AZ EN RU

Xoş müjdəli, yaz ətirli Novruz bayramından bahar təravətli söhbətlər

Tarixin o üzündən boylanan, müasirləşdikcə gözəlləşən, qədimliyi, ululuğu ilə göz oxşayan  dünyanın bəzəyi Naxçıvan şəhərinin  köksündə ucalıb Azərbaycanlı kişisinin qadına, anaya olan sevgi və hörmətini tərənnüm edən, türk qadınının əsalətinin, böyüklüyünün əsrlərdən bu günümüzə daşıyan Möminə xatun türbəsinin ətrafında - Əcəmi yadigarı tarixi seyrəngahda elimizin qədim bayramı Novruz böyük coşqu ilə qeyd olundu. Baharın gəlişi ilə hüsnünə gözəlik gələn yurdumun hər bir insanı bu qədim el bayramında iştirak etməyə can atır. Muxtar respublikanın rayonlarından gələnlərin ardı arası kəsilmirdi. Səhər saatlarından başlanıb axşamadək davam edən tədbirdə artıq 7 gündür ki, muxtar respublikanın sakinlərinə ailə təsərrüfatları və müxtəlif istehsal müəssisələri tərəfindən iaşə xidmətləri göstərilir. Bayram günlərində açıq səma altında kinofilimlərin, uşaq tamaşalarının nümayişi, tanınmış sənətçilərin konsertləri təşkil olunur. Konsert çərçivəsində bu günə kimi Azərbaycan Respublikasının Xalq artisti  İlqar Muradov, Eldar Qasımov, Tofiq Hacıyev, Ceyhun Ares öz mahnıları ilə sakinlərin zövqünü oxşayıb. Yekunda, sabah saat 21:00 -da isə Hiss öz repertuarı ilə tamaşaçıların qarşısına çıxacaq. Onu da qeyd edək ki, Naxşçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan şəhər Mədəniyyət İdarəsi, Naxçıvan Dövlət Uşaq Teatrının, və digər mədəniyyət kollektivləri öz konsert və tamaşaları Novruz şəhərciyinə gələnləri valeh edir. Möminə xatun türbəsinin ətrafında bəzədilən, qədim türk ənənələrini özündə əks etdirən Novruzun bərəkət ağacı da buraya üz tutan qonaqların diqqətini cəlb edir. Qədimdə hələ çiçək açmamış, oyanmamış ağaclar müxtəlif bəzəkli bezlər, şirniyyatlarla bəzədilər, gələn ilin ruzi-bərəkətli olması arzu edilərdi. Bu il iki dəfə Naxçıvanda Novruz şəhərciyində bu milli adətimiz nümayiş olunurdu. Burada iştirak edən şirkətlər də müxtəlif ağacları öz məhsulları ilə bəzəmişdi. Novruz şəhərciyində bayram təntənəsinə çahidlik edərkən burada məhsullarını sərgiləyən ailə təsərrüfatı sahibləri ilə də görüşüb həmsöhbət oluruq. Şərur rayon Zeyvə kənd sakini, ailə təsərrüfatçısı Günay Qasımova hazırladığı şirniyyatlarlı, kətələri burada satışa çıxarıb. O dedi: - Artıq üç ilə yaxındır ki, bu işlə məşğulam. Yaradılan şəraitdən istifadə edib həm ailə büdcəsinə kömək edir, həm də məşğulluğumu təmin edirəm. Bu il təşkil olunan bayram şənliyinə diqqət daha çoxdur. Havanın mülayim keçməsi və təşkilatçılar tərəfindən müxtəlif əyləncələrin təşkil olunması insanların buraya olan həvəsini daha da artırır. Yaradılan şəraitə görə minnətdarıq. Qədim yurdumuza qardaş ölkədən qonaq gələn Aydın Akpınar ixtisasca tarixçidir. O buraya 11 yaşlı qızını Duzdağ Fizioterapiya Mərkəzinə müalicəyə gətirib. Fürsətdən istifadə edib şəhəri də gəzdiyini deyən müsahibimiz qeyd etdi ki, qədim və əsrarəngiz, tarixi bir yerdə baş tutan el bayramına gələnlər Novruz adət-ənənələri ilə tanış olmaqla bərabər, qədim sənət incisinin də tamaşaçısı olur: - Burada yerləşən Xan sarayı, Möminə xatun türbəsi, açıq səma altında muzeyi seyr etdik, bir sözlə möhtəşəmdir. Azərbaycan Respublikası bizim qanımızdır, canımızdan bir parçadır, belə gözəl bir yaz günündə burda olmaq, insanların gülən üzlərini seyr etmək çox sevindiricidir. Bu bahar Türk dünyasına sevinc və xoşbəxtlik gətirsin. 2011 - ci ildə Avroviziya Mahnı Müsabiqəsində qalib olub Azərbaycan bayrağını yüksəklərə qaldıran Eldar Qasımov da dünən axşam Novruz şəhərciyinin qonağı olmuş,  öz gözəl mahnıları, gözəl səsi ilə qonaqlarla xoş dəqiqələr yaşatmışdıq. Tanınış müğənni ilə də həmsöhbət olduq. O dedi ki, ilk dəfə Naxçıvana 10 il bundan öncə gəlib: -  Ötən günlərdə burda keçiriləcək Novruz bayramında iştirak etməyə təklif alanda çox sevindim ki, bu qədim diyarı yenə görmək imkanı yarandı. Təyyarə Naxçıvan hava limanına eniş enəndə ilk diqqətini çəkən təmizlik və sakitlik oldu. Ən əsası isə hava çox gözəldir. Günəşi və istini çox sevirəm, bunu Naxçıvanda gördüm. Axşamkı konsert proqramı da əla keçdi. İnsanların musiqiyə olan hörmətini, sevgi və heyranlığını görmək sevindirici idi. Konsert proqramı bitəndən sonra gənclərin sosial şəbəkələrdə şəxsimə yazdıqları səmimi ifadələr qürurverici idi. Konsertdə iştirak edənlərə və təşkilatçılara təşəkkür edirəm. Vətənimizin bir parçası olan Naxçıvanda olmaq çox gözəl idi. 

Builki Novruz şəhərciyindəki bayram təntənəsi naxçıvanlılara əsl bayram sevinci yaşatdı, mənəvi zövq və istirahət bəxş etdi, insanlarda bahar sevgisil ilə qurub-yaratmaq əzmini daha da gücləndirdi. Bütün bunların əsasında isə qalibiyyət məğrurluğu, inkişaf, tərəqqi əmkarlığı durur

Ramiyə Əkbərova

Nəşr edilib : 25.03.2023 19:38