AZ EN RU

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri olan Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
"Şərq qapısı" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun uzunluğu 56.4 km təşkil edir. Sözügedən yolun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər uzunluğu 14 km olan yeni avtomobil yolunun da inşası icra olunur. Yolların ümumi uzunluğu isə 70,4 km-dir.
Xudafərin-Qubadlı-Laçın avtomobil yolu 4 hərəkət zolaqlı olmaqla, 0-46,2 km-lik hissəsi I, 46,2-56,4 km-lik hissəsi isə II texniki dərəcəyə uyğun olaraq inşa olunur. Hazırda yolun genişləndirilərək profilə salınması, 21,5 metr enində yeni torpaq yatağının inşası həyata keçirilir. Yolun layihə üzrə hərəkət hissəsinin eni 16,5 metr təşkil edəcək.
Tikinti işləri çərçivəsində Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 20,4-56,4 km-lik hissəsində torpaq yatağı işləri davam etdirilir. Yol yatağı hazır olan 20,4 km-lik hissədə yol əsasının tikintisi işləri yekunlaşdırılıb və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yolun Xanlıq istiqamətində olan 14 km-lik hissəsində torpaq işləri, boru və keçidlərin, körpülərin, istinad divarlarının tikintisi, topoqrafiya və layihələndirmə işlərinin icrası davam edir. Sözügedən yolun ilk 11 km-lik hissəsi I, 11-14 km-lik hissəsi isə III texniki dərəcəyə uyğun tikilir.

Nəşr edilib : 17.03.2024 15:39