AZ EN RU

Xoşbəxtliyin bir anı...

Əbədi xatirəyə dönən tarixi görüş...

    Həyat bəzən bizi mükafatlandırır. Bu həm də gözləmədiyimiz  bir məqamda olub, sanki sehrli toxunuşu ilə bizi arzuladığımız, amma xəyalımıza belə gətirə bilmədiyimiz xoşbəxtlik məqamına çatdırır. Xoşbəxt olmaq üçün isə  hər kəsin bir şeyə ehtiyacı olur. Kimisi şan-şöhrət, kimisi pul, kimisi vəzifə, kimisi bu saydıqlarımla deyil, sadəcə, həyatlarında bir ömrə yetəcək bir neçə dəqiqəlik görüşdən belə xoşbəxt ola bilir. Amma həyatın gerçəyi odur ki, həmin görüş həqiqi mənada sonrakı taleyinə əbədilik həkk olacaq bir məqam ola... Bugünkü müsahibimizin hələ də sevinc və bir qədər kövrək notlarla xatırladığı bir görüş də məhz belə görüşlərdəndir. Naxçıvan Dövlət Universiteti Əczaçılıq və biokimya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Seyidov Ulu Öndər Heydər Əliyev ilə  keçirdiyi xoşbəxt və sevinc dolu dəqiqələri bizə elə həmin andakı təravətini qoruyaraq anladır. O həmin günü xatırlayaraq belə deyir: “Kaş həyatımı geri qaytarmaq şansım olardı, həmin anları bir daha yaşayardım. Kaş gənc yaşımda yaşadığım o xoşbəxtliyi, dönə-dönə yaşamaq imkanım olaydı...” Elə bu arzu və istəklə də söhbətimizə başlayırıq. 
    – Mürsəl müəllim, xoş gördük sizi. Ümummilli Liderlə görüşmək səadətinə nəsib olan biri kimi  həmin anları oxucularımızla bölüşməyinizi istərdik.
    – Səadət xanım, 1979-cu və 1980-ci il idi. Görkəmli dövlət xadimi Heydər Əliyev o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi, mən isə tələbə idim. Universitetin II kursunda təhsil alırdım. Özüm Şahbuz rayonunun Biçənək kəndindən olduğum üçün həftəsonları ailəmin yanına gedərdim. Yenə bu həftələrdən biri idi. Bizim evimiz Biçənək kəndinin sonunda olduğundan Batabata yaxın idi. Həyətimizə yenicə çatmışdım ki, anamla bir neçə qonşu qadının kimisə gözlədiyini gördüm. Anam məni görən kimi sevincək şəkildə boynuma sarılıb, öpüb əzizləyəndən sonra hövlnak şəkildə üzümə baxıb bir qədər təlaşla dedi:
    – Oğlum, xəbərin yoxdur? Dövlət rəhbərimiz  Heydər Əliyev buraya gəlib. “Ana, xəbərim var” dediyim əsnada birdən O böyük insanın xidməti maşını uzaqdan göründü. Bu zaman kəndin camaatı sevincək halda əllərində gül dəstəsi onu qarşılamağa yola çıxdılar. Öz xalqına olan sonsuz məhəbbəti ilə hər zaman seçilən Ulu Öndər ona bəslənilən sevgiyə qarşılıq vermək üçün maşınını saxlatdı. Anamın gözlərinə sanki qürurdan doğan sevinc hissi hakim kəsilmişdi. Xalqımızda, xüsusən də naxçıvanlılarda ali rəhbərə o qədər məhəbbət var idi ki, balacasından-böyüyünə qədər hər kəs onu sonsuz səbir və sevinclə gözləyirdi. Onun olduğu maşını o qədər gül-çiçəyə qərq etmişdilər ki... Ulu Öndər kənd camaatı ilə səmimi və mehriban görüşdü. Bir neçə dəqiqəlik söhbətdən sonra kənarda dayandığımı görüb əli ilə məni işarə edərək, – anamdan bu cavan oğlan kimdir, – deyə soruşdu. Anamın “oğlumdur” cavabından sonra bir qədər ürkək və sevinc dolu baxışla onunla görüşməyə tələsdim. Bayaqdan izlədiyim mənzərə – Ulu Öndərin hər kəsə sonsuz mehriban və qayğıkeş münasibəti məni ürəkləndirdi.
    Mürsəl müəllim sanki xoş xatirələrdən ayrılmaq istəməyərək üzünü mənə sarı çevirdi və yaşadığı səadəti mənimlə bölüşərək qeyd etdi ki, beləcə, bu görüşdən sonra həyatımın ən xoşbəxt dəqiqələri adlandırdığım zaman başladı...
    Heydər Əliyevin mənə yaxınlaşıb: “Oğlum, bəs sən nə işlə məşğul olursan?” sualına Naxçıvan Pedaqoji Texnikumunun tələbəsiyəm, – deyə cavab verdim. Dərsdən çıxan kimi birbaşa evimizə gəldiyimdən seminar dəftərlərim də əlimdə idi. Sonrakı “yaxşı oxuyursan?” sualına da müsbət cavabım onunla söhbətimizi daha yaddaqalan etdi. Dəftərimi vərəqləyəndən sonra üzünü mənə tərəf çevirib, deyəsən, yaxşı oxuyursan, dəftərdəki yazılarından görünür, – dedi. O, hətta mənimlə sağollaşanda bax maraqlanacağam səninlə dedi. O, dediyi kimi də etdi. Bu görüşdən sonra təhsildə fərqlənən tələbə kimi mənə biraylıq 120 manat təqaüd də verildi. Məhz həmin gündən çiynimdə bir məsuliyyət hissi formalaşdı. Düzdür, dərslərimi yaxşı oxusam da, hətta şəklim şərəf lövhəsindən asılsa da, həmin görüş mənə dediyim sözü tutmaq və o əzəmətli insanın etimadını doğrultmaq borcunu hər an hiss etdirdi. İnanın ki, universitetdə çalışmağım, elmi fəaliyyətimlə bağlı etdiyim bütün işlər, hətta həyatda atdığım bütün addımlarda o görüşü xatırladım və Ulu Öndərə sonsuz sevgi və məhəbbətim mənim yolumu daha da aydınlatdı. Onun kimi qayğıkeş və mehriban insanla əl verib görüşdüyüm üçün özümü o qədər xoşbəxt hiss edirdim ki... Ümummilli Liderin haqqımda dediyi sözlər sanki ruhuma qol-qanad verirdi. İndi də fəxr edirəm, həyatımın sonuna qədər fəxr edəcəyəm ki, mən onunla görüşmək səadətinə nəsib olmuşam.
    Qızım, həyatda çox şey qazanmışam. Amma, sizə etiraf edim  ki, qazandığım bütün uğurların başında o dahi insanla olan görüş durur. Bir şeyi xüsusilə qeyd edərdim ki, Heydər Əliyev nəinki Azərbaycanda, hətta dünya miqyasında dahi şəxsiyyət, ali rəhbər idi. Onu ifadə etmək üçün sözlərin aciz olduğunu düşünürəm. Bu gün belə öz övladlarımla o görüşün hər anını xatırladıqca sevincdən və fərəhdən gözlərim yaşarır. Hərdən öz-özümə düşünürəm ki, onun insanlara xüsusi qayğıkeşliyini kaş hər kəs görəydi. II Qarabağ müharibəsində Ali Baş Komandan cənab İlham Əliyev bizə şanlı zəfəri yaşatdığında öz-özümə heyifsilənirdim ki, kaş dahi şəxsiyyət Heydər Əliyev arzusunda olduğu bu günü yaşayaydı. Amma bir şeylə təsəlli tapıram və inanıram ki, Ulu Öndərimizin ruhu şaddır. Çünki bizə miras qoyub getdiyi əmanəti – layiqli varisi, xalqın qalib lideri Onun yolunu ləyaqətlə davam etdirir. Vətənimizin ərazi bütövlüyü, sabitliyi və inkişafı onun bizə ərməğan etdiyi məqsədyönlü siyasətin bəhrəsidir. Şükürlər olsun ki, ali rəhbərimizin layiqli irsi qorunur, yaşadılır və gənc nəslə aşılanır.
    Mürsəl müəllim üzünü mənə tutub bir qədər rahat və məmnun ifadə ilə, qızım, xalqla birgə olmaq, xalqdan dəstək almaqla bütün çətin məqamlarda xalqa dayaq durmaq məhz dahi rəhbərimizə yaraşırdı.
    – Mürsəl müəllim, bildiyimə görə Ulu Öndərin 100 illik yubileyinə siz də ərməğanla gəlmisiniz.
    – Bəli, universitetdə Ümummilli Liderin 100 illik yubileyi çərçivəsində müəllimlərimiz öz elmi fəaliyyətləri ilə yubiley ilinə öz töhfələrini verirlər.  Bizim kafedramız da bu istiqamətdə çalışır. Belə ki, artıq çapa hazırladığım “Azərbaycanın relikt bitkiləri (Naxçıvan botaniki coğrafi rayonu daxilində)” monoqrafiyam, Tibb fakültəsi tələbələri üçün isə “Orqanizmlərdə ekosistemlər” adlı dərs vəsaitlərim öz oxucusunu gözləyir.  
    “O qədər sevincli idim ki, həftənin əvvəli dərsə qayıdanda elə hiss edirdim ki, mən hamıdan yuxarıda dayanmışam”, – deyən müsahibim sanki həmin günü, keçirdiyi xoşbəxt dəqiqələri mənə də yaşatmağı bacarmışdı. Onunla birgə mən də həmin ana şahidlik edirmiş kimi gülümsünür, qarşımda məğrur və sevinclə dayanan insanın sevinci və xoşbəxtliyinə şahidlik edirdim.

    P.S. Mürsəl müəllimin xoşbəxt siması, danışığı ilə keçirdiyi hiss-həyəcanın birgə vəhdəti ürəklə mövzuya başlamaq üçün mənə stimul idi. O danışdıqca Ulu Öndərin əzəmətli və qayğıkeş siması gözlərimin önündə ucaldıqca ucalırdı. Mən düşünürəm ki, xalqa xidmət missiyasını öz həyat amalı seçən, xalqı sevə-sevə, xalqdan güc alaraq elə xalqın özü olmağı bacaran Ulu Rəhbər onunla görüşən hər kəsə o xoşbəxt anları yaşada bilmişdi. Mürsəl müəllimin xoşbəxtliyi isə hələ də həmin günkü təravətini qoruyub saxlamaqda idi. O görüşün iştirakçısı olmayan mən isə Mürsəl müəllimin gözündəki o məmnun və xoş ifadənin təsiri ilə tələsik qələmə sarılıram. Çünki ürəklə danışan bir kəsin fikirlərini elə ürəklə də qələmə almalıyam.

Səadət ƏLİYEVA
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və

ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

Nəşr edilib : 11.10.2023 19:01