AZ EN RU

Xocalının 32-ci ili

20-ci əsrin sonunda, dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocah soyqırımından 32 il ötür. Bu illər ərzində qələm sahibləri, tarixçilər, siyasət xadimləri çox yazıblar, çox danışıblar, tutarlı dəlillərlə fikrimizin, diqqətimizin qonağı olublar.

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını genişləndirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törədib.

Tarixçilərin və coğrafiyaşünasların məlumatlarına görə tarixdə Qafqaz bölgəsində nə erməni, nə də hay adına rast gəlinməyib. Lakin bunu erməni kilsə xadimlərinə, siyasət adamlarına başa salmaq mümkün olmamışdı, ta ki “Dəmir Yumruğa” qədər.

Elə ki, 1987-ci ildə Azərbaycan xalqının dahi oğlu, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Liderimiz Heydər Əliyev Moskvada siyasi hakimiyyətdəki bütün vəzifələrindən uzaqlaşdı, ermənilər əvvəlcədən düşünülmüş, planlaşdırılmış Azərbaycan torpaqlarına iddialarını, işğal planlarını həyata keçirməyə başladılar. Ermənilərin əlləri çaldı, ayaqları, könülləri oynadı. Konsertmeysterləri isə sovetlər ittifaqının rəhbəri Mixail Qorbaçov oldu. Məlum hadisələrə 1988-ci ilin əvvəllərində start verildi.

Bu ərəfədə o vaxtkı Dağlıq Qarabağ Vilayət Hərbi Komissarlığı vilayət rəhbərliyinin qadağasına əsasən, Azərbaycan Respublikası hərbi komissarının əmr və sərəncamlarını icra etməkdən açıq-aşkar imtina etdi. Orduya çağırışçı gənclər vermədilər. Buna nə rəsmi Bakı, nə də rəsmi Moskva reaksiya göstərmədi.

22 fevral 1988-ci ildə hadisələr məcrasından çıxdı - açıq qarşıdurmaya çevrildi. Hadisələr sürətlə fəlakətə, soyqrımına aparırdı. O hadisələrin canlı şahidi, gənclərin dəfn mərasiminin iştirakçısı olaraq  Xocalı soyqrımına aparan əsas səbəbləri belə sıralaya bilərəm:

  1. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətdəki yoxluğundan istifadə edən SSRİ rəhbərliyi, eləcə də Azərbaycanın başbilən, sözə baxan, xalqına sahib durmayan xalq düşmənləri;
  2. Dağlıq və Aran Qarabağda dinc azərbaycanlıların əl-qolunu bağlayan, adi ov silahlarından məhrum edən, evinin qapısından çıxmağa qadağa qoyan “komendant saatı”nın tətbiq edilməsi;
  3. Nizami ordunun yoxluğu.

Həmin gün səhər saat 9-10 radələrində Ağdam şəhərindəki iş otağımda çalışarkən, hərbi komissarlıq üzrə növbətçi zabit şəhərdə baş verən hadisələri məruzə etmək üçün otağa gəldi, fikirlərini ifadə edə bilməyib məndən çölə çıxmağı xahiş etdi.

Ağdam şəhərinin həm giriş, həm də çıxış yollarından ancaq Xankəndiyə hərəkət var idi, hər cür nəqliyyat vasitəsi, insanlar Ağdamdan, Ağcabədididən, Yevlaxdan, Mingəçevirdən, Tərtərdən, Gəncədən yürüşə qoşulmuşdular. Xalq özgücünə məsələni həll etmək niyyətində idi.

Əsgəranda adlı-sanlı pambıqçı, qabaqcıl kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova izdihamın qarşısına çıxaraq, qan tökülməsin deyə, baş örpəyini yerə atdı. Bu hal o günə yaradı, tarixə yaramadı. Ermənilərin lüğətində yaylığın müqəddəslik, namus əlaməti yoxdur.

Zaman erməni faşistlərinin xeyrinə, Xocalı faciəsinə sürətlə irəliləyirdi. Xocalı təkləndi, Xocalı arxasız qalaraq namərdlərə yenildi, 613 nəfər qətlə yetirildi. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe və sair kimi soyqırımı ilə bir sırada dayanır.

Şükürlər olsun ki, siyasət dünyasının üzük qaşı, "dəmir yumruq"lu Ali Baş Komandanımızın düşünülmüş strategiyaya əsaslanan uzagörən siyasəti nəticəsində indi Xocalıda üçrəngli Zəfər bayrağımız dalğalanır. Bu bayraq qəddimizi dikəltməyə, rahat nəfəs almağa, özümüzə qayıtmağa imkan yaratdı. Xocalı qurbanlarının qisası döyüş meydanında alındı. Azərbaycan xalqı adını qalib xalq olaraq tarixə yazdırdı. İndi Xocalı yenidən qurulan Vətən torpaqlarından biri kimi öz sakinlərini gözləyir.

Fərrux NAĞIZADƏ

İstefada olan polkovnik,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Nəşr edilib : 26.02.2024 17:45