AZ EN RU

Xoşbəxt və dinc həyat naminə təbiəti sevək yaxud təbiət onu sevənlərindir

Bəzən bir udum dinclik üçün, sadəcə, təbiəti seyr etmək və onu dinləmək gərəkdir. Suyun  həzin nəğməsi, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən meh bizi xəyalən çox uzaqlara aparır. Əzəmətli dağlar, mavi səma, güzgütək göllər, gur səsi ilə hayqıran şəlalələr, könül oxşayan yamyaşıl düzlər insana gözəl duyğular pıçıldayır. Təbiətin xoş avazı  ən gözəl melodiya kimi səslənir qulağımızda. Bizi əhatə edən ətraf aləmin, gözəl təbiət mənzərələrinin seyrinə çıxdıqca bu əsrarəngiz gözəlliklər qarşısında heyrətini gizlədə bilmirsən. Şair qələmi, rəssam fırçası, bəstəkar istedadı acizdir bunları vəsf etmək üçün…
Dörd fəslin heç biri arasında ayrı-seçkilik salmadan hər birinə özünəməxsus gözəlliklər bəxş edərək biz insanlara təqdim edən təbiətə son dərəcə həssas yanaşmalıyıq. Çünki o, ana qayğısı ilə yanaşır bütün varlıqlara. Məhz buna görə də ona Ana Təbiət deyirik. Uzağa getməyək. Elə götürək Azərbaycanın təbiət gözəli Naxçıvanımızın gözoxşayan mənzərələrini... Bütün fəsillərdə özünəməxsus gözəlliyi var məmləkətimizin. Ulu Tanrı bizim gözəl diyarımızdan nəyi əsirgəyib ki?! Naxçıvanın hansı tərəfinə üz tutsan, nadir, özünəməxsus, fərqli və rəngarəng təbiət mənzərələri ilə və bizə həyat bəxş edən zənginliklərlə rastlaşırsan. Hətta çılpaq təpələrin belə özünəməxsus bir gözəlliyi var. Bu mənada, düşünürəm ki, quşlar bu dünyada ən xoşbəxt canlılardır. Çünki səmadan təbiət gözəli Naxçıvanımızın mənzərələrini izləmək imkanımız olsa, min bir rəngin çalarını eyni anda görə bilərik. Hələ bu təpəciklərin yüzlərlə metr dərinliklərində hifz etdiyi zənginlikləri demirəm. Bu bəmbəyaz zənginlik isə təbiətin bizə bəxş etdiyi ayrıca bir sərvətdir. Həyatımızın rahatlığı, ağzımızın dadı, sağlamlığımızın qarantı...
Dörd fəsli eyni anda yaşadan Göygölü, unikal üzən adası, dağlarının, qayalarının döşünə sərilmiş rəngarəng çiçəkləri, təmiz havası və bumbuz bulaqları ilə Batabatı, ətrafa narın-narın su çiləyən Pəzməri şəlaləsi, minlərlə flora və fauna nümunələrinə qucaq açan park, qoruq və yasaqlıqları ilə Naxçıvanımız əsl təbiət möcüzəsidir. Bu gözəlliklərə səbəbkar isə bizim özümüzük. Çünki təbiət onu sevənlərindir. 
Qürurverici  haldır ki, ölkəmizdə yaşıllaşdırma tədbirlərinin əsası Naxçıvanda qoyulub. Bu gün müxtəlif ərazilərdə, təpələr, çay vadiləri, ümumiyyətlə, əkinəyararsız torpaqlarda həyata keçirilən yaşıllaşdırma siyasəti bir daha sübut edir ki, el-oba sevgisi, gələcəyə qayğı boz çölləri də gülüstana çevirir. 
“Başına gələn başmaqçı olar”, – deyiblər. Ötən əsrin 90-cı illərinin əvvəllərində enerji və təbii yanacaq sarıdan tarixin sınaqları qarşısında qalan naxçıvanlılar məcburiyyət qarşısında təbiətə sığındı, ağaclara balta çalındı. Min əzab-əziyyətlə boya-başa çatdırılan yaşıllıqlar bir neçə il ərzində məhvə sürükləndi. 1995-ci ildə yaşıllıq sahələrinin heç 1 faizə də çatmaması o günlərdəki Naxçıvanın ekoloji mənzərəsi idi. Ancaq zəhmətkeş naxçıvanlılar vaxtında Ulu Öndərimizin ətrafında sıx birləşərək onun yaşıllaşdırma və təbiətə qayğı siyasətinə səs verdilər. Uğurla həyata keçirilən yaşıllaşdırma tədbirləri, xüsusi qorunan təbiət yasaqlıqlarının yaradılması, ova qadağaların qoyulması Naxçıvanda ətraf mühitin qorunmasını nümunəvi hala gətirib çıxarıb. Bu ənənəni davam etdirən ictimaiyyət nümayəndələri diyarımızın ayrı-ayrı ərazilərində, yaşayış massivlərində, qəsəbələrdə yeni yaşıllıq zonalarının yaradılmasında və həmçinin mövcud yaşıllıqların qorunub saxlanılmasında böyük coşqu və fəallıqla iştirak edirlər. Həmin çətin günləri göz önünə gətirərək təbiətə olan borcumuzu bu gün artıqlaması ilə veririk. Ekologiyamızda bu cür dönüş yaratmaq məqsədilə Ümummilli Liderimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti, uzaqgörən siyasəti hamımız üçün nümunəyə çevrildi. Ulu Öndər Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə ekoloji problemləri ciddi məsələ kimi önə çəkdi, özü şəxsi nümunə göstərərək çox nəcib və xeyirxah ağacəkmə aksiyaları təşkil etdi. Dahi rəhbərin ətrafında sıx birləşən sakinlərimiz təbiətə sahib çıxdı, bir neçə il ərzində minlərlə hektar sahələrdə yaşıllaşdırma işləri görüldü.  Nə yaxşı ki zamanında həyəcan təbili çalıb o, təbiətimizin harayına yetdik. Hamımız bir olduq, hər yerdə ağac əkdik, Ova qadağalar qoyub, qoruqlar, yasaqlıqlar yaratdıq. Bir sözlə, biz təbiəti yaşatdıq. Biz yaşatdıqca, o da bizə xoş güzəran və sağlam həyat bəxş etdi.
Təbiətin ən gözəl rəngi olan yaşıllıqlar muxtar respublikamızın gözəlliyinə xüsusi bəzək bəxş edir. Diyarımızın hər bir yerində insanların zövqünü oxşayan, baxdıqca baxmaq istədiyimiz yamyaşıl, al-əlvan, parlaq rənglər son dərəcə heyrətamiz mənzərə yaradır. Hər mövsümə uyğun flora nümunələrinin, qışda şam ağacları və qarçiçəyinin, yazda bənövşə və utancaq lalələrin, yayda qızılgüllərin, payızda isə bütün ağacların özünəməxsus görüntüsü insanı valeh edir. Şəhərlərimizdə, kəndlərimizdə olan gözəllik nümunələri öz təravəti ilə gözümüzü, könlümüzü oxşayır. 
Belə ekoloji tədbirlərin sayı artdıqca muxtar respublikamızın iqtisadi qüdrəti və ekologiya arasında çox mühüm tarazlıq yaranır. Naxçıvan şəhərindən muxtar respublikamızın müxtəlif istiqamətlərinə uzanan magistrallar boyu insanı darıxdıran boz çöllər indi öz yerini bir-birini tamamlayan yaşıllıqlara verib. Həm yayda, həm də qışda gözoxşayan, qəlbi və düşüncəni zənginləşdirən yaşıl zolaqlar insan əməyinin bəhrəsidir. 
Prezident İlham Əliyevin misilsiz xidmətləri nəticəsində ölkəmizdə beynəlxalq tədbirlər həyata keçirilir. Belə tədbirlər sırasında təbiətin mühafizəsi, ondan səmərəli istifadə məqsədilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Bu məqsədlə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən, dövlət başçımızın 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi bütün il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizdən və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyindən xəbər verir. 
Yaşadığımız dünya, təbiət, bizi əhatə edən ətraf mühit son dərəcə gözəl, zəngin və rəngarəngdir. Biz isə bu təbiətin bir parçasıyıq. Bu təbiət təkcə bizim deyil. Bütün canlılarındır. Təbiət üçün hər bir orqanizm lazımdır, insanlar üçün isə bütöv təbiət. Min illər öncə insan təbiətə möhtac idi. İndi isə təbiət insana möhtacdır. 
P.S. Hörmətli oxucular, təbiətlə ətraf mühit bir-birini tamamlayır və insan həyatında ən vacib amillərdir. Bizi əhatə edən bu gözəllikləri qadağan olunduğu üçün yox, gələcək nəsillərə yaşanacaq gözəl bir mühit ərməğan etmək duyğusu ilə qorumalı, ona zərər verməməliyik. Unutmayaq ki, təbiət bizə miras deyil, əmanətdir. Xoşbəxt və dinc həyat naminə Ana Təbiəti sevək ki, o da bizdən səxavətini əsirgəməsin. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 03.07.2024 19:07