AZ EN RU

Xüsusi peşəkarlıq və böyük fədakarlıqla həsrətinə son qoyulan Qubadlının azad edilməsindən 3 il ötür...

28 oktyabr Qubadlı Şəhəri Günüdür

    30 ilə yaxın düşmən tapdağında inləyən yurd yerlərimizdən biri idi Qubadlı. 1993-cü il avqustun 31-də ağır döyüşlərin sonunda 1 şəhər və 93 kənd daxil olmaqla bu rayon mənfur düşmən tərəfindən işğal edildi. 30 mindən artıq dinc sakin yurdundan, yuvasından, el-obasından didərgin düşdü. 27 il düşmən tapdağına məruz qalan rayonun təbii sərvətləri talandı, istismar olundu, tikililəri, kəndləri dağıdıldı. Ancaq faşist xislətli, mənfur erməni daşnakları tərəfindən işğal olunan Qubadlının yurd həsrəti ilə alışıb-yanan sakinləri hər zaman haqq-ədalətin zəfər çalacağı, erməni tapdağında olan ata-baba yurdlarının geri qaytarılacağı ümidi ilə yaşadılar. Və nəhayət, 30 ilə yaxın Vətən həsrəti, yurd nisgili 2020-ci il oktyabrın 25-də sona çatdı. 
    Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Qubadlıda yenidən üçrəngli bayrağımızı dalğalandırdı. Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin, bu torpaqlarda döyüşən igidlərimizin və qazilərimizin sayəsində biz Qubadlıya düz 27 ildən sonra başıuca, məğrur qayıda bildik. Ancaq Qubadlıya qayıtmaq o qədər də asan olmadı. Rayonun işğaldan azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Çünki mənfur düşmən burada güclü istehkam qurmuşdu. 2021-ci ilin dekabr ayında Azərbaycan Prezidenti cənab İlham Əliyev işğaldan azad edilmiş bu rayona səfəri zamanı Qubadlı əməliyyatının təfərrüatlarını açıqlayaraq deyib: “Düşmən şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkamlar qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Ermənistan dövləti bu cinayətə və bütün digər cinayətlərə görə cavab verəcək”. 
    Ərənlər yurdu, igidlər diyarı Qubadlı bu gün də öz qəhrəmanları ilə anılır. Qaçaq Nəbi, qoçaq Həcər hünərlərini xalqımızın qəhrəmanlıq tarixinə Qubadlının qoynunda yazıblar. Bu qəhrəmanlıq ənənələri nəsildən-nəslə keçərək yaşayıb. Birinci Qarabağ müharibəsində iz qoymuş pəhləvan komandir Əliyar Əliyev, Kərəm Mirzəyev, İkinci Qarabağ müharibəsində doğma yurdu Qubadlı uğrunda şəhid olan Milli Qəhrəman Şükür Həmidov, Əliyar Əliyevin ən yaxın silahdaşlarından olan general Mais Bərxudarov və onlarla igid yeni tariximizin milli qəhrəmanlarıdır. Qubadlının belə cəsur, igid övladları da vətənimizin şanlı tarixinə yeni səhifələr yazıblar.
    Qubadlı qədim insan məskənlərindəndir. Bu ərazi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, buradakı təbii mağaralarda, sığınacaqlarda insan əlinin, fəaliyyətinin izləri qalmaqdadır. Keçilməz qayalar, sərt sıldırımlar üzərində ucaldılan müdafiə istehkamları və keşikçi qalalarının qalıqları müasir dövrə qədər gəlib çatıb. Bu diyarın adının Sasanilər dövrünə dayandığının şahidi oluruq. Mənbələrdə qeyd edilir ki, aparılan qazıntılar zamanı 488-531-ci illərdə hakimiyyətdə olmuş Sasani şahı I Qubadın adına zərb edilən gümüş sikkələr tapılıb. Güman olunur ki, bu yurd yeri məhz I Qubadın adı ilə bağlı Qubadlı adlanıb. Lakin digər mənbələrdə bu ərazilərdə daha qədimdən yaşayışın olduğu müəyyənləşdirilir. Qədim pirlər, ibadətgahlar bu yerlərdə hələ İslamdan çox-çox qabaq daimi məskunlaşma yerlərinin mövcudluğunu göstərir. Bunu həm də tarixi bilinməyən qədim qəbiristanlıqlar, ayrı-ayrı yaşayış məskənləri yaxınlığından tapılmış maddi məişət nümunələri, əmək alətləri də təsdiq edir. Qubadlı şəhəri ərazisində aşkar olunmuş Xırman yeri, Əliqulu­uşağı kəndində aşkar olunmuş Qalaça, Koroğlu qalası, Muradxanlı kəndi ərazisində Maltəpə abidələri mütəxəssislər tərəfindən Son Tunc, İlk Dəmir dövrlərinə aid edilir. Saray, Poladlı, Xocamsaxlı, Çardaxlı kəndləri ərazisində keçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istehkam qalaçalar ayrı-ayrılıqda VII-IX əsrlərə aid edilsə də, əslində, bu istehkam qalaçalar bizim eradan əvvəl I yüzillikdə Atropatena və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid keşikçi-gözətçi məntəqələri sisteminin tərkib hissəsidir. Başarat kəndi yaxınlığında alban məbədi, Boyunəkər, Dəmirçilər və Gürcülük kəndlərindəki türbələr, Dondarlı məscidi, qəbirüstü qoç heykəllər, Məmər kənd məscidi yurdun qədimliyindən danışır.
    1933-cü ildə yaradılan Qubadlı 2 dəfə – 1937 və 1963-cü illərdə Zəngilanla birləşdirilib. Lakin çox keçmədən yenidən ayrıca rayon statusu alıb, 1964-cü ildən müstəqil rayon kimi fəaliyyətə başlayıb. Əhalisi işğaladək dövrdə 31 min nəfər olan Qubadlı rayonu qərbdən Ermənistanla, şimaldan Laçın, şərqdən Cəbrayıl və Xocavənd, cənubdan isə Zəngilan rayonları ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Rayon mərkəzindən keçən, adı dillər əzbəri olan bu çaylar indi Qubadlının göz yaşı yox, bu diyarın qoynunda sevinclə çağlayan təbiət gözəlidir. Erməni xislətindən daşı daş üstündə qalmayan, viran olan, talanan təbiət incisinin təkcə havasını, suyunu, dağlarını, çaylarını apara bilməyən mənfur düşmənin caynağından artıq üç ildir ki, qurtulub Qubadlı... 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunan Qubadlıda bu gün Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanır. Hazırda Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş bütün ərazilərimiz kimi Qubadlıda da quruculuq, abadlıq işləri aparılır, yağı düşmənin talayıb, viran qoyduğu ata-baba yurdumuz bu gün güllük-gülüstana çevrilir, çiçəklənir, gözəlləşir, əvvəlkindən də möhtəşəm görkəmi geri qaytarılır. 25 oktyabr 2021-ci ildə Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolundan Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Qubadlı” yarımstansiyasının açılışında, Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib, Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Görüş zamanı Prezident cənab İlham Əliyev deyib: “Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir və bundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər Günü kimi qeyd ediləcək. Bu münasibətlə sizi və bütün qubadlılıları, bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm”.
    19 oktyabr 2022-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qubadlı rayonu ərazisində yaradılacaq Zabuxçay və Bərgüşadçay su anbarlarının layihələri və Qubadlı şəhərinin Baş planı ilə tanış olub. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.
    Prezident cənab İlham Əliyev cari il may ayının 4-də Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması, həmin gün Qubadlı rayonunun Xanlıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib.
    Bu gün Müzəffər Ali Baş Komandanın işğaldan azad edilən ərazilərə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Qarabağımızın yenidən qurulması üçün atılan addımlar isə hər birimizi qəlbən sevindirir və qürurlandırır. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 24.10.2023 19:43