AZ EN RU

Xüsusi dövlət əhəmiyyətli tapşırıq 

(III hissə)

(əvvəli qəzetin 29 mart 2023-cü il tarixli nömrəsində)

    ...Gəncədə ezamiyyətdə olduğum müddətdə vaxtım olduqca Ağstafa, Tovuz, Qazax, Şəmkir, Göygöl (keçmiş Xanlar), Tərtər, Goranboy, Mingəçevir, Yevlax və digər rayonlara gedib müəyyən əlaqələr yaradırdım. Qarabağın bəzi rayonlarına da, təbii ki, gedirdim.
    Döyüş gedən rayonlarda məni ən çox maraqlandıran düşmənin taktikası idi. Həm ordularının, həm də könüllülərinin. Bu məsələləri biz Dövlət Milli Müdafiə Komitəsində müzakirə edirdik. Gəncədən Naxçıvana “Yak-40” sərnişin təyyarəsi uçurdu. Aeroportun komandiri Firudin Qasımova dedim ki, təyyarənin oturacaqları sökülüb mənim sərəncamıma verilsin. Hansı razılıq lazımdırsa rəhbərlikdən alacağam. Bir günə “Yak-40” mənə verildi. Beş tona qədər yüklə 4000 metr yüksəklikdə uçurduq. Təyyarə sürətli olduğundan gündə 3 dəfə Gəncə-Naxçıvan reysi həyata keçirirdim. “AN-26” təyyarəsinin qəhrəman ekipajı ilə görüşüb, onlara xalqımızın böyük oğlu Heydər Əliyevin təşəkkürünü bildirib, öz adımdan minnətdarlıq edib Bakıya yola saldım. Çox təəssüflər olsun ki, məndən asılı olmayan səbəblərdən qəhrəman “AN-26” ekipajının üzvləri ilə bu günə qədər görüşə bilməmişəm.
    Gəncədə prospekt və küçələrdə mağarlar qurulurdu. Həmin dövrdə, demək olar ki, hər gün şəhərə bir neçə şəhid gətirilirdi. Şəhər yasa bürünmüşdü.

***

    ...Naxçıvan təkcə iqtisadi blokadaya alınmamışdı. Burada, eyni zamanda informasiya blokadası hökm sürürdü. Respublika televiziyasının xəbərləri videokasetə köçürülür, bir gün sonra isə Naxçıvan televiziyası ilə təqdim olunurdu. Naxçıvan həqiqətlərinin nəinki dünyaya, hətta Bakıya çatdırılması problemə çevrilmişdi. Bu problemi qismən həll etmək, Naxçıvana humanitar yardım göstərmək üçün Gəncədə Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaradılmasına icazə istədim. Ulu Öndər təklifimi bəyəndi...
    Gəncədə Alimlər Evi fəaliyyət göstərirdi. Müdiri Kazım Axundov idi. Bir müddət əvvəl Fiqan müəllim məni Musa Musayevlə tanış etmişdi. Yük maşını lazım olduğu üçün gəncəlilərin “Musayevin qarajı” deyilən müəssisəyə getmişdim. Doğma övladı kimi məni qarşıladı Musa dayı. Gedək yeməkxanaya mən acmışam, – dedi, əslində, məni yeməyə dəvət edirdi. Musa dayı elə-belə kişilərdən deyildi. Babası Kalba Musa Naxçıvanda məşhur adam olmuşdu. Çəkdirdiyi kəhriz 100 ildən çoxdur ki, əhaliyə xidmət edir. Musa dayı ilə Alimlər Evinə getdik. Kazım müəllimdən cəmiyyətin mərkəzinin Alimlər Evində yerləşməsinə razılıq aldıq. Musa dayıya da, Kazım müəllimə də Allah rəhmət eləsin! Tezliklə Alimlər Evinə Gəncədə yaşayan qeyrətli naxçıvanlılar və Gəncəbasarın qəhrəman övladları toplaşdılar. Cəmiyyətə Hüseyn Əlizadəni sədr, Musa dayı ilə Firudin Şimşəyi müavin seçdik. Allah hər üçünə rəhmət eləsin! Gəncə Ağsaqqallar Şurasının Sədri Ağa Ağayev, Çingiz Sadıxov, Fəxrəddin Məmmədov, Metal bazanın müdiri Əli müəllim, Əkbər Nəsirov, Salman Məmmədov, akademik Mikayıl Rəhimov, Nurəddin Babayev, Vahid Şirəliyev, Hüseyn Vəliyev, Əli Mehdiyev, Əhməd Əhmədov, Fiqan İmaməliyev, milis polkovniki Natiq Həsənov, İbrahim Cəfərov, Rafiq və Rauf Şəfiyev qardaşları, Teyyub Hacıyev, Mərdan müəllim, Vilyam Hacıyev, Elşən Əliyev, Səməndər Qurbanov, Vaqif müəllim, milis kapitanı İbrahim, qarajın işçiləri Vaqif və Əli müəllim, Ziyad Abbasov, Arif Hüseynov, Firudin Qasımov, Eldəniz Nəcəfli, Mətləb Əliyev, Mərdan Tağıyev, Qəzənfər Əliyev, Qalib Rəhimli, Mətləb Abdullayev və digərləri cəmiyyətin ən fəal üzvləri idilər. Naxçıvana təmənnasız köməklik edən bu insanlardan dünyasını dəyişənlərə rəhmət, qalanlara cansağlığı arzu edirik. Salman Məmmədovun anası Əsmət xanım Naxçıvana gəlmiş, yüz min manatlıq dərman ləvazimatını Apteklər İdarəsinə vermiş, on min manatı Sədərəkdə müalicəyə ehtiyacı olan yaralılara paylamışdı. Cəmiyyət hər gün fəaliyyət göstərirdi. Cəmiyyət üzvlərinin, onların tələbələrinin köməyi ilə mən təyyarənin yüklənməsini də həyata keçirirdim. Həftədə bir dəfə rəhbər heyət toplanırdı. Mən Naxçıvandakı mövcud vəziyyətlə bağlı məlumat verirdim. Sonra görüləcək işlər barədə qərar qəbul edirdik. Mənim təklifimlə cəmiyyət adından Gəncədə şəhid ailələrinə, yaralılara maddi və mənəvi yardım göstərilməyə başlandı. Cəmiyyətin xətti ilə Naxçıvanın Müdafiə və İnkişaf Fonduna 2 milyon manatdan artıq vəsait köçürüldü. Cəmiyyətin qərarı ilə rəhmətlik Əkbər Nəsirov və Əli Mehdiyevin Ulu Öndər Heydər Əliyevlə görüşünü təşkil etdim. Görüşdən sonra onların Naxçıvan televiziyasında çıxışları oldu. Cəmiyyətin fəaliyyətini həmin dövrdə Türkiyədən gəlmiş “Tərcüman” qəzetinin jurnalisti də işıqlandırmışdı. Sağ qalmış qəhrəmanlarımıza Allahdan cansağlığı arzulayıram. Demək istəyirəm ki, sizin qəhrəmanlığınız heç bir zaman unudulmayacaq. Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Naxçıvan Dövlət Televiziyasının əməkdaşları, yazıçı-publisist, şair Asim Yadigar və operator Nurəddin Əliyev Gəncə şəhərinə ezam olundular. Cəmiyyətin, qəhrəman pilotların fəaliyyətlərini videolentə alaraq televiziyada işıqlandırdılar.
    Həmin dövrdə Ali Məclisin Sədri Heydər Əliyev cəmiyyət üzvlərinə bir teleqram da ünvanladı: “Möhtərəm bacılar və qardaşlar! Gəncə şəhərində Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaranması qədim Naxçıvan diyarında böyük hörmət və minnətdarlıq hissi ilə qarşılanmışdır. Cəmiyyətin üzvlərinə, Gəncə şəhər sakinlərinə naxçıvanlıların səmimi salamını və dərin məhəbbətini bildiririk. Həmrəylik və yardım üçün minnətdarıq. Gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycanın qədim diyarları – Gəncə və Naxçıvan arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayırıq. Bütün gəncəlilərə cansağlığı, səadət diləyirik!
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev”.

***

    ...Ermənilər bütün cəbhəboyu sakitliyi pozmuşdular. Şahbuz rayonuna edilən hücum nəticəsində Həsən Nağıyevlə Telman Sadıxov yaralanmışdı. Həsən milis əməkdaşı, Telman müəllim isə könüllü idi. Ulu Öndər muxtar respublika üzrə ən ağır yaralıları müalicə üçün Türkiyəyə göndərdi. Onların arasında Həsən də var idi. Həkimlər onu həyata qaytara bilsələr də, ayağa qaldıra bilmədilər. Allah ona uzun ömür, cansağlığı versin.
    Naxçıvan özünün ən ağır günlərini yaşayırdı. İqtisadi böhran bütün sahələrdə hiss olunurdu. Naxçıvan əhalisi isə Heydər Əliyevin ətrafında sıx birləşmişdi. Daha acı xəbərlər isə Qarabağdan gəlirdi. Bir qəhrəman şəhidimizin cənazəsi Naxçıvana gətirilirdi. Məlumatı ailənin əzizlərinə necə çatdıracağımı bilmirdim. Naxçıvan şəhidini son mənzilə yola salmağa hazırlaşırdı, böyük bir izdiham var idi. O, Qarabağdan Naxçıvana gələn ilk şəhid idi. Bu şəhid isə...
    Naxçıvanda elektrik enerjisi fasilələrlə – iki saatdan bir verilirdi. Elektrik enerjisi gələn kimi hamı televizorları açıb, cəbhə xəbərləri ilə maraqlanırdı. Tarverdiyev Azər İsmət oğlu da Xocalıda baş vermiş vəhşilikləri televizordan görmüşdü. 25 yaşlı gəncin gözlərində yaş qurumurdu.“Kişi olan kəs evdə oturmaz”, – deyib, heç kimlə görüşmədən Bakıya, oradan da döyüş bölgəsinə getmişdi. Ana isə “iş qurmaq”adı ilə yola çıxan oğlunu səbirsizliklə gözləyirdi. O vaxtlar məşhur “Qurtuluş” batalyonunun tərkibində qısa, lakin şərəfli döyüş yolu keçmiş, şəhidlik zirvəsinə yüksəlmişdi.
    Üç il öncə Azərin atası İsmət müəllim rəhmətə getmişdi. Nəinki inşaatçılar, hətta bütün əhali İsmət müəllimi bacarıqlı, işgüzar bir rəhbər, həm də xeyirxah, vətənpərvər bir insan kimi tanıyırdı. Azər evin böyük oğlu idi. Ata əvəzi üç bacıya və bir qardaşa xeyir-dua verib, toylarını edəcəkdi. Lakin Vətən məhəbbəti onu şəhidlik zirvəsinə yüksəltdi. Ulu Öndər də şəhidin doğmalarına başsağlığı verməyə gəlmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

***

    ... Ali Məclisin Sədri məni növbəti dəfə yanına çağırmışdı. Mənə, sabaha un ehtiyatımız tükənir, əhali çörək problemi ilə üzləşəcək, təcili tədbirlər görmək lazımdır, – dedi. Hələ də respublika rəhbərliyi Naxçıvana ögey münasibət göstərir, Ayaz Mütəllibov isə “Naxçıvan Azərbaycanın korbağırsağıdır, onu kəsib atmaq lazımdır”, – deyirdi...
    İki saatdan sonra Gəncə Şəhər Ali Məclisinin sədri Çingiz Sadıxovun yanında idim. Vəziyyəti ona bildirdim. Hökumət telefonu ilə nazir Zakir Abdullayevə zəng edib, Gəncənin fondundan 60 ton unun Naxçıvana verilməsini xahiş etdi. Axşam saat 1800-da Bakıda olmalı idim. Çingiz müəllimə Mahmud Nəbiyevin vasitəsilə Sumqayıtdan 2000 metr borunun Gəncəyə gətirildiyini bildirdim. Gəncədə Maşınqayırma zavodu fəaliyyət göstərirdi. Çingiz müəllim zavodun direktoru Eldar Qarayevə zəng etdi. Ona dedi ki, Naxçıvana təxirəsalınmadan 6 ədəd “Qrad” qurğusu hazırlanmalıdır. Sonra isə üzünü mənə tutub dedi ki, əlavə 2 ədəd qurğu dostum Namiq Həsənova məndən hədiyyədir. Bir saat sonra maşınqayırma zavodunun direktoru ilə görüşüm oldu. Söhbətimiz iki saata qədər çəkdi. Göndərilmiş borular artıq müvafiq texnoloji ardıcıllıqla emala başlanmışdı...
    ...Bəzi mühüm işləri gecələr görürdüm. Ona görə xidməti avtomobildən istifadə edə bilmirdim. Sürücüm çox yorulurdu. İki nəfər könüllü vətənpərvər mənə kömək edirdi. Onlardan biri Naxçıvanın Sovetabad (indiki Xətai məhəlləsi) kəndindən olan Yusif adlı şəxs “06 Jiquli” avtomobili, digəri isə Eldəniz Nəcəfli pekap “Moskviç”i ilə hər bir çağırışıma təcili cavab verirdilər. Eldənizə zəng etdim, dedim ki, saat 1800-da Bakıda olmalıyıq. Üç saat ərzində unun daşınması, təyyarəyə yüklənməsi məsələlərini həll etdim. “TU-154” sərnişin təyyarəsi ilə üç reysə unu Naxçıvana gətirdik. Gecə saat üçdə axırıncı 20 ton unu boşaldıb, Bakıya qayıtdım. Eldənizlə Bakı hava limanından ayrılanda saat 400-ı göstərirdi. Gəncə aeroportuna çatanda saat doqquz idi. Köməkçim Süleyman və əsgərlərimiz “Yak-40” təyyarəsinin yanında məndən təlimat gözləyirdilər. Uçmağa hazırlaşırdıq ki, mühafizə xidmətinin rəisi bir nəfər könüllü əsgərin mənimlə görüşmək istədiyini bildirdi. Əsgər özünü təqdim etdi – Akif Səfərov. Atası milis podpolkovniki Mirzəmməd müəllim Naxçıvan Daxili İşlər Nazirliyində atamla bərabər işləmişdi, dost idilər. Akif Qarabağda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdı. Müalicəsi başa çatmamışdı. Bədəni sarğılı idi. Sonralar Akif bir neçə dəfə əməliyyat olundu. Mən, döyüş və sinif yoldaşları – İbrahim Əliyev, Canpolad Səfərov, Əli Bağırov, Hikmət Əliyev Akifi heç bir zaman tək buraxmadıq. Keçdiyi döyüş yolu bir kitabın mövzusudur. Onu orada tək buraxa bilməzdim. Təyyarədə mərmilərin üzərində Akifi Naxçıvana gətirdim...
    ...Naxçıvandan Gəncəyə gələn sərnişinlər də bizə təmənnasız köməklik göstərirdilər. Onların arasında elə vətənpərvərlər var idi ki, günlərlə könüllü surətdə aeroporta gəlib təyyarələrin yüklənməsində yaxından iştirak edirdilər. Həmin şəxslərdən Emin Tağızadənin, Ceyhun Abdullayevin, Niyazi Cəfərovun, İlqar Sadiqovun, Abidinin adlarını, xüsusilə qeyd etmək istəyirəm. Gəncəyə qayıdanda şəhər nəqliyyat prokuroru Əli Ömərovla akademik Məmmədtağı Cəfərov onları Naxçıvana aparmağımı xahiş etdilər. Əli Ömərov deputat, eyni zamanda parlamentdə Xocalı istintaq komissiyasının sədri idi. Onlar görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşmək istəyirdilər. Görüşü təşkil etdim. Akademik Məmmədtağı Cəfərovun evini bir həftə sonra avtomat silahdan atəşə tutmuşdular. Evinə gedib kömək üçün yardımımı təklif etdim, lakin imtina etdi. Ulu Öndər prezident seçiləndən sonra Əli Ömərov Azərbaycanın Baş Prokuroru oldu.

***

    Rusların arasında apardığım işlər nəticə vermişdi. Mənimlə dost olub, yardımımdan istifadə etmək istəyirdilər. Təbii ki, müraciət edənləri əliboş buraxmırdım. Gəncədə müvəqqəti olacaqlarını artıq yəqin etmişdilər. İllərboyu topladıqları şəxsi ev əşyalarını Rusiyaya aparmaq istəyirdilər, ancaq bacarmırdılar. Onlara Dərbəndə qədər ev əşyalarını çatdırmaqda yardım edəcəyimi bildirdim. Bir polkovnikin əşyaları Dərbəndə çatanda çox sevinmişdi. Mənimlə dost olmuşdu. Hər cür əməkdaşlığa hazır idi. Yaxın dostları da ona güvənib ev əşyalarını mənə həvalə etmişdilər... Gecə “Kəpəz” mehmanxanasına gələndə bir nəfərin mənimlə görüşmək istədiyini bildirdilər. Mənimlə görüşmək istəyən şəxs Surət Hüseynov idi. Yevlaxda yun fabrikinin direktoru, Azərbaycanın Xalq deputatı idi...
    ...Təyyarə Naxçıvana rahat eniş etdi. Həmişə olduğu kimi, “yükü” sənədləşdirib, aktla Müdafiə Komitəsinin nümayəndəsinə təhvil verib, komitəyə getdim. Komitənin sədri rəhmətlik Elman Abbasovla görüşdüm. Ona dedim ki, Gəncədə bir nəfər mənimlə görüşmək istəyir, sizin də o görüşdə iştirakınız məqsədəuyğundur. Surət Hüseynovu qiyabi tanıyırdım, onunla maraqlanmışdım, ancaq görüşməmişdim. Ertəsi gün Elman bəylə Gəncəyə uçduq, Hüseyn Əlizadə ilə görüşüb, Surət Hüseynovun evinə getdik. Bizi səmimi qarşıladı. Evdə təmir işləri gedirdi. Həyətdə divara yaxın, təxminən, yüz yeşik 7.62 mərmiləri və 20 ədəd zirehli jilet gözümdən yayınmadı. Surət Hüseynov bizi həyətdəki çardağa dəvət etdi. Özümüzü ona təqdim etdik. Mənim haqqımda məlumatı var idi. Ümumi tanışlıqdan, söhbətdən sonra əsas mətləbə keçdik. Ona Naxçıvandakı ağır hərbi, iqtisadi vəziyyətdən, Ümummilli Lider Heydər Əliyevin gördüyü əsas işlərdən danışdım, ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu bildirdim. Eyni zamanda respublika rəhbərliyi tərəfindən heç bir köməklik, yardım almadığımızı dedim. Söhbətimiz qarşılıqlı anlaşma şəraitində keçdi. İstədiyimə nail olmuşdum. Surət Hüseynov görkəmli dövlət xadimi Heydər Əliyevə böyük hörmətinin olduğunu, salamlarını ona çatdırmağı xahiş etdi. Bizi yola salarkən 5.45 və 7.62 mərmilərinə, zirehli gödəkçələrə ehtiyacımız olduğunu diqqətinə çatdırdım. Həyətdə olan yeşikləri və zirehli gödəkçələri maşına yüklədib aeroporta yola saldıq. Ayrılarkən ona sual verdim ki, dahi şəxsiyyət Heydər Əliyevi necə tanıyırsınız? Bir anlığa duruxdu. Ondan “Zaman” (Vremya) xəbərlər proqramına baxıb-baxmadığını soruşdum. Dedi ki, baxıram. Ona dedim ki, “Zaman” xəbərlər proqramını beş gün sonra diqqətlə izləsin, verilişdə bir xəbər eşidəcək, onda bu böyük siyasətçinin, Naxçıvanın əsgərlərini daha yaxından tanıyacaq. “Zaman” Sovetlər Birliyinin paytaxtı Moskvadan “Ostankino” telekanalından yayımlanan ölkənin birinci kanalının verilişi idi.
    Bir həftə sonra Gəncədə Surət Hüseynovla görüşdüm, əlimi sıxıb, təbrik edirəm, – dedi. Soruşdum ki, nə olub? “Zaman” xəbərlər proqramında İrəvanın yaxınlığında bir hərbi bazanın partlamasından məlumat getdiyini dedi. İki gün idi ki, ermənilər yanğını söndürə bilmirdilər.
    Surət bəylə isti münasibətlər yaranmışdı. Hətta Zazalıda ruslara məxsus bir hərbi hissədə də birlikdə olmuşduq. Bir şəhidin ailəsinə birlikdə başsağlığı vermişdik. Beş dəfə bizə köməklik üçün müraciətimi yerinə yetirmişdi. Ancaq bu münasibət iki aydan çox çəkmədi. Köməkçim Süleymanın dostu Oqtay Baxşəliyevlə xidməti maşınımla Yevlaxa getmişdik. Yun fabrikində gözətçiyə mənim gəldiyimi Surət bəyə çatdırmasını xahiş etdim. O, həmişə məni gözlətmədən qəbul edirdi. Bu dəfə yarım saatdan çox gözləməyə məcbur oldum. Nəhayət, 6 nəfər silahlı mənə yaxınlaşdı, Surət bəyin yaxın qohumu Kəramət məni qəbul etməyəcəyini söylədi. Səbəbini soruşdum, içəri keçmək istədim. Silahlılar qarşımı kəsib imkan vermədilər. Arxamda bir şaqqıltı eşitdim. Avtomobilə əyləşəndə Süleymanla Oqtay mənim kürəyimdən vurulacağımdan qorxduqlarını dedilər. Kərəmət onun avtomatı kürəyimə tuşlayıb, atəş üçün hazır vəziyyətə gətirmişdi. Aslanlı tayfasından heç kimə kürəyindən güllə dəyməmişdi. Allah məni saxlamışdı. Nə baş verdiyini heç cür anlaya bilmirdim... 
    Gəncəyə qayıtdım. Ramiz Cahangirovla görüşüm olacaqdı. Bir əməliyyat həyata keçirəcəkdik. Gecə cənub bölgəsinə Pirişibə yola çıxmalı idim. Mənimlə bərabər bir rus polkovniki və podpolkovniki olacaqdı. Məqsəd onların köməyi ilə bir ədəd tank və bir ədəd BTR-i Gəncəyə gətirmək idi. Texnikaları traylerdə gətirəcəkdim. Hər şey hazır idi. Cəlilabaddan Vaqif adlı tanışım bizi “QAZ-24” “Volqa” avtomobilində aparacaqdı. Gecə saat 300-da rus zabitləri ilə yola çıxacaqdıq. Mehmanxanaya təzə gəlmişdim, saat 2330 idi. Bir az istirahət etmək istəyirdim ki, qapı döyüldü. Təxminən, on nəfər idilər. Başlarında da Surət Hüseynovun qohumu Kəramət. Yüksək səslə sabahdan Gəncəni tərk etməmi tələb etdi, sonra qayıtdı ki, bəs bilmirsən, burada adamları necə yandırıb yox edirlər?! Onun sözlərini ciddiyə almadım. Mənim vəzifəm var idi. Naxçıvan təhlükədə idi. Mən böyük şəxsiyyət Heydər Əliyevin tapşırıqlarını yerinə yetirməli idim. Ölümdən qorxmurdum, dəfələrlə arxamca atəş açıb, minaya salmaq istəmişdilər, hədə-qorxular isə birinci dəfə deyildi...

(ardı var)
Urfullah QURBANOV
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin
Əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Naxçıvan Muxtar
 Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin
səlahiyyətli hərbi nümayəndəsi

Nəşr edilib : 03.04.2023 19:25