AZ EN RU

Xocalım dünən, Xocalım bu gün

  Və ya badam çiçəkləri açılır daha...

 Daim soyqırımlarla, işğalçılıq meyilləri ilə yaşayan Ermənistan tarixin müxtəlif dövrlərində olduğu kimi, XX əsrin sonlarında da Azərbaycan xalqının başına Xocalı soyqırımını gətirdi. Məkrli düşmən əliyalın, dinc əhaliyə qarşı bir gecənin içində amansızlıqla dəhşətli cinayət törətdi. Dünya isə bu ədalətsizliyə göz yumdu heç nə olmayıbmış kimi…
    …1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğalçı erməni silahlı qüvvələri və keçmiş Sovet imperiyasının 366-cı motoatıcı alayı bütün beynəlxalq hüquq normalarını pozaraq, ağır hərbi texnikadan istifadə edərək soyuq bir qış gecəsində misligörünməmiş qəddarlıqla Xocalı faciəsini tariximizə yazdı.
    Uşaqlıqda dinlədiyimiz qorxulu nağıllar var idi, səsləndikcə oradakı obrazları daha da böyüdürdük gözümüzdə. Haradan bilə bilərdik ki, bu qorxulu nağıllardakı xortdanlar bir gün bədnam qonşularımızın timsalında bizə qarşı bir daha amansızlaşacaq?!
    Ötən il sonsuz bir ümid ilə, arzu ilə Xocalı soyqırımı haqqındakı məqaləmdə böyük bir nisgilin, faciənin ağrı-acısını özündə əks etdirən bir simvoldan, “Vaxtsız solan badam çiçəkləri”ndən yazmışdım. Bəli, fevralın sonu çiçəkləyən badam ağacı öz çiçəkləri ilə yazın gəlişini xəbər verir. O gün də badam ağacları çiçəkləmişdi və insanlara, təbiətə baharın gəlişini müjdələmək istəyirdi. Amma olmadı, fevralın 25-dən 26-na keçən gecə baş vermiş o müdhiş faciədə öz çiçəklərini tökdü. O gecə yüzlərlə soydaşımız yazın gəlişinə şahid ola bilmədiklərinə görə çiçəklər də öz ləçəyindən qoparaq yaşananlara öz “etirazlarını” bildirdilər. Beləliklə, ləçəyi qopmuş badam çiçəkləri Xocalı faciəsinin şahidinə, həm də simvoluna çevrildi. O qarlı gecə amansızlıqla qətlə yetirilən xocalılartək çiçəklərin ləçəkləri də qar dənəcikləri kimi yerə səpildi. Sanki xocalılarla birgə eyni taleyi bölüşdülər. Axı badam çiçəyindən bir ləçək qopsa, bar verməz. Xocalıda qəddar erməni silahlı birləşmələrinin məsum insanları işgəncəyə məruz qoyaraq soyqırımı törətdikləri o gecədə günahsız insanların da arzuları çin olmadan ürəklərində qaldı. Əslində, mənfur düşmən zaman-zaman bu cür vəhşilikləri törətməklə xalqımızı tarixi dədə-baba torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdi. Bu istəyin arxasında isə arzusunda olduqları bir plan, “böyük Ermənistan” yaratmaq xülyası dayanırdı. Lakin  hiyləgər düşmən məqsədinə çata bilmədi.
    Artıq biz Xocalı qurbanlarının xatirəsini bu gün alınmış qisasımızla yad edirik. O günün yaraları çox dərindir; ancaq o soydaşlarımızın ruhlarını bu gün müqəddəs  Xocalıda oxşamağı borc bilirik özümüzə – ən müqəddəs borc…  Dünya ədalətə lal qalsa da, biz öz haqqımıza biganə qalmadıq, qala bilməzdik. Xocalı rayonu 19 sentyabr 2023-cü ildə rəşadətli Ordumuzun apardığı lokal xarakterli antiterror əməliyyatları nəticəsində düşmən tapdağından tamamilə azad olunaraq 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının  nəzarətinə keçdi.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 
    Yerli televiziya kanallarına müsahibəsində ölkə başçısı cənab İlham Əliyev bildirib: “Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi”.
    Xocalıda baş vermiş soyqırımından 32 il ötür. Vətən müharibəsindəki, antiterror əməliyyatlarındakı qalibiyyətimiz, xalq və ordu birliyimiz, qətiyyətimiz, Qalib Sərkərdə ətrafındakı sıx həmrəyliyimiz onu göstərdi ki, xalqımız bir daha bu ağır günləri yaşamayacaq. Artıq badam çiçəkləri də ləçəklərindən vaxtsız ayrılmayacaq, hər baharın gəlişini bizə qaranquştək müjdə verəcək.
    Yəqin ki, tumurcuqlamaqdadır badam çiçəkləri…

Aidə İBRAHİMOVA

Nəşr edilib : 26.02.2024 11:00