AZ EN RU

Xocalı soyqırımına həsr olunmuş onlayn dərs keçirilib

Fevralın 23-də Xatirə Muzeyindən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin tarix müəllimi Pərviz Quliyev  tərəfindən  Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı  muxtar respublikanın  ümumtəhsil məktəblərinin şagirdləri üçün onlayn dərs keçirilib.
Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, məktəblilərə amansızlığına və qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış Xocalı soyqırımı haqqında məlumat vermək, Vətənə, torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədilə keçirilən dərsdə qeyd olunub ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misli görülməmiş soyqırımı törədiblər. Xocalı şəhəri  366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Döyüşlərdə canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparmışlar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirilmişdir. Soyqırımı nəticəsində 613 sakin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca öldürülmüş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.
     Vurğulanıb ki, əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməmişlər. Bildirilib ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, soyqırımı törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmişdir. 
Ulu öndər Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Qeyd olunub ki, Azərbaycanın müzəffər ordusunun 44 günlük zəfər yürüşü və antiterror əməliyatında   düşmən torpaqlarımızdan qovuldu, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu olan Şuşa, Xocalı  işğaldan azad edildi. Eyni zamanda qələbəyə gedən yolda Xocalının da qisası alındı. Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaqdır.

Nəşr edilib : 23.02.2024 14:22