AZ EN RU

“Xocalı Soyqırımı – qan yaddaşımız”

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Xocalı Soyqırımı – qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Anım tədbiri Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açaraq bildirib  ki, bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Ermənistanın işğalçılıq siyasətinə son qoydu, xalqımıza qarşı düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. Xocalı sakinləri artıq öz yurd-yuvalarına qayıdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov və Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Rahibə İsmayılova çıxış zamanı vurğulayıblar ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən dağıdılaraq yerlə-yeksan edilib. Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı rus alayının köməyi ilə törədilən soyqırımı zamanı 613 nəfər vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. Xocalı soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Xocalı soyqırımının dünyaya tanıdılması, həqiqətlərin üzə çıxarılması və soyqırıma obyektiv qiymət verilməsinə nail olmaq Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Ümümmilli lider Heydər Əliyev tərəfindən başladılan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun tələbələri tərəfindən Xocalı faciəsinə həsr edilmiş şeirlər  bədii qiraət edilib.

Tədbir “26 Fevral - Xocalı Soyqırımı” başlıqlı sərgiyə baxışla yekunlaşıb.

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.02.2024 20:16