AZ EN RU

Xüsusi dövlət əhəmiyyətli tapşırıq (V hissə)

    ... Bu təyyarə ukraynalı əsgər və zabitləri Naxçıvandan evlərinə aparacaqdı. Qadın özünü təqdim etdi – Rimma Nikolayevna. Ukrayna Ali Radasında əsgər və zabitlərin hüquqlarının müdafiə komissiyasının rəhbəri idi. Mənə xalqımızın böyük oğlu Heydər Əliyevlə görüşmək istədiyini bildirdi. “Problem yoxdur”, – dedim. Onları Naxçıvana yola saldıq. Naxçıvana uçan təyyarə geri qayıtmışdı. Gələnlərin arasında Telman Sadıqovu gördüm. Yarası qismən sağalmışdı. Telman müəllim Naxçıvan Ali Məclisinin deputatı idi. Sonralar Şahbuz rayonunun icra başçısı oldu. Telman müəllimlə səmimi görüşdük. Vəziyyətlə maraqlandı. Saat 14 radələrində gözlədiyimiz təyyarə endi. Əvvəlcə iki texnikanı, sonra topları, “Zenit” qurğusunu, 100 ədəd mərmini və sairi yüklədik. Telman müəllim də 100 kiloqramlıq mərmiləri yükləyəndə bizə kömək etdi. Ona “Sizə ağır şey götürmək olmaz”, – deyəndə etiraz etdi. “İl-76” təyyarəsi 40 ton yük daşıyır. Eyyub müəllimlə mən içəri daxil olduq. Kabinəsi ikimərtəbəli idi. Eyyub müəllimə “Siz ikinci mərtəbəyə qalxın, mən birinci mərtəbədə olacağam”, – dedim. Əgər qeyri-adi bir vəziyyətlə qarşılaşsa, mənə yaxınlaşmasını tapşırdım. Ona əvvəldən bəzi təlimatlar vermişdim. Təxminən, 20 dəqiqə sonra Ermənistanın hava məkanına daxil olmuşduq ki, Eyyub müəllim aşağı endi. Təyyarə komandiri yanacağın tezliklə qurtaracağı üçün İrəvana məcburi eniş edəcəklərini demişdi. Eyyub müəllimə yuxarı qalxmağı, bir daha enməməyi tapşırdım. Ona dedim ki, komandirə təyyarənin partladılacağını çatdırsın. Aşağıda kabinədəki ruslar nədən söhbət etdiyimizi başa düşmürdülər. Hansı sürprizlə qarşılaşacaqlarını heç ağıllarına belə gətirməzdilər. Eyyub müəllim yuxarı qalxan kimi kəmərimin altından tank əleyhinə qumbaranı çıxaranda rusların rəngi sapsarı saraldı. “Əgər hiss eləsəm ki, təyyarə bir metr aşağı enir özümü də, sizi də məhv edəcəyəm”, –  deyib onların gözü önündə qoruyucunu çəkib çıxartdım. Kabinədən çıxıb mərmilərin yanında mövqe tutdum. Zabitlərdən biri dərhal yuxarı qalxdı. Sonralar Eyyub müəllim komandirə “O partladar”, – deyəndə komandir məni necə dilə tuta biləcəyini soruşmuşdu. Komandir Eyyub müəllimə psixoloji təsir göstərmək istəmiş, “Ya yanacaq qurtaracaq, təyyarə göydən yerə düşəcək, ya da yoldaşlarını partladacaq. Hər iki halda biz öləcəyik” demişdi. Lakin Eyyub müəllim aşağı enməmişdi. Komandir təslim olmuşdu. Yarım saat sonra təyyarə Naxçıvanda eniş etdi. Eyyub müəllim aşağı enmişdi. Hər şey qaydasında idi. Hamı mənə baxırdı. Qumbara ilə işarə edib hamının çölə çıxmasını istədim. Qumbaranı əvvəlki vəziyyətinə gətirdim. Yarım saat idi ki, barmaqlarım bir-birinə möhkəm kilidlənmişdi. Bu müddət ərzində ürəyimdən keçənləri, düşüncələrimi ifadə edə bilmirəm. Vaxt itirmədən Sədərəyə getdim. Məni idman (xüsusi təyinatlı) bölüyünün komandiri Səfər və İbrahim qarşıladılar. Onlarla birlikdə əsgərlərimizi yoxlamaq üçün səngərlərə qalxdıq. Şiddətli döyüşlər gedirdi. Güllələr yağış kimi yağırdı. Səngərdə bir əsgərimizin rahatsızlığı gözümdən yayınmadı. Onun avtomatını aldım, darağı yoxladım patronların hamısı yerində idi. Ayağa qalxdım. Səngərdən yarım metr hündürdə idim. Atəş açıb darağı boşaltdım. Əsgərə mənim etdiyimi təkrar etməməyi tapşırdım. Əsgər ürəklənmişdi. Yoldaşları kimi artıq atəş açmağa başlamışdı. İdman bölüyünün əsgərlərinə 100 ədəd gətirdiym “F-1” qumbaralarını payladım. Bu onlar üçün ən böyük sovqat idi. İki saata qədər müşahidələr və yoxlamalar apardıqdan sonra aşağı endim. Kənddə Adil Kazımov və Vaqif Məmmədovla görüşdüm (Allah hər ikisinə rəhmət eləsin). Vaqif müəllim evini OMON-a (XTMD – Xüsusi Təyinatlı Milis Dəstəsinə) qərargah kimi istifadə etmələrinə vermişdi. Komandirləri Azər Məmmədov idi. Ukraynanın Donetsk şəhərində Ali Siyasi Hərbi Məktəbi bitirmişdi. Döyüşçülər arasında “OMON Azər” kimi tanınırdı. Əfqanıstanda xidmət etmişdi. Malik Qalabəyov, Cavanşir Cəfərov, Səxavət Rzayev, Şücaət Qasımov, Ceyhun Abbasov və başqaları qəhrəman döyüşçülər idi. XTMD-ə qəbul Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilirdi. Bura hərbi xidmət keçmiş, fiziki cəhətdən güclü, vətənpərvər gənclər qəbul olunurdu. Ona görə də orada nizam-intizam çox yüksək səviyyədə idi. Sonralar, ara sakitləşəndən sonra 1993-cü ildə Azər Məmmədov Heydər Əliyevin mühafizə xidmətinə cəlb olundu. Ulu Öndərin Bakı şəhərinə qayıdışında, Gəncəyə səfəri zamanı Azərin onu müşayiət etməsi təsadüfi deyildi. Naxçıvan XTMD-nin fəaliyyəti kifayət qədər tədqiq olunmayıb. Onun haqqında hələ çoxlu kitablar yazılacaq.

    ...Axşam Elman Abbasovla görüşdüm, yaranmış vəziyyəti müzakirə etdik. Sabah da Sədərəkdə qalacağımı bildirdim. Biraylıq müşahidədən sonra düşmənin hansı silahlardan, texnikalardan istifadələri, o cümlədən canlı qüvvəsi haqqında son məlumatları bildirdim.    

    ***

    May ayı döyüşlərin ən şiddətli, arası kəsilmədən getdiyi, ən çox şəhid verdiyimiz bir ay idi. Bu ay xüsusilə Naxçıvan üçün yaddaqalan olacaqdı. İki gün sonra “Ümid” körpüsünün açılışı nəzərdə tutulmuşdu. Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gələcəkdi. Sovetlər birliyi zamanı heç kəsin ağlına gəlməzdi ki, Araz çayı üzərində tikilən körpü Naxçıvanla Türkiyəni birləşdirəcək. Burada Ulu Öndər Mustafa Kamal Atatürkü sayğı və sevgi ilə yad etməmək mümkün deyildir.
    Türkiyə ağır iqtisadi böhran yaşayırdı, Atatürkün rəhbərliyi altında İstiqlal Savaşı aparırdı. Elə o zaman İran dövlətindən 11 kilometr bu ərazini alır ki, gələcəkdə Naxçıvanla gediş-gəliş olsun. Həmin vaxt gəlmişdi. Nə qədər uzaqgörən idi Ulu Öndərimiz. Bütün təhlükəsizlik tədbirləri görülürdü ki, körpünün açılış mərasimi yüksək səviyyədə keçsin. Naxçıvan əhalisi qonaqları qarşılamağa hazır idi. Bundan xeyli əvvəl Kamal Yılmaz Paşa Naxçıvana ziyarətə gəlmişdi. “Ümid” körpüsünün açılışı çox yüksək səviyyədə, təhlükəsizlik şəraitində keçdi. Tək Naxçıvan əhalisinin deyil, bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi iki böyük türk siyasi xadiminin – Heydər Əliyev-Süleyman Dəmirəl görüşü baş tutdu. Gələcəyə böyük inam, ümid qığılcımları doğdu. Dünya mətbuatı bu görüşdən yazdı. Bu görüş qədim türk yurdu olan Naxçıvanın haqq savaşında düşmənə yalnız olmadığını göstərdi.

***

    Ulu Öndər məni təcili yanına çağırtdırmışdı. Nə isə ciddi bir hadisə baş verdiyi ürəyimə dammışdı. Görüş zamanı Ukraynadan gələn təyyarənin ruslar tərəfindən Gəncədə saxlanıldığını bildirdi. Rimma Nikolayevna bu böyük insana zəng edərək Ondan kömək istəmişdi. Gəncə şəhər rəhbərliyi, Şəhər Milis İdarəsi, digər hüquq-mühafizə orqanlarının cəhdləri uğursuz olmuşdu. Mənə “Sabah təyyarə Naxçıvanda olsun”, – dedi. Bu təyyarənin bizim üçün böyük əhəmiyyəti var idi. Ukrayna əsgər və zabitlərini yola saldıqdan sonra sıra ruslara gələcəkdi. Hər dəfə Naxçıvana gələndə 100 nəfər əsgər və zabiti qonaqpərvərliklə yola salırdıq. Nəyin bahasına olursa-olsun təyyarə azad olunmalı idi...
    Saat 1300-da uçduğum təyyarə Gəncəyə eniş etdi. Ümumi vəziyyəti öyrənmək üçün aeroportun komandiri Firudin Qasımovun kabinetinə getdim. Firudin müəllim təyyarənin desant əsgərlər tərəfindən həbs olunduğunu söylədi. Heç kim təyyarəyə yaxın buraxılmırdı. Əfqanıstanda xidmət keçmiş mayor İqor Peçorskiyin batalyonu təyyarəni qoruyurdu. Aeroportun, şəhər rəhbərliyinin ünsiyyət yaratmaq cəhdləri bir nəticə verməmişdi. Firudin müəllimə birlikdə təyyarənin yanına getməyi təklif etdim. Üzərimdə olan vəsiqəmi saxlamaq üçün ona verdim. Aeroportun şöbə rəisi İsmayıl Əhmədov məni vuracaqlarından ehtiyat edərək getməməyimi dedi. Yüz metr yaxınlaşdıqda Firudin müəllimə dayanmasını bildirib, tək yaxınlaşdım. Təyyarənin üç tərəfinə qum kisələri düzmüşdülər, on nəfər avtomatlı əsgər təyyarəni qoruyurdu. Otuz metr yaxınlaşmışdım ki, atəş səsi eşitdim, bir az irəli getmişdim ki, ikinci atəş səsi gəldi. Onlar məni qorxutmaq, qaçırtmaq istəyirdilər. Vurmaq istəsəydilər, elə bir dəfəyə vurardılar düşüncələriylə əllərimi qaldırıb rusca: “Mən silahsızam”, – dedim. Qarşıma yekəpər bir mayor çıxdı. Bu həmin İqor Peçorskiy idi. Əlamətləri deyilənlər kimi bir desant zabiti idi. Ona “Məndən qorxursan?” – deyə müraciət etdim. “Axı Əfqanıstana gedənlər qorxaq olmur, nəyə görə söhbətdən qaçırsan?” – deyə sual verdim. Sözlərim təsir etmişdi. Qoluma girdi, əsgərləri eşitməsin deyə təyyarədən on metr aralandıq. Kim olduğumu, haradan gəldiyimi soruşdu. Naxçıvan şəhərindən gəldiyimi deyəndə bir anlığa duruxdu. Məndən bir nəfəri tanıyıb-tanımadığımı soruşdu. Azər Məmmədovun adını çəkəndə “Dayan”, – dedim. Azərin qısa tərcümeyi-halını danışdım. Bundan sonra söhbətimiz dostcasına keçdi. Mənə dedi ki, iki saatdan sonra təyyarəni apara bilərsən.
    Telman Sadıqov “Niva” markalı abtomobilinin açarını mənə vermişdi. Təyyarənin ekipajı mehmanxanada idi. Onlara “Saat yarımdan sonra Naxçıvana uçuruq”, – deyəndə əvvəl inanmadılar, sonra bir-birinin üzünə baxıb yır-yığış etməyə başladılar. Onları Naxçıvana şəxsən özüm yola saldım. Rimma Nikolayevna Heydər Əliyevə rusların onları da həbs etmək istədiklərini bildirmişdi. Naxçıvana qayıdışlarını isə möcüzə adlandırmışdı. Mənim isə Gəncədə görəcək işlərim hələ çox idi. Müəyyən ekstremist qrupların hərbi hissələrdən silah, sursat əldə etmək cəhdlərinin qarşısını almaq üçün vacib görüşlər keçirməli idim...
    ... On il sonra mənə bir zəng gəldi. Telefonu açdım. Azər Məmmədov idi. Bakıdan gəlmişdi, mənimlə görüşmək istəyirdi. Naxçıvan Sərhəd Dəstəsinin keçmiş rəisi, istefada olan polkovnik Nizaməddin Məmmədovla birlikdə idilər. Şam yeməyindən sonra çay süfrəsində üzümü Azərə tutub olmuş bir hadisəni onlara danışmaq istədiyimi bildirdim. Hər ikisi məni diqqətlə dinlədilər. İqor Peçorskiy Azərə görə təyyarəni azad etmişdi. Qaranlıq bir məsələ var idi. Rəhbərliyinin əmrlərini heçə sayaraq təyyarəni buraxmaq sadə məsələ deyildi. Azərlə İqor Əfqanıstanda birlikdə xidmət etmişdilər. İqorun Azərə hansı borcu var idi? Sualıma cavab ala bilmədim, xatirələri Azəri çox-çox uzaqlara aparmışdı...

***

    Artıq prezident seçkiləri geridə qalmışdı. Xalqımızda böyük bir ümid yaranmışdı ki, nəhayət, əcdadlarımızın arzuladığı, lakin görə bilmədikləri, Rusiyadan asılı olmayan müstəqil milli dövlət qurulacaq. Ulu Öndərimiz Heydər Əliyevlə görüş zamanı məndən Əbülfəz Elçibəylə münasibətimin olub-olmadığını soruşdu. Onunla heç bir zaman görüşmədiyimi dedim, lakin milli azadlıq hərəkatında bərabər olduğum dostlarımın onunla isti münasibətləri olduğunu bildirdim. Ona dedim ki, indi hər yerdə xalq dahi şəxsiyyət Heydər Əliyevlə Əbülfəz Elçibəyin birləşib Dağlıq Qarabağ problemini həll edəcəyinə böyük ümid bağlayıb. Heydər Əliyev mənə bir vərəq uzatdı. Səhifənin yarısına qədər onun Əbülfəz Elçibəyə ünvanladığı təbrik teleqramı idi. Oxumağımı istədi. Çox səmimi bir təbrik idi. Sonra digər bir vərəqi uzatdı. Səhifə axıra qədər yazılı idi. Bu, Əbülfəz Elçibəydən cavab məktubu idi. Əbülfəz Elçibəy Ümummilli Liderimiz haqqında çox səmimi sözlər yazmışdı. Çox təəssüflər olsun ki, bu təbrik və cavab məktubu mərkəzi qəzetlərdə dərc olunmadı. Dahi rəhbərimiz Heydər Əliyev öz böyüklüyünü etmişdi. Milli birlik üçün ilk addım onun tərəfindən atılmışdı. Lakin xalqımız bilmirdi ki, yüksək vəzifələrdə əyləşən kiçik adamların böyük iddiaları olacaqdı. Bu birliyi onlar pozacaqdılar.

***

    Dahi şəxsiyyət Heydər Əliyev mənə Azərbaycanın müdafiə naziri Rəhim Qazıyevlə görüşüb ona vəziyyəti çatdırıb rəsmi bir məktubu təqdim etməyi tapşırdı. Məktubu Heydər Əliyevin müavini Asif Kələntərli yazmışdı. Məktubda Naxçıvandakı ağır vəziyyətlə bağlı Müdafiə Nazirliyindən hərbi yardım göstərilməsi xahiş olunurdu. Məktubu götürüb Gəncəyə getdim. Mürşüd Məmmədov yenicə Gəncə şəhərinə icra başçısı təyin olunmuşdu. Müsavat partiyasının üzvü idi. Ziyalı və vətənpərvər idi. Məni səmimi qəbul etdi. Biz öncədən tanış idik. Ondan Müdafiə naziri Rəhim Qazıyevin Gəncəyə gələcəyi vaxtı mənə bildirməsini xahiş etdim. Mürşüd müəllim mənə “Əgər görkəmli dövlət xadimi Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılmasaydı, xalqımız Dağlıq Qarabağ problemilə üzləşməzdi”, – dedi. Məndən salamlarını Ona çatdırmağımı xahiş etdi.

***

    Aeroportda təyyarəmizi yükləyirdik ki, Naxçıvandan gələn sərnişin təyyarəsi eniş etdi. Sərnişinlərin arasında Bəylər Eyyubovu (hazırda Azərbaycan Prezidentinin Şəxsi Mühafizə Xidmətinin rəisi, general-polkovnik) gördüm. Ona yaxınlaşıb görüşdüm. Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən göndərildiyini dedi. Nazirliyin beş-on min ədəd avtomat patronuna ehtiyacı olduğunu bildirdi. Üç gün əvvəl Daxili İşlər Nazirliyində Bəylər müəllim, mən və Oruc Zalov (Azərbaycan daxili işlər nazirinin keçmiş müavini, general-leytenant) Naxçıvandakı ağır vəziyyəti bir saatdan artıq müzakirə etmişdik. Axırıncı dəfə onunla 2001-cı ildə yazıçı Güllü Məmmədovanın “Qarabəkir əfsanəsi” kitabının (kitab Qars müqaviləsinin 80 illiyinə həsr olunmuşdu) beş ədədini Heydər Əliyevə çatdırmaq üçün görüşmüşdüm. Kitabın yazılmasında mənim də bir az zəhmətim olmuşdu. Onunla keçmiş ağır günləri yada saldıq.
    Bəylər müəllimə qardaşı Nəbi ilə bir çay içməyi təklif etdim. Bir saat keçməmiş yüz min ədəd patronu Bəylər müəllimlə Naxçıvana Ukraynaya məxsus təyyarə ilə yola saldım.
    İki gün sonra Mürşüd müəllim axşam saatlarında Rəhim Qazıyevin Gəncədə qonaq evində olacağını bildirdi. Həmin gün axşam qonaq evində Rəhim Qazıyevlə görüşdüm. Biz ilk dəfə idi ki, görüşürdük. Bundan xeyli əvvəl onun müavini Baba Nəzərli ilə görüşmüşdüm. Məktubu müdafiə nazirinə verdim. Rəhim Qazıyev məktubu oxuyub əsəbi halda üstümə atdı. Əyilib məktubu götürəndə “Gedin, Naxçıvanı Heydər Əliyev qorusun”, – dedi. Dönüb yanındakı əli avtomatlı cangüdəninə baxanda cəld sağ əlimi cibimə saldım. Üzünü mənə tutub “Bir də səni Gəncədə görməyim”, – dedi. Dərhal otaqdan çıxdım. Sürücüm mühərriki söndürməmişdi, biz qonaq evindən uzaqlaşdıq. Azərbaycan Respublikasının müdafiə naziri “öz sözünü demişdi”. Bizə onlardan haray yox idi. O, Heydər Əliyevə düşmən münasibət bəsləyən bilərdi, ancaq burada söhbət Naxçıvanın taleyindən gedirdi. Əbülfəz Elçibəyə yaxın olan dostlarıma Rəhim Qazıyevin Azərbaycana böyük problemlər yaradacağından bəhs etdim. Onun heç bir hərbi təhsili yox idi. Təcili bu adamın müdafiə naziri vəzifəsindən azad olunması təklifini verdim. Söhbət Vətənə böyük bir xəyanətdən gedirdi. Xəyanətkar isə müdafiə naziri Rəhim Qazıyev idi. Təəssüflər olsun ki, mənim sözüm eşidilmədi. Zaman mənim haqlı olduğumu sübut etdi. Sonralar bunu dostlarım da etiraf etdilər.
    İki gün sonra Xanlar (indiki Göygöl) rayonuna getdim. Rayon Polis İdarəsinin rəisi polkovnik İlyas Məmmədovla görüşdüm. Mənim üçün “humanitar yardım” təşkil etmişdi. Yükü aeroporta yola saldıqdan sonra vəziyyəti birlikdə müzakirə etdik. Onun kabinetindən Naxçıvana zəng etdim, Ulu Öndərlə danışdım. O mənə təcili Naxçıvana gəlməyimi tapşırdı.
    Ümummilli Lider çox narahat görünürdü. Məni diqqətlə dinlədi. Həyatımın təhlükədə olduğunu, hər an həbs olunan və ya vurula biləcəyimi söylədi. Ona bildirdim ki, işlər yekunlaşmaq üzrədir, Naxçıvanın başı üzərindən təhlükə hələ sovuşmayıb. Gəncəyə qayıdacağımı israrla söylədim. Dostlarım məni çox ciddi qoruyurdular. Üç günə doqquz təyyarə dolu “yükü” Naxçıvana gətirə bilmişdim. Ürəyimə dammışdı ki, xoşagəlməz bir hadisə ilə üzləşəcəyəm. Səhər tezdən aeroporta gələndə o xəbəri aldım...

(ardı var)
Urfullah QURBANOV
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin Əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi

Nəşr edilib : 04.05.2023 22:21