AZ EN RU

Xocalı Soyqırımının 31-ci il dönümü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

Fevralın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda şəhid olanların və Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər  İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, erməni qəsbkarlarının dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəfə almış siyasətinin növbəti qanlı səhifəsi olan Xocalı faciəsi bəşər tarixində misli görünməmiş dəhşətləri ilə yadda qalan soyqırımlarla bir sırada dayanır. Faciə nəticəsində yüzlərlə insan qətlə yetirildi, əlil oldu, minlərlə Xocalı sakini əsir götürüldü, ailələr tamamilə məhv edildi, onlarla insanın taleyi hələ də məlum deyil. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırıma  Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib.
Qeyd edilib ki, rəşadətli Azərbaycan Ordusu ermənilərin bu əməllərini cavabsız qoymadı. 44 günlük şanlı Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə milli Ordumuz mənfur düşməni darmadağın edərək bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. Vətən müharibəsində qazanılan Zəfər nəticəsində torpaqlarımız uğrunda şəhid olanların, Xocalı soyqımı qurbanlarının qisası alınmış oldu. Bu gün qaçıqınlara, məcburi köçkünlərə, hər bir döyüşçüyə, şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar çıxışlarında Xocal soyqırımının mahiyyəti və onun dünyada təbliğindən danışıblar. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən hər il fevral ayının 26-sı ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir. Dövlətimiz, xalqımız Xocalı dəhşətlərini heç vaxt unutmur. Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının bu mənada xüsu rolu vardır. Bu kampaniya soyqırım faktının xaricdə tanınması prosesinə böyük töhfə verməkdədir. Ermənilərin törətdikləri soyqırımların günahkarları beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar.
Çıxış edənlər ərazi bütövlüyümüz uğrunda şəhid olan və Xocalı faciəsi zamanı qətlə yetirilənlərə Allahdan rəhmət, sağlamlığını itirənlərə şəfa diləyiblər.

Güntac ŞAHMƏMMƏDLİ

 

Nəşr edilib : 25.02.2023 14:46