AZ EN RU

Xüsusi dövlət əhəmiyyətli tapşırıq (II hissə)

... İmamzadələr şəhəri, Şeyx Nizami yurdu, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə Azərbaycanda milliliyini qoruyub saxlamış böyüklüyünə görə ikinci şəhərdir. İnsanları Cavad xan kimi vətənpərvər, mərd, qorxmaz, qonaqpərvərdirlər. İzmir Türkiyə üçün nə qədər əhəmiyyət daşıyırsa, Gəncə də Azərbaycan üçün bir o qədər əhəmiyyət daşıyır.

İki gün ərzində şəhər və hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşüb tanış oldum. Yalnız birinə risk edib gəlişimin məqsədini açıqladım. Görmək istədiyim çox təhlükəli və heç bir qanun çərçivəsinə sığmayan bir iş idi. Bu qanunsuz işə görə həbs olunsaydım, azı 15 il “yatacaqdım”. Müraciət etdiyim şəxs Gəncə şəhər Polis İdarəsinin rəis müavini polkovnik Ramiz Cahangirov idi. İlk dəfə idi ki görüşürdük. Məni gözlədiyimdən çox səmimi qəbul etdi. Ramiz müəllim Naxçıvanda Daxili İşlər Nazirliyində Cinayət Axtarış İdarəsinin rəisi də işləmişdi. Naxçıvanı, naxçıvanlıları çox yaxşı tanıyırdı, o cümlədən də atamı. Yeri gəlmişkən Ramiz müəllim dinc Xocalı sakinlərinin döyüş bölgəsindən helikopterlə çıxarılmasında şəxsən iştirak etmişdi. Qısa məşvərətdən sonra mənə kömək edəcəyini bildirdi.

Gəncə aeroportunda ruslara məxsus hərbi hava qüvvələrinin bazası yerləşirdi. Bütün silahlı qüvvələrə general Şerbak nəzarət edirdi. Aeroportda rus desantçıları demək olar ki, hər şeyə nəzarət edirdi. Mənə təxminən 30 dəqiqə lazım idi ki, desantçıların diqqətini cəlb etmədən təyyarəni yükləyim. Təyyarənin içərisinin ölçülərini öncədən götürmüşdüm. Hansı yük təyyarənin hansı tərəfinə yüklənəcəksə, sxemi çəkib bu işdə mənə kömək edəcək dostlarıma vermişdim. Plan belə idi: mən Ramiz müəllimin xidməti maşınında, arxamızca da üstüörtülü bir yük maşını aeroportun ərazisinə daxil olacaqdıq. Cavanşir bəy təyyarəni əvvəlcədən şərtləşdiyimiz yerdə saxlayacaq, “AN 26” tipli təyyarə 4 ton yükümüzü aparacaqdı. Ona görə də bizə son dərəcə vacib olan yükləri öncədən tədarük etmişdim. Təyyarəyə girişin arxadan olması işimizi çox asanlaşdıracaqdı. Bu səbəbdən “AN 26”-nı seçmişdim. Həmin gün Gəncə Müdafiə Şurasının sədri Elşən Əliyevin atası Şubay kişinin evində qaldım. Onların yük maşınına müəyyən ardıcıllıqla qutuları yerləşdirdik. Özü, üç oğlu və iki qohumu mənə kömək edirdi. Aeroporta onları aparacaqdım. Hər şey qaydasında idi. İçimdə bir narahatçılq var idi. Ekstremal vəziyyətə hazır deyildim – üstümdə silahım yox idi. Şubay kişiyə bir avtomat lazım olduğunu dedim. İki saatdan sonra bir “Kalaşnikov” gətirdi. Paltosunun altında aeroporta keçirməyi tapşırdım. Lazım olarsa, işarə ilə mənə verəcəyini dedim. Elşənlə isə görüşə bilmədim, çünki o cəbhədə döyüşürdü.

Həyəcanla səhərin açılmasını gözləyirdim, gecəni yatmamışdım.Sabah üç gün tamam olurdu. Nəyin bahasına olursa olsun, yükü Naxçıvana aparmalı idim...

 Səhər açılmışdı. Saat 09:55-i göstərirdi. Heç bir yoxlama olmadan öndə biz, arxamızda yük maşını təyyarəyə yaxınlaşdıq. Məni görən kimi Cavanşir bəy dərhal təyyarənin arxasını açdı. Heç nə gözləmədən təyyarəni yükləməyə başladıq. Sonuncu yeşikləri yükləyirdik ki, yanımızda bir “QAZ-69” maşını dayandı. İçərisindən bir podpolkovnik və iki rus əsgəri düşdü. Podpolkovnik nə apardığımızı Ramiz müəllimdən soruşanda Şubay kişiyə işarə etdim, həmin dəqiqə paltosunun altından avtomatı mənə uzatdı. Avtomatı podpolkovnikə tuşlayıb qoruyucunu açdım. Ruslar şoka düşmüşdülər. Görünür indiyə kimi onların üzərinə silah çəkən olmamışdı. Ramiz müəllim mənə, lazım deyil, Urfullah, –  deyəndə, mən rusca onlar başa düşsün deyə bunların üçünü də gəbərdəcəm dedim. Təyyarə artıq yüklənmişdi. Üzümü Cavanşirə tutub, motoru işə sal,-dedim. Podpolkovnik əllərini göyə qaldırıb əsgərləri ilə maşına oturdu. Mənsə Ramiz müəllim və dostlarla sağollaşıb təyyarəyə mindim. Cavanşir bəy məni kabinəyə dəvət etdi. Üç dəqiqə keçməmiş artıq biz havada idik. Sonralar aeroportun mühafizə xidmətinin rəisi mənə dedi ki, siz gedəndən sonra bir saatdan artıq podpolkovnikin avtomobili orada qalmış, yerindən tərpənməmişdi. Soruşdum ki, burada niyə dayanmısınız? Sanki yuxudan ayıldı, sürücüsünə, getdik, – əmrini verib, oradan uzaqlaşdılar. Mən özüm isə o rusu bir daha oralarda görmədim. Bir saat 10 dəqiqədən sonra biz Naxçıvan aeroportuna eniş edəcəkdik. İndi isə Qarabağın üzərindən uçurduq. Yükümüz ağır olduğundan yüksəklik 3000 metri göstərirdi. Aşağıda alışıb yanan şəhər və kəndlərimiz aydın görünürdü.

Naxçıvanda hava limanında əsgərlərimiz “yükü” dərhal boşaltdılar. Qısa istirahətdən sonra biz Gəncəyə uçduq. Dostlarımız bizi gözləyirdilər. Heç bir maneə olmadan təyyarəni yenidən yükləyib Naxçıvana geri qayıtdıq. Təyyarəni boşaldıb, Cavanşirə 3 gün sonra Gəncəyə gəlməsini söylədim. Təyyarə Bakıya uçdu. Məndə qəti bir inam yaranmışdı ki, qısa zaman ərzində tapşırığın öhdəsindən gələcəyəm.

İş yerimə qayıdanda saat 18:00-u göstərirdi. Müdafiə Komitəsinin sədri Elman Abbasovla görüşəndə alayda bir problem olduğunu söylədi. 30 nəfərə yaxın zabit və gizir Qarabağa döyüşmək üçün göndərilmələrini tələb edirdilər. Qərargah rəisi ilə əlaqə saxlayıb alayın iclas zalında sabah 11:00-da görüşə gələcəyimi bildirdim. Alayın iclas zalında məni gözləyirdilər. Görüşüb rəyasət heyətində yerimə əyləşdim. Onları eşitmək üçün tribunaya dəvət etdim. Növbə ilə üç könüllü zabit çıxış etdi. Çıxışların məzmunu eyni idi. Xocalı soyqırımının intiqamını almaq üçün bütün tərkiblə Qarabağa göndərilmələrini tələb edirdilər. Onların heç biri Naxçıvanın sərhəd kəndlərində olmamış, həqiqi hərbi xidmət keçməmiş könüllülər idi. Növbəti çıxış üçün tribunaya heç kim gəlmədi. Ötən ilə qədər Naxçıvanın sərhəd kəndlərində müdafiə postlarının yaradılmasından, bir ov tüfəngi ilə onlarla könüllünün növbə çəkdiyindən, baş verən erməni təxribatlarının Azərbaycanın qəhrəman oğlu Afiyəddin Cəlilov tərəfindən necə qarşısının alındığını anlatdım. Onların danışdıqlarından daha çox Xocalıda törədilmiş erməni vandalizmindən məlumat verdim. Ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu söylədim. Çox keçmədən burada ağır döyüşlərin şahidi olacaqlarını dedim. İndiki qədər vətənimizin onlara böyük ehtiyacının olmayacağını anlatdım. Xalqımızın onlara böyük ehtiyacı olduğu halda, xidmət yerini dəyişmək tələbinin nə dərəcədə doğru olduğunu soruşanda 3 nəfərdən başqa hamısı bir ağızdan, siz haqlısınız komandir, –   demişdilər. Beləliklə, növbəti bir təxribatın qarşısı alınmışdı. Çox keçmədən ermənilərin Naxçıvana cəbhə boyu hücum edəcəklərini bilən bütün əhali doğma yurdumuzun müdafiəsi üçün səfərbər olmuşdu. Məni isə Ali Məclisin Sədri Heydər Əliyev gözləyirdi.

Blokada vəziyyəti vaxtilə dünyaya meydan oxuyan bir imperiyanın Naxçıvandakı hərbi hissələrini çox miskin hala gətirmişdi. Əsgərləri aclıq çəkir, həftələrlə yuyunmadıqlarından müxtəlif xəstəliklərə düçar olmuşdular, hərbi nizam-intizamdan əsər-əlamət qalmamış, oğurluq, itaətsizlik baş alıb getmişdi. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə hazırladığımız planın icrasına başladıq. İlkin olaraq hərbi hissələrdə olan türk əsilli olanları çıxarıb Bakıya, oradan da vətənlərinə yola salacaqdıq. Həmin gün 3 özbək əsgərini Bakıya yola saldıq. Bir neçə gündən sonra bizə yüzlərlə əsgər müraciət etdi. Hətta onların arasında ruslar da var idi. Təbii ki, biz onları yedirib-içirib təhlükəsiz şəraitdə yola salırdıq. Onlar bizə, Ali Məclisə yazılı olaraq təşəkkür edirdilər. Əvvəl özlərini ev sahibi kimi aparanlarındi qonaq kimi davranırdılar. Zabitlərin özləri hərbi hissələrdən silah-sursatı oğurlayaraq bizə satmaq istəyirdilər. Moskvanın niyyəti isə silah-sursatı, ağır texnikanı İrəvana aparıb ermənilərə təhvil vermək idi. Onlar Naxçıvanda Heydər Əliyev kimi bir dühanın varlığını unutmuşdular. Ancaq hər şey zaman tələb edirdi.

***

Ertəsi gün Gəncəyə, oradan da Tərtər rayonunun Şirarx qəsəbəsinə (mənfur ermənilər vaxtilə buranı Marquşavan adlandırardı) Ağır döyüşlər gedirdi. Elşənlə topun yanında görüşdük. Bir gün sonra Gəncəyə gələcəyini dedi. Axşamüstü Azərbaycan Milli Məclisinin üzvü, Gəncə şəhər Fövqəladə Müdafiə Qərargahının rəisi Çingiz Sadıxovla görüşdüm. Məni çox səmimi qarşıladı. “Kəpəz” mehmanxanasında mənə bir otaq ayrılmasına göstəriş verdi. Sərəncamıma bir “Qaz-69” markalı avtomobil ayırdı. Məndən Namiq Həsənovu tanıyıb-tanımadığımı soruşdu. Namiq müəllimi kim tanımırdı ki? Daxili İşlər nazirinin müavini kimi Namiq müəllim çox böyük bir missiyanı həyata keçirirdi. Siyasi məsələlər üzrə bütün danışıqlarda iştirak etmişdi, böyük nüfuz sahibi idi. Çingiz müəllim Namiq müəllimlə birlikdə Ali Partiya Məktəbində oxuduğunu bildirdi. Yarana biləcək bütün problemlərlə bağlı ona müraciət etməyimi xahiş etdi. Anbardan bizə lazım olan ehtiyacın aparılmasına icazə verildi. Anbardakı mövcud arsenallara baxıb son dərəcə vacib olanları seçib ayırdım. Təxminən 50 ton yük idi. Yüklər böyük ağır yeşiklərdə idi. Yükü qısa zamanda daşımaq üçün riskli bir qərar qəbul etdim. Onları tarasız aparacaqdım.

“AN-26” dəqiq vaxtında Gəncəyə eniş etdi. İki yük maşını ilə təyyarəyə yaxınlaşdıq. Yeşikləri açıb mərmiləri göstərdiyim şəkildə yükləməyə başladıq. Cavanşirdən xahiş etdim ki, tədricən yükləsin və ensin. Təhlükəsizlik tədbirlərindən biri də mərmilərdən başlıqlarını ayırmağımız oldu.

Artıq Gəncə aeroportunda bütün ehtiyat tədbirlərini görmüşdüm. Bizə qarşı ruslardan heç bir təhlükə gözlənilmirdi. Aeroportun polis rəisi İlqar müəllimdən bizə müvafiq köməkliyin göstərilməsini xahiş etdim. Aeroportun polisləri bizim yüklərimizi qoruyurdular. Vaxtdan səmərəli istifadə üçün yüklərimizi öncədən aeroporta gətirirdim. Gündə iki dəfə Naxçıvana uçurduq. Axşam Gəncədə şəhər nəqliyyat prokuroru Hüseyn Əlizadənin yaşadığı evə getdim. Hüseyn müəllim həyat yoldaşı Tükəzban xanımla məni çox mehribanlıqla qarşıladı. Hüseyn müəllim çətin, mənalı həyat yaşamışdı. Bir neçə il idi ki, onlar Özbəkstandan Gəncəyə köçmüşdülər. Onların həyətlərinə daxil olanda qonşuları mənə çox diqqətlə baxıb ünsiyyət yaratmaq istəyirdi, balaca uşaqlar isə “Azərbaycan əsgəri” marşını oxuyurdular. Hüseyn müəllimin evindən telefonla Ulu Öndər Heydər Əliyevlə əlaqə saxlayırdım. Tükəzban xanım isə qonşularına, bu gün xalqımızın böyük oğlu Heydər Əliyevlə danışığımızı iftixarla xəbər verirdi. Allah Hüseyn müəllimə və Tükəzban xanıma rəhmət eləsin. Mənə deyirdilər ki, hər gün bizə gəl, başqa yerdə şam etmə. Mən isə Ulu Öndərlə danışmaq zərurəti yarananda onlara gedirdim.

“AN-26” təyyarəsi ermənilərin diqqətini cəlb etmişdi. Cavanşir dedi ki, bizə atəş açırlar. Gündə iki dəfə uçuş həyata keçirmək təhlükəli olmuşdu. Ona dedim ki, mümkün qədər döyüş zonasının üzərindən deyil, kənardan uçaq. Uçuş vaxtını mən təyin edirdim, çalışırdım ki, uçuş saatlarımız bir-birindən fərqli olsun. Düşmən bizə atəş açırdı. Ekipajın həyatını təhlükə qarşısında qoya bilməzdim. Pilotlar (4 nəfər idi) qəhrəmanlıq göstərirdilər. Biz düşmən hədəfinə çevrilə bilməzdik, hər birimiz böyük bir məsuliyyət daşıyırdıq. Nə isə etməli idim. Ancaq nə?

Məlum səbəblərdən görkəmli dövlət xadimi Heydər Əliyevə görə Naxçıvana kömək etmək təhlükəli idi. Ən yaxşı halda kömək edənlər təqibə məruz qalır, işdən çıxarılırdılar. Amma çoxları heç nədən qorxmayaraq yüksək vətənpərvərlik, dahi şəxsiyyətə böyük rəğbət göstərərək bizə yardım edirdilər. Onlardan biri də Gəncə şəhər Nizami rayon prokuroru Mahmud Nəbiyev idi. Onunla görüşüm çox səmərəli oldu. Onun köməkliyi ilə 15 təyyarə “yükü” vaxtında Naxçıvana çatdıra bildim. Ondan əlavə Sumqayıtdan Boru Prokat Zavodundan 2000 metr boru gətirilməsini xahiş etdim. Bir həftə ərzində borular Gəncə şəhərinə gətirildi. Mahmud müəllim bir neçə dəfə məni evlərinə dəvət etdi. Sonralar mənə məlum oldu ki, həmin günlər mənə sui-qəsd törədiləcəkdi. Onun atası Yusif Nəbiyev Naxçıvanda Nazirlər Sovetinin Sədri işləmişdi. Azərbaycanda Sovet dövrü görülən işlər həmişə 1-ci partiya katibinin adı ilə bağlı olurdu. Naxçıvanda isə sənaye obyektləri, tədris müəssisələri, klublar, yollar, binalar və sair Yusif Nəbiyevin vaxtında tikilib, – deyirdilər. Allah ona rəhmət eləsin! Heç kim onun qapısından əliboş qayıtmayıb. Ümummilli Liderə Mahmud Nəbiyev haqqında məlumat verəndə Yusif Nəbiyev barəsində xoş xatirələrindən danışmışdı.

Gəncə Şəhər İcra Hakimiyyətində Fiqan İmaməliyevlə tanışlığım yerinə düşmüşdü. Əslən Naxçıvanın Xok kəndindən idi. Atası Nəbi İmaməliyev Azərbaycanda ilk milis (polis) polkovniki olmuşdu. Naxçıvan şəhərində Atatürk prospektində Cəmşid Naxçıvanskinin Ev Muzeyi ilə üzbəüz iki mərtəbəli binaya polkovnik Nəbi İmaməliyevin baralyefi asılmışdı. Fiqan müəllim Gəncə Şəhər İcra Hakimiyyətində sənaye, nəqliyyat, rabitə şöbəsinin rəisi idi. Ən böyük məsələ “yükü” daşımaq idi. Təhlükəli olduğundan heç kim qorxulu, qanunsuz “yükü” daşımaq istəmirdi. Bir çox problemlərim, o cümlədən, “yükün” daşınması dərhal həll olundu. Digər mühüm məsələ isə Gəncə-Naxçıvan və əks tərəfə sərnişin daşınmasında fasiləyə yol verilməməsi idi. Fiqan müəllim bu vacib məsələni ciddi nəzarətdə saxlayırdı. Hər dəfə İcra hakimiyyətinə gələndə Fiqan müəllimlə mühüm məsələləri müzakirə edib, onun məsləhəti ilə bəzi tədbirləri uğurla həyata keçirirdim. Ona zərər gələcəyindən ehtiyat edirdim. Fiqan müəllim isə “Naxçıvan bizim ürəyimizdir, hamının borcudur ki, vətənə kömək etsin” – deyirdi. Ayrıca məni icra başçısının müavini Nizami Əhmədovla da tanış etdi... 

(ardı var)

Urfullah QURBANOV

Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin

Əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri Heydər Əliyevin

səlahiyyətli hərbi nümayəndəsi

Nəşr edilib : 17.03.2023 15:57