsi ilə bağlı Ulu Öndərin tapşırığına əsasən səlahiyyətli hərbi nümayəndə tərəfindən ölkəmizin digər regionlarından muxtar respublikaya müxtəlif yardımların, o cümlədən silah-sursatın gətirilməsi və bunun da nəticəsində Naxçıvanın etibarlı müdafiəsinin təşkili kitabın ana xəttini təşkil edir. 
    Qeyd olunub ki, “Xüsusi tapşırıq” adlı kitab Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə atılmış ən mühüm addımların mahiyyətini ortaya qoymaqla yanaşı, ilk milli ordu quruculuğu sahəsində görülmüş işləri də özündə ehtiva edir.
    Kitabın redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Səbuhi Həsənov bildirib ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmış yeni nəşr dörd bölmə, nəticə və rəsmi sənədlərin fotoşəkillərindən ibarətdir. Kitabın bölmə hissələrində Naxçıvanın blokadaya düşməsindən sonra yaranmış ağır və mürəkkəb vəziyyətdən, xüsusi dövlət əhəmiyyətli tapşırığa uyğun olaraq muxtar respublikaya silah və sursatın daşınmasından, xalqımızın vətənpərvər oğulları tərəfindən qədim diyara edilən yardımlardan bəhs olunur. Həmçinin sovet qoşunlarının Naxçıvandan çıxarılmasında ortaya çıxan çətinliklər və bu çətinliklərin necə həll olunması tarixi sənədlərlə oxucuya çatdırılır.
    Diqqətə çatdırılıb ki, kitabda milli ordunun yarandığı ilk dövrlərdə Türkiyə Silahlı Qüvvələri mənsublarının muxtar respublikada ordu quruculuğu işinə verdiyi töhfələr, müxtəlif dövrlərdə doğma diyarda hərbi attaşe olaraq çalışmış hərbçilərin Naxçıvan haqqında xatirələri də yer alıb.       
     Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasında Baş konsulu Asip Kaya yeni nəşrin Naxçıvanın  müstəqillik dövrü tarixinin, eyni zamanda həmin dövr Türkiyə-Naxçıvan əlaqələrinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb, kitabın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ən gözəl töhfə olduğunu qeyd edib. 
    Tədbirdə çıxış edənlər müəllifləri – Urfullah Qurbanov və “Naxçıvan” Universitetinin baş müəllimi Rəna Qurbanovanı təbrik edib, onlara işlərində uğurlar arzu ediblər. 
    Sonra müəlliflər kitab haqqında ümumi fikirlərini bölüşüb, iştirakçılara minnətdarlıqlarını bildiriblər. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 20.12.2023 18:01