AZ EN RU

Xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları üçün ekskursiya təşkil olunub

 

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə uşaqlar üçün ekskursiya təşkil edilib. Məqsəd tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsidir. Ekskursiyada şəhid övladları, valideyn himayəsindən məhrum uşaqlar və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqları iştirak edib.
    Uşaqlar ilk olaraq Heydər Əliyev Muzeyi ilə tanış olublar. Muzeylə tanışlıqdan sonra ekskursiya çərçivəsində növbəti ünvan Cəlil Məm­mədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi olub. Ekskursiya zamanı uşaqlara muzey haqqında məlumat verilib. Bildirilib ki, 98 eksponatla fəaliyyətə başlayan  muzeyin hazırda eksponat sayı 19 mindən çoxdur. Qeyd olunub ki, muzeyin fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur.
    “Saat Meydanı” Turistik İstirahət mərkəzinə yollanan uşaqlar müəyyən olunmuş xətt üzrə şəhər gəzintisinə çıxarılıblar. Sonra mərkəzdə onlar üçün animasiya cizgi filmi nümayiş olunub, uşaqlara nahar yeməyi təşkil edilib. Tədbirin sonunda uşaqlar üçün əyləncəli oyunlar keçirilib.
    Ekskursiya uşaqlarda xoş təəssürat yaradıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 
mətbuat xidməti

Nəşr edilib : 25.08.2022 19:10