AZ EN RU

Xocalıda Azərbaycan Bayrağı dalğalanır

Azərbaycanın keçdiyi yol heç də hamar olmayıb. Xüsusən də ötən əsrin ilk illərindən başlayaraq erməni daşnaklarının qədim torpaqlarımıza qarşı qaldırdığı əsassız, saxta torpaq iddiaları, sözün əsl mənasında, xalqımızı zamanın sınağına çəkib, dövlətimizi ağır şərtlər qarşısında qalmağa, böyük tarixi qərarlar verməyə vadar edib. 

Xocalı faciəsi – əsrin cinayəti, 
tarixin qaranlıq üzü…

    Erməni separatçılarının Qarabağ isteriyasının tarixi, belə demək mümkündürsə, düşmən xalqın dövlətçilik tarixi formalaşdığı bir vaxtdan başlayıb və bu günə qədər də davam edir. Təsadüfi deyil ki, erməni şovinistlərinin XX əsrdə xalqımıza qarşı törətdiyi ən qanlı-qadalı hadisələr də məhz Qarabağda baş verib. XX əsrin ən böyük bəşər cinayətinin baş verməsinə, Xocalı faciəsinin törədilməsinə gətirib çıxarıb. 
    Azərbaycan xalqının həyatında və milli şüurunda özünə böyük yer tutan Xocalı faciəsi haqqında Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”. 
    Xocalı faciəsi! İnsanlara, insanlığa qarşı törədilmiş vəhşətin, dəhşətin qaranlıq üzüdür. Xocalı faciəsi! Bəşər tarixində görülməmiş, analoqu olmayan soyqırımı aktının qara yazısı, insan hüquq və azadlıqlarını dilindən düşürməyən beynəlxalq təşkilatların ədalətsizliyi, xalqımızın qanayan yarası, qan yaddaşıdır. Və təsadüfi deyildir ki, Xocalı faciəsini bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımı aktı kimi qiymətləndirən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevral ayının 24-də “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul etdi... 

Bu cinayət azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır!

    Xocalı faciəsini törədən Ermənistan hakim dairələrinin siyasəti bu faciədən çox-çox əvvəlki qırğınların siyasəti, forması, metodu ilə eynilik təşkil edirdi. Tarixi səhifələyib baxanda da görürük ki, erməni daşnaklarının istər 1905-1906-cı illərdə, 1918-ci ildə, istərsə də 1980-ci ildən ta ki şanlı Vətən müharibəsinə qədər olan dövrdə baş verən faciələrdə böyük qəddarlığının və vicdansızlığının izləri vardır. Reallıqlar da bunu təsdiq edir. Tarix isə olanları belə qeyd edib: 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misligörünməmiş qəddarlıqla divan tutmuşdur. Mənfur düşmən bununla da kifayətlənməmiş, faciə günü Xocalı şəhərini tərk edən əhalini pusquya salmış, Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında onları güllə yağmuruna tutmuşdur. Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Bir sözlə Xocalı şəhəri yerləyeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bununla yanaşı, işğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerləyeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, məhv edilib...

Erməni zindanında 8 gün 
və ya dəhşətin əlli çaları

    Xocalıda əsir götürülmüş 1275 nəfər dinc sakindən biri də Dürdanə xanım Ağayeva olub. Hazırda paytaxt Bakı şəhərində yaşayır. Xocalıda olduğu müddət ərzində bir neçə il, daha dəqiq desək, Xocalı şəhəri işğal olunana qədər rabitəçi vəzifəsində çalışıb. Həmin dəhşətli gecədə erməni zülmündən öz “nəsibini” almış Dürdanə xanım düşmən separatçılarının azərbaycanlılara qarşı, xüsusən də Xocalıdan olan soydaşlarımıza qarşı törətdiyi cinayəti “Erməni zindanında 8 gün” kitabında böyük ürək yanğısı ilə qələmə alıb. Kitabda daha çox müəllifin yaşadığı ağrı-acılar öz əksini tapıb. Həmin günləri böyük əzab-əziyyətlə qələmə alan Dürdanə Ağayeva kitabında yazır: “…güllə ayağıma dəyib yaralamışdı. Huşumu itirdim. Özümə gələndə ağappaq qarın qandan qırmızı rəngə boyandığını gördüm. Hər yerdə ölülər var idi. O vaxta qədər ermənilərin əlinə düşmək, yaxud ölmək ağlıma gəlməmişdi…Yerdə sürünərək irəlilədim. Sağ tərəfimdə qucağında uşaq tutmuş bir qadın var idi. Birdən yenə atəş səsləri gəldi, o anda ayağa qalxan qadın düz üzündən vuruldu. Başının yarısı dağılmışdı. Balaca uşaq “Ana”, – deyə qışqırmağa başladı, ermənilər uşağı da güllələdi. Ana-balanın qanı bir-birinə qarışdı… Mən sürünə-sürünə irəliləməyə davam etdim. Arxa tərəfimdə bir ər-arvad gəlirdi. Qadın 6-7 aylıq hamilə idi, buna görə də sürətlə hərəkət edə bilmirdi. Sonra ermənilər o hamilə qadını da öldürdü. Əri hamilə arvadının vurulduğunu görəndə dəli kimi gülməyə başladı, sonra da hönkür-hönkür ağladı. Mən yerimdən tərpənmirdim. Təxminən, 10-15 dəqiqə sonra sürünməyə başladım və qardaşımı gördüm. Niyə dayandığını soruşanda yaralı olduğu üçün yeriyə bilmədiyini dedi. Ayaqları da donmuşdu. Onu görəndə öz yaramı unutdum. Arxadan səs gəldi, kimsə Azərbaycan dilində “Dayanın”, – dedi. Orada yaşayan ermənilər Azərbaycan dilini yaxşı bilirdilər. Silahlı, üzləri maskalı dörd erməni gəlmişdi”.

Qisası qiyamətə buraxmamaq amalı – 
müqəddəs məqsəd

    “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” söyləyən ölkə başçısı cənab İlham Əliyev Qarabağın azadlığı məsələsinə daim böyük həssaslıqla, ciddi münasibətlə yanaşıb. Ölkəmizə rəhbərliyi dövründə Ali Baş Komandan beynəlxalq tədbirlərdə, ali kürsülərdə “Xocalıya ədalət!” şüarını səsləndirib, düşmən ölkəni sülh və əmin-amanlıqla torpaqlarımızı birdəfəlik tərk etməyə, dövlət müstəqilliyimizi tanımağa çağırıb. Lakin Ermənistan siyasi elitası və onun havadarları öz ambisiyaları və maraqları ucbatından dövlətimizin bu çağırışlarına cavab verməyib. Bu da bəs etmirmiş kimi Qarabağla yanaşı, digər tarixi torpaqlarımıza qarşı ərazi iddialarına da başlayıb…
    2020-ci il sentyabr ayının 27-də ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi, əslində, xalqımızın illərlə qəlbinə yığılmış, qalaqlanmış, düşmənə olan nifrətin, intiqam hissinin nəticəsi idi. Şanlı Vətən müharibəsinin başladığı tarixdən etibarən rəşadətli Azərbaycan Ordusu böyük məharətlə, hərbi səriştə və bacarıqla qısa müddət ərzində Qarabağda Dövlət Bayrağımızı ucaltmağa müvəffəq oldu. Düşmən işğalından azad edilən şəhərlərin, kəndlərin sevindirici xəbərini aldıqda hər bir azərbaycanlının qəlbi Xocalı və Şuşa şəhərlərinin azadlıq xəbərinin sorağına kökləndi. Bütün Xocalı sakinləri kimi Azərbaycan xalqı əmin idi ki, Ali Baş Komandanımızın rəhbərliyi, müzəffər Ordumuzun şücaəti ilə Xocalı şəhəri və Xankəndi düşmən işğalından azad olunacaq. Çünki Xocalı və Xankəndinin azadlığı digər torpaqlarımızla müqayisədə daha böyük mənəvi səciyyə və əhəmiyyət daşıyırdı. Təbiidir. Çünki bu illər ərzində Xocalı şəhəri xalqımız üçün sanki bir şəhər olmaqdan, yalnız torpaq məsələsi olmaqdan çıxmış, milli təəssübkeşlik və qeyrət rəmzinə çevrilmişdi. Bəlkə, elə bu səbəbdəndir ki, Ali Baş Komandan üçrəngli bayrağımızı Xocalıda dalğalandırarkən daha çox sevinmiş, şanlı Azərbaycan Bayrağının bu yerdə, qədim Azərbaycan torpağında dalğalanmasını böyük addım bilmişdi. Bəlkə, elə buna görə idi ki, cənab Prezident öz səsvermə hüququnu Xankəndidə həyata keçirmişdi…

Azərbaycan Ordusundan Steapan Şaumyana anım günü “hədiyyəsi” və ya 
erməni tabutuna vurulan son mismar…

    Vətən müharibəsinin məntiqi davamı kimi tarixdə yer tutan 2023-cü il 19-20 sentyabr tarixlərdə baş verən antiterror əməliyyatları ölkəmizə və xalqımıza böyük nüfuz qazandırıb. O gün, yəni 20 sentyabr Azərbaycan xalqının düşməni, mart soyqırımlarının “müəllifi” Stepan Şaumyanın öz havadarlarının əmri ilə edam edilib cəhənnəmə vasil edildiyi gündür. İşğalçı Ermənistanın Stepan Şaumyanın şərəfinə adlandırdığı “Stepanakert” şəhərinin, yəni qədim Xankəndi şəhərinin məhz bu tarixdə düşmənlərdən təmizlənməsi, ordumuzun 24 saatlıq lokal antiterror əməliyyatları ilə Qarabağ üzərindəki nəzarəti tam öz öhdəsinə götürməsi, görəsən, həqiqətən də, İlahinin təqdiri deyilmi? Səbəb nə olursa-olsun, bu, Şaumyanın edam edildiyi gündə onun “şərəfinə” “Stepanakert” adlandırılan Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi, əlbəttə ki, rəşadətli Azərbaycan Ordusunun hədiyyəsidir, Stepan Şaumyana unutmayacağı anım günü “hədiyyəsi”…
    Dövlətçilik “tarixində” daim Azərbaycandan tutarlı cavablar almağa, məhv edilib məğlub olmağa öyrənmiş Ermənistan daha bir ağır nəticəni 7 fevral tarixdə keçirilən növbədənkənar prezident seçkilərində, daha dəqiq desək, qalib xalqın qalib liderinin andiçmə mərasimində aldı. Cənab İlham Əliyevin söylədiyi “...orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi...” fikirləri Azərbaycan xalqının, ordusunun növbəti uğuru, erməni separatçılarının isə xalqımızdan aldığı ən böyük zərbə idi…

Qan yaddaşlı illərdən şan yaddaşlı günlərə…

    Bütün bu uğurların, müvəffəqiyyətlərin, Vətənimizin əldə etdiyi siyasi nailiyyətlərin tərənnümünü sözlə ifadə etmək, bütün bunları bir yazıyla, hətta bir neçə yazıyla ifadə etmək çox çətindir. Ancaq bu gün xalqımızın milli şüurunda həmişəlik qalacaq tək reallıq var ki, o da “Bizim sözümüz imzamız qədər keçərlidir” söyləyən qalib rəhbərin fikirləridir. Bu fikirlər həm də cənab İlham Əliyevin qurub-yaratdığı müasir Azərbaycan modelinin tərənnümü, Qarabağda bərpa etdiyimiz ədalətin şüarı, Xocalıda tökülən qanların, şəhid edilən, əsir düşən soydaşlarımızın ərşə ucalan haqq səsi, haqq sözüdür. Bu, düşmən üzərində qələbə qazanan xalqımızın qan yaddaşlı illərdən, şan yaddaşlı günlərə gəlib çıxdığı o məşəqqətli yolların son dayanacağı, qədim torpağımız olan Qarabağla birgə başladığımız yeni dövlətçilik tariximizin ilk addımlarıdır…      

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 26.02.2024 00:05