AZ EN RU

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar “Yay məktəbi”nə cəlb olunub

    Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Bu sırada xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır, məqsədyönlü tədbirlər görülür, uşaqların bacarıq və maraqları nəzərə alınaraq onlar müvafiq məktəbəqədər, məktəb, məktəbdənkənar təhsil, müalicə və reabilitasiya müəssisələrinə, eləcə də idman və musiqi məktəblərinə cəlb olunurlar.  

    Görülən işlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq xüsusi kateqoriyadan olan uşaqlar üçün Ağbulaq İstirahət Mərkəzində  “Yay məktəbi” təşkil edilib. Məlumat üçün bildirək ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin, şəhid və qazi ailələrinin övladları, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlar olmaqla, ümumilikdə, 41 uşağın iştirak etdiyi “Yay məktəbi”nə 20 iyun tarixdə start verilib. Bu münasibətlə Ağbulaq İstirahət Mərkəzində tədbir keçirilib. 
    Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova  tədbirdə çıxış edərək artıq ənənə halını almış “Yay məktəbləri”nin uşaqlar üçün əhəmiyyəti barədə danışıblar. Bildiriblər ki, bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu münasibətlə ölkəmizdə, eləcə də muxtar respublikamızda silsilə tədbirlər həyata keçirilir. Bu sırada uşaqlar da diqqətdə saxlanılıb. Dövlətimiz tərəfindən onların layiqli vətəndaş kimi yetişmələri, milli ruhda tərbiyə olunmaları, bilikli, bacarıqlı, yüksək intellektli vətəndaş kimi formalaşmaları üçün bütün mümkün tədbirlər həyata keçirilir. 
   Çıxış edənlər diqqətə çatdırıblar ki, uşaqların mənəvi-psixoloji inkişaflarına xidmət edən belə tədbirlərin təşkili onlara yeni dostluqlar qazanmağa, muxtar respublikanın təbiəti ilə yaxından tanış olmağa, dünyagörüşlərini artırmağa, asudə vaxtlarını səmərəli keçirməyə əlavə imkanlar yaradır. İstirahət müddətində uşaqlar mərkəzlə yaxından tanış olur, onlar üçün yaradılan bütün şəraitdən istifadə edirlər. Rahat və geniş istirahət mərkəzində müxtəlif stolüstü və əyləncəli oyunlarda iştirak edir, film izləyirlər. Onlara milli mətbəximizin zəngin və ləziz təamları təqdim olunur. Mərkəzdə istirahət edənlərlə görüşüb onların təəssüratlarını öyrəndik.
    Şəhid Niyaməddin  İskəndərovun  qızı Mətanət İskəndərova bildirdi: – Gözəl təbiəti və istirahət məqsədilə ideal məkan olan Ağbulaq İstirahət Mərkəzində olduğum üçün çox sevincliyəm. Artıq 3-cü dəfədir ki, “Yay məktəbi”ndə iştirak edirəm. Burada keçirilən günlərin xoş və maraqlı olacağına, yeni dostlar, tanışlıqlar qazanacağıma əmin idim. Bu fürsəti yaxşı dəyərləndirməyə, “Yay məktəbi”ndə fəal iştirak etməyə çalışdım. Bizə belə imkanın yaradılmasına görə uşaqlar adından dövlətimizə minnətdarlıq edirəm. 
    Daha bir müsahibim  aztəminatlı ailədən olan Ayxan Əhmədov dedi: – İlk dəfədir, “Yay məktəbi”ndə iştirak edirdim. İstirahətimizin mənalı təşkili üçün burada hər cür şərait yaradılmışdı. Hər yer təmiz, səliqəlidir.  Burada müxtəlif intellektual oyunlar keçirildi və hamısında aktiv iştirak etməyə çalışdım. Vaxtımız, demək olar ki, çox gözəl və səmərəli keçdi. Buradan xoş təəssüratlarla ayrılırıq.
    Tətildən razı qalanlardan biri də valideyn himayəsindən məhrum Zülal Ələkbərov idi. O dedi: – Biz burada birlikdə maraqlı oyunlar oynadıq, müsabiqələrdə iştirak etdik  və istirahətimiz maraqlı keçdi. Bundan sonra hər il belə “Yay məktəbləri”ndə iştirak etmək istəyərəm. 
    Məlumat üçün bildirək ki, “Yay məktəbi”nin proqramına uyğun   uşaq hüquqları ilə bağlı maarifləndirici seminar, Ağbulaq kəndinin ekskursiyası, müxtəlif idman və əyləncəli oyunlar, intellektual yarışlar, diskussiyalar, uşaqlara aid olan  kitabların mütaliə və müzakirəsi keçirilib. “Yay məktəbi”ndə “Heydər Əliyev və uşaqlar” mövzusunda videoçarx   nümayiş olunub. Həmçinin Şahbuz Mədəniyyət Şöbəsinin mahnı və rəqs ansamblının  iştirakı ilə konsert proqramı və  Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının kollektivinin iştirakı ilə tamaşa nümayiş etdirilib. İstirahət müddətində keçirilən müsabiqə və yarışlarda fəal olan uşaqlar Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla mükafatlandırılıblar.
    Qeyd edək ki, “Yay məktəbi”nə cəlb olunmuş uşaqlara nəzarət etmək üçün 4 nəfər komitə əməkdaşı və istirahət müddətində uşaqların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə 1 nəfər həkim təhkim olunmuşdu. “Yay məktəbi”  dünən başa çatıb.

 Aytac CƏFƏRLİ

Nəşr edilib : 22.06.2023 18:35