AZ EN RU

Xocalı: unudulmaz soyqırım, qazanılan Zəfər tarixi

Ordubadın Parağa kəndində yaşayan Müxəstə xanımla həmöhbətik. Kəndin ən yaşlı sakinlərindən olan Müxəstə xanım deportasiya və soyqırım tarixinin şahidi olub. Doğulduğu Dərələyəz mahalının Gömür kəndində 1988-ci ildə mənfur ermənilərin təzyiqi ilə üzləşən Müxəstə xanımın ailəsinin köçü Füzulinin Malıbəyli kəndindən və Şuşa şəhərindən keçib. Son sığındıqları yurd yeri Xocalı olub. Azğın düşmənin soyqırımı ilə üz-üzə qalan ailə ordan da didərgin düşüb. Danışmaqda çətinlik çəkir. Yurd itkisi, üstəgəl Xocalı dəhşətini yaşamış Müxəstə xanımın  aldığı mənəvi zərbəni təsəvvür etmək çətin deyil. Xocalı soyqırımının şahidi olan Müxəstə xanımın ailəsi kimi, neçə-neçə ailələr didərgin taleyi yaşadı. Kimisinin uşaqlığı, kimisinin gəncliyi belə qarışıq bir dönəmdə hədər oldu. Kimisinin arzuları qışın sazağında, qarlı dağlarda donub qaldı...

Xocalı faciəsindən bizi 32 illik zaman ayırır. Üzərindən hələ neçə-neçə illər keçəcək. Lakin nə biz, nə bizdən sonra gələn nəsillər insanlıq əleyhinə törədilmiş bu faciəni unutmayacaq. Oxuyacaq, xatırlayacaq və yazacağıq ki, 1992-ci ilin  fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Bunlar hamısı tarixi faktlardır.

Bu faciə xocalılılara böyük zərbə vurdu. Nəinki Xocalı sakinlərinin, hər bir azərbaycanlının yaddaşına yazıldı bu faciə. Məhz Xocalının intiqamını almaq, Azərbaycanın bu ərazisini düşmən tapdağından xilas etmək üçün hərb peşəsini seçən oğullar oldu. Xocalının qisasını almaq üçün neçə gənc yolunu hərbi məktəblərdən saldı. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən start verilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası bu soyqırım barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılmasına, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına xidmət etdi.

İl 2022. XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən yürüşdə faciə qurbanlarının xatirəsi ehtiramla yad edilir. Artıq düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.

2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər  Azərbaycan Ordusu 44 gündə parlaq qələbəyə imza atdı. Əzəli ata-baba torpaqlarımızı düşmənin murdar ayağından təmizlədi. Xalqın 30 illik həsrətinə, nisgilinə son qoydu. Sevinc bəxş etdi, ümidlərini doğrultdu. Ərazi bütövlüyümüz təmin olundu. Arzularımız reallaşıb: Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır. Haqq-ədalət gec də olsa, öz yerini tapdı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bundan böyük qürur, iftixar hissi olardımı?!

İl 2024. Fevral ayının 25-i Naxçıvan televiziyasının və “Şərq qapısı” qəzetinin əməkdaşları Xocalı şəhərində oldular, aparılan bərpa-quruculuq işlərinə şahidlik etdilər. 32 il əvvəlin Xocalısı ilə bugünkü Xocalı arasında fərq budur: düşmənin bərbad etdiyi Xocalını doğmaları abad edir. İllərdir ki, yaddaşlarda Xocalı deyəndə yanaşı işlətdiyimiz faciə sözünə paralel olaraq Zəfər kəlməsi də əlavə olunub. Xocalının yaraları sarınır. Xocalılılar öz doğma yurdlarına geri dönəcək. Üçrəngli bayrağımızın dalğalandığı Xocalıda axıdılan qanların yerində torpaq gül-çiçək bitirəcək. İllər ötəcək, Xocalıda həyat çağlayacaq. Lakin Xocalı faciəsi heç bir zaman unudulmayacaq.Hər il faciə qurbanları yad ediləcək, Xocalını və digər işğal altında olan torpaqları azad edərək öz canlarından keçən Vətən oğullarını ehtiramla anacaq, gənc nəsillərə örnək göstərəcəyik. Belə faciələr bir daha yaşanmasın, Vətən torpaqları göz bəbəyi kimi qorunsun deyə!

                                                                                      Ruhiyyə Rəsulova

                                                                  Naxçıvan televiziyasının baş

redaktoru

Nəşr edilib : 26.02.2024 16:00