AZ EN RU

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Bəşəriyyət tarixində ən qanlı cinayət ötən əsrin sonlarında Azərbaycanda Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmişdir. Erməni vandalizmini tarix boyu ifşa edən soyqırımı aktı yalnız soydaşlarımıza qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş soyqırımıdır.

Bu bəşəri cinayətə  faciənin baş verməsindən yalnız iki il sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Görkəmli dövlət xadiminin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da  Xocalı soyqırımı faciəsinin 31-ci ildönümündə  - fevral ayının 26-sı saat 1700-da qanlı faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Nəqliyyatın, eləcə də həmin vaxt xətdə olan sərnişin qatarlarının hərəkəti dayandırılıb.

 Xəbərlər şöbəsi

Nəşr edilib : 26.02.2023 17:05