AZ EN RU

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

    Muxtar respublikamızın paytaxtında və rayonlarında Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib. 
    Naxçıvan Şəhər İcra Hakimiyyətində təşkil olunan tədbirdə əvvəlcə Vətən uğrunda şəhid olanların və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər  İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov bildirib ki, erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış siyasətinin növbəti qanlı səhifəsi olan Xocalı soyqırımına  Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Rəşadətli Azərbaycan Ordusu ermənilərin bu əməllərini cavabsız qoymadı. 44 günlük şanlı Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Vətən müharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlmiş soydaşlarımızın, Xocalı soyqırımı qurbanlarının qisası alınmış oldu.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları – Aidə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi,  şair Asim Yadigar çıxışlarında bildiriblər ki, dövlətimiz, xalqımız Xocalı dəhşətlərini heç vaxt unutmur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası soyqırımı faktının xaricdə tanınması prosesinə böyük töhfə verməkdədir. Ermənilərin törətdikləri soyqırımların günahkarları gün gələcək beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar.
***
    Şərur şəhərindəki Mədəniyyət Sarayının foyesində keçirilən ümumrayon tədbirində Xocalı faciəsini əks etdirən simvolik pannonun önünə tər qərənfillər düzülüb.
    Dinc sakinlərin yaşadığı Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerləyeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri özlərini əsl qəhrəman kimi aparıb, son nəfəslərinədək düşmən qarşısında əyilməyiblər. Bu gün qürur hissi keçiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dərin və uğurlu siyasəti sayəsində haqq, ədalət bərpa edildi. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ savaşında işğaldan azad olundu.
***
    Fevralın 26-da Babək Rayon İcra Hakimiyyəti aparatının, eləcə də ictimaiyyət nümayəndələri Xocalı soyqırımı hadisələrini əks etdirən guşənin önünə tər qərənfillər düzüb, faciədən bəhs edən filmə baxıblar.  
    Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə bəşər tarixində ən dəhşətli faciənin dünyada soyqırımı aktı kimi tanınması məqsədilə bir sıra tədbirlər həyata keçirilib, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırıb. 
    Bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, həm də qürur hissi keçirir ki, bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Nə qədər ki Azərbaycanın Müzəffər Lideri, regionun ən güclüsü, qalib Azərbaycan Ordusu var bir daha Xocalı faciəsi kimi qanlı hadisələr yaşanmayacaq. 
***
    Fevralın 26-da Ordubad  Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların kollektivləri Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər. Əvvəlcə Ordubad Rayon Mədəniyyət Sarayının foyesində quraşdırılmış Xocalı faciəsi qurbanlarının xatirəsinə çəkilmiş pannonun önünə tər qərənfillər qoyulub. Sonra Xocalı soyqırımına həsr edilmiş filmə baxış keçirilib. 
    Tarixən Xocalı soyqırımına qədər baş verən qanlı hadisələrin, faciələrin hamısı öncədən düşünülmüş planlar istiqamətində baş verib. O da xüsusi qeyd olunmalıdır ki, dövlətimizə, xalqımıza qarşı bütün soyqırımlarda düşmənin məqsəd və hədəfi eyni idi: Azərbaycan torpaqları hesabına “böyük Ermənistan” dövlətini qurmaq. Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı aktı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. 
    Xocalı soyqırımına məruz qalanlardan biri də Ordubad şəhərində doğulub boya-başa çatmış Mətanət Qəmbərova olmuşdur. Bu gün onun ailəsindən bir nümayəndə  belə qalmayıb. 
    Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün mühüm tədbirlər görüldü. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Ordumuz düşməndən illərdir ki, xalqımıza qarşı törətdiyi  faciələrin, qanlı hadisələrin intiqamını aldı. Ağdaban, Meşəli, Qaradağlı, Başlıbel və Xocalı qisası ilə böyüyən, düşmənə nifrət hissi ilə yaşayan Vətənimizin mərd oğulları minlərlə erməni işğalçısını məhv etdi. 
***
    Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyətinin foyesində keçirilən anım tədbirində idarə, müəssisə və təşkilat rəhbərləri faciə qurbanlarının xatirəsinə hazırlanmış pannonun önünə tər qərənfillər düzmüş, dəhşətli gecədə şəhid olanların əziz xatirəsini dərin ehtiramla yad etmişlər.
   44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Əlləri Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu bu müharibə zamanı məhv edildi. Xocalısız böyüyən, düşmənə nifrət hissi ilə yaşayan Vətənimizin mərd oğulları minlərlə erməni işğalçısından günahsız soydaşlarımızın qisasını aldı. Vətən müharibəsi həqiqətlərin, münaqişənin əsl mahiyyətinin, ən əsası ermənilərin və onlara havadarlıq edənlərin bu günədək yeritdikləri siyasətin məqsəd və məramının beynəlxalq hüququn maraqlarının arxasında əridiyini bir daha açıqladı. 
***
    Fevralın 26-da Kəngərli rayonunda da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları Qıvraq qəsəbəsindəki Mədəniyyət Sarayının foyesində təşkil olunmuş Xocalı faciəsi qurbanlarının xatirəsini əks etdirən pannonun önünə tər çiçəklər düzüblər. 
    1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş dəhşətli faciə, bütövlükdə, bəşəriyyət və insanlıq əleyhinə qarşı törədilən qəddar cinayətdir, Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı terror siyasətinin təzahürüdür. Bu gün Xocalı soyqırımının beynəlxalq aləmdə soyqırımı aktı kimi tanıdılması istiqamətində aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində artıq bütün dünya erməni faşizminin iç üzü ilə yaxından tanış olur. 
    Azğınlaşmış erməni silahlı birləşmələrinə ən layiqli cavabı isə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu verdi.  Xalqımız əmindir ki, aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın haqq səsi tezliklə dünyanın digər ölkələrində də eşidiləcək, ermənilərin mənfur əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcək, Xocalı soyqırımının təşkilatçıları haqlı cəzalarını alacaqlar.
***
    Xalqımızın qan yaddaşına unudulmaz tarix kimi yazılmış Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi ilə əlaqədar Şahbuz rayonunda da anım tədbiri keçirilib. Rayon mərkəzindəki Mədəniyyət Sarayında idarə, müəssisə və təşkilat nümayəndələri Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunan sərginin önünə tər qərənfillər düzüblər. 
    Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq və “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək istəyən ermənilər 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə azərbaycanlılara qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə həyata keçiriblər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı da ötən əsr boyu azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasətinin davamı, erməni qəddarlığının daha bir təzahürüdür. Xocalı soyqırımına ilk qiyməti Ümummilli Liderimiz Heydər Əliyev verib, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə xüsusi bəyanatla Xocalı soyqırımını törədənləri ittiham edib. Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində ardıcıl iş aparılır. 
***
    Xocalı faciəsi bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan dövlətinin Dağlıq Qarabağı özünə birləşdirmək üçün ən ağır cinayət və vəhşiliyə hazır olduğunu bir daha göstərdi.
    Bu gün Azərbaycan dövləti erməni şovinistlərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün məqsədyönlü fəaliyyət göstərir. 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev torpaqlarımızın azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması, Ermənistan hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması istiqamətində ardıcıl iş aparır.
    Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra biz müzəffər bir xalqın övladları olaraq başımızı dik tuturuq. Əcdadlarımızın bizə əmanət etdiyi torpaqları mənfur düşmənin qanlı caynaqlarından alıb Vətənimizə qovuşdurduq. Bu gün bütün şəhidlərimiz kimi 31 il əvvəl amansızlıqla qətlə yetirilən hər bir Xocalı sakininin də ruhu şaddır. 
    Sədərək Rayon Mədəniyyət Sarayında anım mərasimi keçirilib, rayon sakinləri Xocalı qurbanlarının xatirəsini yad ediblər.

Xəbərlər şöbəsi
    

Nəşr edilib : 27.02.2023 21:11