AZ EN RU

Xüsusi iqtisadi rejimin tətbiq edilməsi ilə bağlı tədbir olub

    Naxçıvan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə konfederasiyanın sədri Vüqar Abbasov çıxış edərək bildirib ki, ölkənin dayanıqlı inkişafının təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar muxtar respublika iqtisadiyyatının inkişafında da yeni mərhələnin başlanmasını zəruri edir. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində xüsusi iqtisadi rejimin tətbiq olunması istiqamətində hazırlıqlar bu sahədə müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. 
    Qeyd olunub ki, Naxçıvan iqtisadi rayonunda dayanıqlı sahibkarlıq və investisiya mühiti yaradılmaqla xarici və yerli investisiyaların cəlb edilməsi, iqtisadiyyatın səmərəliliyinin artırılması üçün xüsusi güzəşt və imtiyazlar mexanizminin formalaşdırılması, yaşıl iqtisadiyyatın inkişafı, şaxələndirilmiş ixrac potensialına nail olunması, yeni iş yerlərinin açılması və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər xüsusi iqtisadi rejimin tətbiq edilməsinə geniş imkanlar açacaq. 
    Vurğulanıb ki, xüsusi iqtisadi rejimin tətbiqi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə də zəmin yaradacaqdır. 
    Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 05.12.2023 19:30