AZ EN RU

Xocalıya, Xankəndiyə, Şuşaya yağan qar

Bu qar o qardan deyil

Gecənin zifri qaranlığında Şəhriyar gözlərini pəncərəyə zilləyib, ürək baxışları ilə çayın o tayındakı ağ örpəyə bürünmüş Haçadağı seyr edirdi. Bu mənzərənin ecazkar sehrinə şahidlik edib mübhəm xəyallara dalan da yenə Xan nənəsini xatırladı. Yadına düşdü ki, isti bir yay günündə həyətdə oynayarkən gözləri nənəsinin ağaran saçlarına sataşmış və Şəhriyar titrək səslə soruşmuşdu: – 

Nənə! Saçların niyə belə ağarıb? – Qardı bala... yağıbdı illərimdən. Şəhriyar yüyürək Xan nənəsinin əlindən tutub evə sarı dartmış, gəl evə gedək, saçına qar yağmasın demişdi. Qırışmış əlləri ilə nəvəsinin saçına sığal çəkən Xan nənə Şəhriyarı bağrına basaraq ona izah etmişdi ki, bala gəncliyin evi yoxdur, bu qar o qardan deyil, qoy yağsın.

Şəhriyarın atası müharibədə şəhid olan gündən bəri hər gün qış, yay demədən Xan nənənin saçlarına qar yağırdı. Şəhriyar nənəsinin acı-acı güldüyünü, bəzən isə gizlicə gildir-gildir gözyaşı tökdüyünü hiss edəndə artıq çox qəribə bir dünyada qonaq olduğunu hiss edirdi. Nənə göydə duman-çən gördüyü halda, nəvə al-əlvan səma görürdü. Bəs hansı haqlı idi, görəsən? Bəlkə də, ikisi də. Xan nənə yaşlandığından gözünə tor gəlmiş və görməsi zəifləmiş, Şəhriyar isə bu zaman səmanı bütün maviliyi ilə seyr edirdi.

Sobanın içindəki odunun çırtıltısı və döşəkcənin üstündə yuxuya getmiş Məstan pişiyin qurultusu Şəhriyarı şirin xatirələrindən ayırdı. Artıq o hadisədən 30 il keçmiş, ürəyindəki itkilər isə daha da çoxalmışdı. Atası qarlı qış günlərində düşmənlə əlbəyaxa döyüşdə qəhrəmancasına şəhid olandan sonra Şəhriyarın bu ecazkar fəslə böyük sevgisi yaranmışdı. Uşaqlıqdan elə düşünürdü ki, bütün qəhrəman igidlər bu fəsildə şəhadətə qovuşur, bütün qəhrəmanların qəbrinə qar yağırdı.

Qar dənələri bəzən rəqs edərək, bəzənsə, əl-ələ verərək həyətdəki ağaca, torpağa, əşyaya qonur və bərq vurmağa başlayırdı. Bu qar dənələri Şəhriyarın ruhunun sirdaşı idi. Onları buludlar göndərmişdi zəfəri gətirsin deyə. Onları sevgilərə şahidlik etsinlər deyə Tanrı göndərmişdi. Onları uşaqlar sevinsin, qar topu oynasın deyə, Şaxta baba uzaq ölkələrdən xurcununa yığıb gətirmişdi.

Görəsən, o qar indi Xocalıya, Xankəndiyə, Şuşaya da yağır deyə düşünərkən qeyri-ixtiyari gözündən axan yaşlar mirvari kimi Şəhriyarın yanağına süzüldü. Pencəyini kürəyinə salaraq həyətə çıxdı. Hər yer bəyaza bürünmüşdü. Əllərini göyə açıb qar dənəciklərinə toxundu. Son nəfəsi yetənəcən üzünü göyə tutub qışqırdı: “Bu qar o qardan deyil”.

Fariz ƏHMƏDOV

Nəşr edilib : 15.01.2024 12:51