AZ EN RU

Xocalı soyqırımı - XX əsrin dəhşəti

Keçmişin səhifələrini vərəqləsək  görərik ki,  hər bir xalqın  tarixində unudulmayan, yaddaşlarda əbədi qalan günləri var. Həmin günlərdən  nə qədər zaman keçərsə-keçsin, nəsildən-nəslə ötürülüb. Hər kəs yaşanan tarix kimi onları unutmur, öyrənir, nəticə çıxarır. O da faktdır ki, bir millətin dövlət yaratmasında əsas məsələlərdən biri də  keçdiyi enişli-yoxuşlu yollardır. Azərbaycan xalqının da taleyinə  bu zamana qədər bu cür çətin sınaqlar, amansız imtahanlar düşüb.  Həmin “imtahanlarda”  xalqımız yüzlərlə şəhid verib, qan töküb, savaşıb, öz mərdliyimiz və cəsarətimiz sayəsində dövlətçiliyimizi, müstəqilliyimizi, var olma pasportumuzu əldə etmişik. Bəzən mənfur düşmən əsgərlərimizin gücü qarşısında davam gətirməyəndə xəyanətlə sıravi vətəndaşlarımıza  hücum edib,  evlərini talayıb,  onlara ağlasığmaz  şəkildə işgəncələr verib.  XX əsrin dəhşətləri sırasında yer alan, bəşəriyyətə qarşı törədilən cinayətlərdən sayılan   “Xocalı soyqırımı” haqqında danışmaq istəyirəm. 

Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı  motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Azərbaycanın qədim şəhərində baş  verib.  Şəhər demək olar ki, axşam saatlarından  düşmənin raket atəşinə məruz qalır.  Lakin silahlı hücum  02.00-dan etibarən həyata keçirilir. Bu təcavüz  zamanı şəhərin sakinləri olan azərbaycanlılar, sözün əsl mənasında, ermənilərin amansız hücumuna məruz qaldılar. Ermənilər silahsız insanlara özlərinə yaraşacaq şəkildə qəddarlıqla  davranır, işgəncə verir,  adamların diri-diri dərisini soyur, ailə üzvlərini bir-birinin gözü önündə öldürür, bunlarla kifayətlənməyib öldürdükləri insanların meyidini də təhqir edirdilər. Bütün bunları erməni hərbiçiləri  xüsusi qəddarlıq və amansızlıqla həyata keçirirdi. Bir sözlə, işğalçı  Ermənistanın məqsədi  bütün beynəlxalq hüquq normalarına əks olsa da,  Dağlıq Qarabağı özünə zorla birləşdirmək idi.  Və bu istiqamətdə bütün cinayət və vəhşiliyə hazır olduğunu çox aydın şəkildə bildirirdi. Xocalıda bu vəhşiliyi törətməklə sanki xalqımızın gözünü qorxudur, haqq davasında düşmənə güzəştə getməyə məcbur etmək istəyirdi.

Onu da qeyd edək ki,   Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın,  70-i qoca və qarı olmaqla 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə isə tamamilə yer üzündən silinib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Hətta taleyi bu günə qədər məlum olmayan onlarla həmvətənlərimiz də var.

           Xocalı soyqırımının dünya mətbuatında və televiziyalarda yayımlanmasında, bu vəhşiliyin beynəlxalq aləmə çatdırılmasında  Azərbaycanın Milli Qəhrəmanı, jurnalist  Çingiz Mustafayevin əməyi danılmazıdır. O, Xocalıda törədilən vəhşilikləri lentə alaraq bütün dünyaya yaydı.

Amansız soyqırımın qurbanı olan yüzlərlə insan bu cür  ölümə layiq deyildi.  Bizə qarşı güclərini döyüş meydanında deyil, dünyadan xəbərsiz, beşiyində rahat-rahat yatan körpələrə  göstərən ermənilər bir şeyi unudurdu- onlardan alınacaq müqəddəs və haqlı qisası. Bir zaman güclərini göstərdiyi  körpələr , illər keçdikdən sonra 1992-ci ildə öldürülən vətəndaşlarımızın qısasını almaq üçün  30 illik həsrətə son qoyaraq ermənilərə öz layiq olduqları yeri göstərdilər. 44 günlük Qarabağ müharibəsi bu qisasın nəticəsi idi.

Xocalı soyqırımı insanlığa qarşı törədilmiş  böyük cinayətdir. Artıq bir sıra dünya dövlətləri Xocalı qətliamını soyqırım kimi tanıyır. Ölkəmizdə  Xocalı soyqırımı qurbanlarının ruhunu əbədiləşdirmək üçün Bakının mərkəzi küçələrindən birində abidə ucaldılıb.  Hər il 26 fevral günü bu abidə , o cümlədən Şəhidlər Xiyabanı ziyarət olunur, soyqırımda həyatını itirən şəhidlərin məzarı üzərinə qərənfillər qoyulur. Biz bu tarixi heç vaxt unutmayacağıq. Çünki yaxşı bilirik ki, torpaq uğrunda ölən varsa, Vətəndir!     

                                           Xumar Mikayılova

            NDU  Jurnalistika ixtisası üzrə II kurs tələbəsi

Nəşr edilib : 26.02.2022 15:52