AZ EN RU

Xocalı - unudulmayan tarix

Xocalı- yəni insanın və insanlığın faciəsi! Xocalı- yəni yaşamağın ölümdən daha qorxulu olması! Xocalı-quduzlaşmış çaqqal sürüsünün tank belində kəndlərə, şəhərə hücum çəkməsi! Xocalı-yəni çarəsizlik, Xocalı -yəni qan və gözyaşı!

Doğurdan da heyrətə gəlməmək mümkün deyil, hətta dəli olmamaq çətindir. 1992-ci il 25 fevraldan 26-sına keçən həmin gecəni düşünmək və bir anlıq özünü və doğmalarını həmin yerdə görmək insanı dəhşətə gətirir, elə deyilmi?!  Güclü qar yağır, hava şaxtalıdır, gecənin bir yarısı top, tank və mərmi səsinə yuxudan ayılırsan, qoca yaşlı atan və yaşlı anan, həyat yoldaşın, uşaqların var, ya da elə uşaqsan, heç nəyi anlamayan günahsız, məsum körpəsən , ya da həmin yaşlı qocasan. Hər tərəfdən insan cildində şeytanlar silah və süngülərlə hücuma keçiblər, onlar üçün heç bir insani prinsip yoxdur.  Onlar səni hər cür işgəncə ilə öldürə bilərlər, övladlarını, yaşlı atanı və ananı, qardaşını və bacını gözünün önündə yandıra, tikə-tikə doğraya bilərlər. Bu şeytanlara qarşı yalın əllə  savaşa hazır olan, sənin hisslərini eynilə xəyalından keçirən həyat yoldaşın tez evi tərk etmək lazım olduğunu bildirir, uşaqları tələsik yuxudan oyadıb yalınayaq və nazik bir geyimlə gecənin bir yarısı dəhşət içində meşəyə üz tutursan. Getdikcə dəhşətli səslər eşidirsən. Düşmən səni izləyir, sənə və yaxınlarına atəş açır. Sonra gözlənilmədən qarşıdan çıxır, səni və yaxınlarını əsir götürür. Bundan sonrasını təsəvvür etmək belə dəhşətdir...

Milli Qəhrəman Çingiz Mustafayevin bir neçə dəqiqədə qeydə aldığı yüzlərlə cəsəddən biri də salamat deyildi; başı, qulağı, burnu kəsilən, dərisi soyulan, qadın, qoca, uşaqlar, qarnı yarılan və bətnindən körpəsi çıxarılıb öldürülən hamilə qadınlar, soyuqdan donaraq buz heykələ dönən körpələr... Saydıqca bitməyəsi dəhşət dolu mənzərə.

Bunları yazmaq, düşünmək, eşitmək nə qədər ağırdır, bəs yaşamaq necə?! Amma bu faciədən daha ağırı onu unutmaq və yaddan çıxarmaqdır. Bundan daha dəhşətli olanı bu soyqırımı törədən vəhşilərə arxa-dayaq çıxıb daha sonra “insan hüquqlarından”, “sülhməramlı addımlardan” danışmaqdır.

Həmin gecə, rəsmi rəqəmlərə görə,  613 nəfər vəhşicəsinə qətlə yetirildi: uşaqlar 63 nəfər; qadınlar 106 nəfər; qocalar 70 nəfər idi, 8 ailə tamamilə məhv edilmişdi o gecə,  25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdi,  487 nəfər yaralanmışdı. Yaralananlardan 76 nəfəri uşaq idi. 1275 nəfər əsir götürülmüşdü. 150 nəfər itkin düşmüşdü.

Bütün bunları, o gecə olanları Azərbaycan xalqı unutmadı, unuda bilməzdi. Çünki o elə bir yara idi ki,  onu yalnız bir dərman sağalda bilərdi – “İNTİQAM”. Xalqımız intiqamını aldı, 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən,10 noyabr 2020-ci ildə düşmənin kapitulyasiya aktına imza atması ilə yekunlaşan II Qarabağ savaşıyla həm torpaqlarımızı işğaldan azad etdik, həm də  başımıza gətirilən faciələrin intiqamını aldıq. Düşməni rüsvaycasına məğlubiyyətə uğratdıq. Çünki düşmənin qarşısında Azərbaycan oğullarının “Qəzəb ordusu” var idi. Dünyasını dəyişən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Xocalıda dünyasını dəyişənlər də  şəhiddirlər və şübhəsiz ki, bu intiqam Allah tərəfindən də alınacaq!

Zeynəb Xəlilova

NDU Jurnalistika ixtisasının II kurs tələbəsi

Nəşr edilib : 26.02.2022 15:46