AZ EN RU

Xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinə həsr olunmuş seminar

22-23 noyabr tarixlərində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi kateqoriyaya aid şəxslərin hüquqlarının müdafiəsinin praktiki aspektləri” mövzusunda seminar təşkil edilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva seminarın beynəlxalq humanitar hüquq sahəsində bilik və bacarıqların artırılması, bu sahədə müsbət təcrübələrin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, Ermənistan tərəfindən Birinci və İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın vətəndaşımızın taleyi, 30 ilə yaxın işğal dövründə, habelə ondan sonrakı illərdə Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizdə basdırılmış çoxsaylı mina və partlamamış sursatların, eyni zamanda zoraki üsullarla qətlə yetirilməklə beynəlxalq hüquq normalarına zidd şəkildə  dəfn edilmiş soydaşlarımıza aid kütləvi məzarlıqların xəritə-sxemləri barədə dəqiq məlumatlar hələ də Azərbaycana təhvil verilməyib. Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının davamlı olaraq pozulması faktlarını özündə əks etdirən  və dünya ictimaiyyətinin diqqətini onların aradan qaldırılmasına cəlb etmək məqsədilə tərəfimizdən hazırlanan  hesabatlar insan hüquqları baxımından mühüm əhəmiyyət daşıyır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı Draqana Koiç bildirib ki, seminar vasitəsilə BQXK-nın Azərbaycanda gördüyü işlər və digər fəaliyyət istiqamətləri, eyni zamanda silahlı münaqişə ilə əlaqədar saxlanılmış şəxslər, itkin düşmüş şəxslər və onların ailələri, mina və partlamamış sursatların qurbanları və onların ailələrinin müdafiəsi barədə barədə ətraflı məlumat əldə ediləcək.

Vurğulanıb ki, müstəqil təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsi üçün müdafiə məsələləri ona dörd Cenevrə Konvesiyaları əsasında həvalə edilmiş mandatının özəyində dayanır. Bu təşkilat münaqişə zamanı beynəlxalq humanitar fəaliyyəti istiqamətləndirir, həmçinin humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirir və gücləndirir. 

Çıxış edənlər seminarın işinə uğurlar arzu edib.

 Sonra BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional koordinatoru Andrey Kozik və digər rəsmi şəxslərin  mövzu ətrafında məruzələri dinlənilib, praktik təqdimatlar olub. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bu gün də davam edən seminarda mövzu ilə bağlı məruzələr dinləniləcək və tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Seminar iştirakçıları “Şərq qapısı” qəzetinə müsahibə verib:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva: – İki gün davam edən seminarda xarici ekspertlər öz bilik və bacarıqlarını Naxçıvanda fəaliyyət göstərən dövlət-qurumlarının nümayəndələri ilə bölüşürlər. Məlumdur ki, Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərinə hörmətlə yanaşıb, onlara riayət edib. Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycana qarşı biz bu hörməti görmürük. Çünki, ən çox mina terrorundan əziyyət çəkən ölkələrdən biri məhz Azərbaycandır. 44 günlük Vətən müharibəsi  və ondan sonrakı dövrlərdə Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə əlaqədar tərəfimizdən ümumilikdə 18 hesabat, 29 bəyanat, 7-si videomüraciət olmaqla 60 müraciət hazırlanaraq beynəlxalq qurum və məhkəmələrə təqdim edilib. Hesabatlardan biri işğaldan azad edilmiş ərazilərdə mina probleminə, digəri isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımıza həsr edilib. Hesab edirik ki, belə konfrans və seminarların təşkili, həmçinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi olduqca vacib və əhəmiyyətlidir. Bu konfranslar vasitəsilə biz öz haqlı mövqeyimizi daha yaxşı və bilavasitə çatdırmaq imkanı əldə etmiş oluruq.

Naxçıvanda Qərbi Azərbaycanla bağlı keçiriləcək konqres haqqında danışan Səbinə Əliyeva  qeyd etdi ki, Azərbaycanın ən ağrılı məsələlərindən biri də bir milyona yaxın məcburi köçkün və qaçqın soydaşımızın olmasıdır. Ötən əsr ərzində bizim əzəli torpaqlarımızdan soydaşlarımız didərgin salınıb, onların fundamental hüquqları pozulub. Qərbi Azərbaycan İcmasının da təşkilatçılığı ilə keçiriləcək konqres qərbi azərbaycanlıların səsinin dünya ictimaiyyətinə çatdırılması, onların öz doğma yurdlarına qaytarılması, hüquqlarının tanınması baxımından böyük əhəmiyyət kəsb edəcək.

BQXK-nın Azərbaycan Respublikasındakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç : Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı fəaliyyəti 30 ildən artıqdır ki, davam edir. Komitə bu illər ərzində müvafiq dövlət qurumları ilə əməkdaşlıq edərək müxtəlif layihələr həyata keçirib. Bu mənada Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə layihələr xüsusi qeyd olunmalıdır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir. Bu baş çəkmələr zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin şəraiti  ilə və onlarla rəftarla maraqlanır, həmçinin də bu şəxslərin ailələri ilə əlaqə yaratması üçün şəraitin olduğunu yoxlayır və bu şəraiti yaradır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq bu şəxslərə baş çəkdikdə, bu fəaliyyətin  nəticəsində  bütün məlumatlar, məsələlər ancaq əlaqədar qurumlarla ikitərəfli konfidensial  sürətdə bölüşdürülür  və müzakirə olunur. Hər iki tərəflə istər Azərbaycan, istərsə də Ermənistan tərəfi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq bu məsələləri müzakirə edir. Sonuncu saxlama yerlərinə baş çəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub.

Nəşr edilib : 22.11.2023 15:15