AZ EN RU

Xoşbəxt olsun uşaqlar...

  Qəhrəman Vətən oğullarının əziz övladları dövlətimiz və xalqımız 
üçün qiymətli əmanətdir

 Bu yazı Azərbaycan Ordusunun parlaq qələbəsi ilə bitən Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan igid Vətən oğullarımızın Vətənlə yanaşı, əmanət qoyub getdikləri, bizim üçün əziz şəhidlərimizin müqəddəs ruhu qədər əziz olan övladlarına ithaf edilib. 

    Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Fərmin Əliyevin şəhadətə yüksəlməsindən 23 gün sonra dünyaya göz açan övladı Fərman Əliyevin 10 yaşında yaşayacaqları, atası barədə öyrəndikləri, düşüncələri öz dilindən təsvir edilib. Zaman, məkan və hadisələrinin gedişatı ilə bağlı müəyyən qədər təxəyyüldən istifadə olunub... 
    ...Nə az, nə də çox, artıq 10 il ötür o möhtəşəm tarixi zəfərimizdən, əzəli torpaqlarımızın əbədi nicatından. Və bir də Vətən uğrunda qanlar tökən, canlar qurban verən bütün qəhrəman oğullar kimi sənin şəhadətə yetməndən keçir bu zaman müddəti, ata. Anam deyir ki, sən şəhidlik zirvəsinə ucaldıqdan 23 gün sonra dünyaya gəlmişəm, sağ ikən sənin arzunla, istəyinlə babam Fərmanın adını qoyublar mənə. Dövlətimizin hərtərəfli qayğısı ilə, ailəmizə hədiyyə olunan evdə bütün ehtiyaclarım təmin olunub, artıq böyüyüb yaşa dolmuşam. Bir vaxtlar təhsil aldığın, gözəl tədris şəraitinə malik, yaraşıqlı məktəbdə indi mən oxuyuram. Müəllimlərim tez-tez II Qarabağ müharibəsində qazanılan Böyük Qələbədən, sənin kimi yüzlərlə qəhrəman övladların şücaətindən, cəsarətindən danışır, bu barədə inşalar yazmağı tapşırırlar bizə. Növbəti inşamda səndən bəhs etməyi düşündüm. Üzünü görə bilməsəm də, şəkillərdən tanıdığım, anamdan, böyüklərdən haqqında çox eşitdiyim atam Fərmin Əliyevin igidliyindən, mərdliyindən, insaniyyətindən danışmaq istəyirəm sizə...

    1996-cı il martın 20-də Babək rayonunun Şıxmahmud kəndində dünyaya göz açmışdı qəlbi təmiz, mülayim xasiyyətli, mehriban, vətənpərvər atam. Babam, nənəm elə hey deyirlər ki, atana oxşamısan, o da balaca vaxtı sənin kimi sözə qulaq asan, təmizkar, səliqəli, hər şeyə diqqət yetirən, arabir də dəcəlliyindən qalmayan idi. Söylənənlərə görə, atam məktəbdə oxuyanda Azərbaycan dili və ədəbiyyat fənninə böyük maraq göstərib. Çox gözəl intonasiyası, şeir söyləmək qabiliyyəti var imiş... Sən demə, Vətənə olan məhəbbəti hələ yeniyetməlik dövründən dilindən, qəlbindən, davranışlarından oxunur, vətənpərvərlik hissi xarakterində tüğyan edirmiş atamın. Şıxmahmud kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra – 2011-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirməyi də, bu mənada, heç də təsadüf deyilmiş. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Xüsusi təyinatlı texnika və sistemlər ixtisasına yiyələnən atam Tərtər rayonundakı hərbi hissədə xidmətə başlayıb. Çevikliyi, bacarığı, nizam-intizamı ilə qısa zamanda fərqlənə bilib və elə buna görə də bir müddət sonra Mingəçevir şəhərinə xüsusi təyinatlı olaraq göndərilib.
    Anam deyir ki, atan müharibənin ilk günündən döyüşlərə qatılaraq Talış kəndinin azad edilməsində xüsusi qəhrəmanlıq nümunəsi göstərib. Vətənin mərd oğlu şiddətli döyüşlərin birində 30 nəfərlə mühasirəyə düşsə də, qətiyyən özünü itirməyib, mühasirəni yararaq döyüş yoldaşlarını da düşmənin qəfil hiyləsindən xilas edib. Müharibənin birinci günü evə zəng edibmiş. Anamla telefon danışığında deyib ki, atamı, anamı, sizi sevdiyim qədər Vətənimi də sevirəm. Mən şəhid olsam, siz Vətənə, dövlətimizə əmanətsiniz. Sən güclü və ağıllı qadınsan. İnanıram ki, bütün çətinliklərin öhdəsindən layiqincə gələcəksən. Dünyaya göz açacaq övladımıza da yaxşı baxarsan. Qismət olsa, görüşərik... Çox təəssüf ki, bu görüş nə anama, nə də mənə qismət oldu... Sentyabrın 29-da şəhidlik zirvəsinə ucalıb atam, 23 gün sonra isə mən dünyaya gəlmişəm.
    Oktyabrın 1-də Naxçıvana şəhid kimi ilk gələnlərdən olub dağ vüqarlı atam. Anam deyir ki, Ali Məclisin Sədri atanın, sonra isə bütün Naxçıvana gətirilən II Vətən müharibəsi şəhidlərinin qarşılanma mərasimində iştirak edib, ailəmizlə yaxından maraqlanıb, yas mərasimi yüksək səviyyədə təşkil edilib, ondan sonra da dövlətimiz daim arxamızda durub, öz köməyini əsirgəməyib. İndi də daim bizimlə maraqlanırlar, tez-tez baş çəkir, hal-əhvalımızı soraq alırlar, ildönümlərində evimizi ziyarətə gəlirlər, komandir yoldaşları, əsgərləri atamla bağlı xatirələrini danışmaqdan yorulmurlar. Məktəbdə də dövlətimizin qayğısını daim hiss edirəm, müəllimlərim, şagird yoldaşlarım hörmətlə yanaşırlar mənə. Hər gün dərsə getməzdən öncə atama aid otağı ziyarət edir, şəhadətə yüksəlməsindən sonra təltif olunduğu “Azərbaycan bayrağı” ordeninə, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medallarına, şəxsi əşyalarına, formasına, ən əziz günlərində belə, yanından ayırmadığı, sevdalısı üçrəngli bayrağımıza fəxrlə baxır, layiqli övlad olmaq üçün dərslərimi yaxşı oxuyacağıma söz verirəm.
    Deyirlər ki, şəhidlər ölmür, onlar cənnətin mələkləridir. Yəqin ki, sən də indi cənnətdən seyr edirsən bizi. Bilirəm ki, ruhun şaddır. Çünki uğrunda canını fəda etdiyin torpaqlar azaddır, Qarabağın hər qarışı günü-gündən daha da gözəlləşir, əzəli yurdumuz əbədi görkəminə qovuşur, gözəl, yaraşıqlı binalar ucaldılır, yollar salınır, tarixi abidələrimiz bərpa edilir. Dağ vüqarlı igid atam, mübarək ruhun qarşısında söz verirəm ki, yaradılan hərtərəfli imkanlardan səmərəli istifadə edib, gözəl şəraitdə dərslərimi səlis şəkildə oxuyacaq, alitəhsilli olub, Vətənimə o müqəddəs zirvənə layiq olmağa çalışacağam. Ruhun şad, məqamın mübarək olsun, mənim qəhrəman atam...

*   *   *

    Vətən müharibəsində şəhid olan kapitan Şamil Babayevin oğlu Yusif  Babayev 2014-cü ildə sentyabr ayının 26-da Naxçıvan şəhərində anadan olub, hazırda Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin II sinfində təhsil alır. Atasınının əbədi yaşadığına inanır, ona tez-tez məktub yazmağı xoşlayır: 
    “Salam, qəhrəman atam! Necəsən? Mən fəxr edirəm ki, sənin kimi qəhrəman atam var. Ata, eşitmişəm ki, sən Şuşanı azad etmisən. Orada qəhrəmancasına vuruşmusan. Özün yaralı olsan da, əsgərlərini qorumusan, onlara kömək etmisən. Ata, sən həmişə yaraşıqlı, gülərüz, mehriban, qayğıkeş ata olmusan. Mən səninlə keçirdiyim günlər üçün çox darıxıram. Sənin bütün əşyaların mənə əmanətdir, onları qoruyacağam. Biz anamla sənin şəkillərinə baxırıq və sənin üçün darıxırıq. Ata, sənə söz verirəm ki, mən yaxşı oxuyacağam, sənin adına layiqli övlad olacağam, inşallah. Bilirəm ki, sən kapitan olmusan, mən də böyüyəndə kapitan olacağam. Anam həmişə namaz qılanda ruhuna dua eləyir. Sənin haqqında danışanda deyir ki, atan bizim yanımızda olmasa da, həmişə səni görür.  Mən də böyüyəndə anamı, ana Vətənimi sənin qoruduğun kimi qoruyacağam. Sənin kimi Vətənimi, bayrağımı çox sevirəm. Ata, səninlə və anamla keçirdiyim gözəl günləri unutmayacağam. Səni sevən Yusifin!”
    Qeyd edək ki, Babayev Şamil Baloğlan oğlu 1988-ci il yanvarın 1-də doğulmuşdu. İlk təhsilini Camaldın kənd tam orta məktəbində aldıqdan sonra 2005-ci ildə hərbi xidmətə başlamışdı.  Əvvəlcə Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində xidmət keçib, 2012-ci ildə Daxili Qoşunların Ali Hərbi məktəbinə qəbul olmuşdu. 2014-cü ildə buranı bitirdikdən sonra xüsusi təyinatlı dəstənin “Atəş təminat qrupunun” komandiri vəzifəsinə təyin edilmişdi. Zabit Şamil Babayev 2018-ci ildən Türkiyədə xüsusi təlimlərə cəlb olunmuşdu, 2020-ci ildə kapitan hərbi rütbəsi almışdı. Türkiyədə və Azərbaycanda müxtəlif fəxri fərmanlar və “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilmişdi. O, II Qarabağ müharibəsi zamanı Füzuli, Hadrut və Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Döyüşlər zamanı bir neçə yerdən yaralanıb və yaralı halda döyüşə davam edib. Lakin Şuşanın azad edilməsini görmədən şəhidlik zirvəsinə ucalıb. 2020-ci il noyabr 13-də qəhrəmanın nəşini bütün Naxçıvan böyük izdihamla qarşılayıb və Şamil Babayev doğulub boya-başa çatdığı Camaldın kəndində dəfn edilib. Ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
    Şamil Babayevin ölmədən öncə  “Şəhid olsam, qəlbimin üstündə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsınız” arzusu yerinə yetirilib. 

*   *   *

    Şəhid əsgər Sərxan Salahovun qızı Məryəm Salahova 2014-cü ildə Şərur rayon Ələkli kəndində anadan olub, hazırda Şərur şəhərindəki 2 nömrəli tam orta məktəbin II sinfində təhsil alır:
    – Mənim atam, həqiqətən, igid, qəhrəman insan olub. Atam deyirdi ki, müharibə başlasa, ilk mən gedəcəm. O, bizə həmişə Qarabağın işğaldan azad olunacağını deyirdi. Vətən müharibəsinə çağırılanda sanki onun həyatında yeni bir gün başlamış kimi sevinirdi. Əynində hərbi formanı görmək onun çoxdankı arzularının həyata keçməsi idi. Müharibəyə gedərkən bizi – anamı, məni, bacımı nə qədər sevdiyinin bir daha şahidi olduq. Gedərkən hər birimizə anamızın sözlərinə, məsləhətlərinə qulaq asmağı, bir-birimizdən müğayat olmağı tapşırdı. Atam imkan olanda cəbhədən zəng edərdi. Amma bu zənglər çox qısa olardı. Heç bir vaxt harada olduğunu deməzdi. “Hər şey yaxşıdır. Düşmənin məğlubiyyətinə az qalıb”, – deyərdi. Atamın ən böyük arzusu, təbii ki, Vətənimizin bütövlüyü idi. Hansı ki bu gün o bunu öz canı və qanı ilə bu arzusuna qovuşub. Atamın şəhid olması, şəhidlik adını qazanması məni çox qürurlandırır. Heç vaxt demərəm ki, atam şəhid olub deyə üzgünəm. Bəlkə, yol qəzasında dünyasını dəyişsəydi, onun yoxluğuna dözə bilməzdim. Amma onun mənə şəhid qızı adını miras qoyması ən böyük təsəllimdir. Küçəyə çıxıram, yola çıxıram, məhəlləyə çıxıram, hər kəs mənə şəhid Salahovun qızı kimi sevgi ilə yanaşır. Bütün bunlara görə atama borcluyam. O bizim yaxşı oxumağımızı, ali təhsil almağımızı həmişə arzu edərdi.  Bacımla mən daha çox çalışaraq yaxşı oxuyacağıq ki, onun bu arzusunu gələcəkdə yerinə yetirək. 
     Qeyd edək ki, Sərxan Salahov 1991-ci ildə Ələkli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2009-cu ildə “N” hərbi hissədə xidmətə başlayıb. Müharibənin ilk günündən döyüşlərdə qəhrəmancasına iştirak edərək noyabrın 2-də şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

    Xalq şairi Bəxtiyar Vahabzadə demiş: 

            Yüz-yüz itən olsun,
            Min-min də bitən var.
            Şükr eyləyəlim ki,
            Bizlərdən həm əvvəl,
            Həm sonra Vətən var.

    İgid Vətən oğullarının bizlərər Vətən qədər dəyərli əmanətləri olan övladları da Vətəni göz bəbəyi kimi qoruyacaq, candan əziz tutacaq gələcək cəsur əsgərlər, Vətən müdafiəçiləridir! Onlar dövlətimizin və xalqımızın qayğı və nəvazişi altında, cəsur, qəhrəman atalarını özlərinə həyat idealı seçərək daha vətənpərvər ruhda, daha cəsarətli və əzmkar ruhda böyüyürlər! Qalib və məğrur xalqın övladları kimi… Qoy bir də heç zaman Vətən səmasını qara buludlar almasın, bu torpaq qan-qada, müharibə dəhşətləri görməsin! Xoşbəxt olsun uşaqlar…

Nail ƏSGƏROV
Güntac ŞAHMƏMMƏDLİ
Aytac CƏFƏRLİ

Nəşr edilib : 31.05.2022 19:46